Məhkəmə qərarları › İş №3(003)-9/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-9/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-9/2025 10.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 592-1-ci maddəlləri ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunması haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 592-1-ci maddəlləri ilə 02 dekabr 2024-cü il tarixli, 00800-01102/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə J212 saylı Dubai-Bakı avia marşurtu üzrə hərəkət edən Azərbaycan Respublikası vətəndaşı, Şəxs (pasport: AZE C********) 1 ədəd qadın əl çantası və 1 ədəd əl yükü ilə "yaşıl kanal" dan keçmək istəyərkən onun hərəkətləri şübhə doğurduğundan saxlanılaraq gömrük yoxlamasından keçirilməsi üçün "qırmızı kanala" yönləndirilmiş və sonuncuya məxsus yüklərə yoxlama keçirilmişdir. Yoxlama zamanı Şəxs məxsus qara rəngli üzərində "Daniele Patrici" yazılmış əl çanrasından DJİ markalı üzərində "AVATA 2" yazılmış 1 ədəd 4 pərli dron, 3 ədəd DJİ markalı pərləri içəri qatlanmış formalı DRON və DJİ markalı 2 ədəd Dronların idarəetmə pultu, daha sonra ona məxsus qara rəngli üzərində "The tote bag marc jacobs" yazılmış çiyin çantasından əlavə olaraq DJİ markalı üzərində "AVATA 2" yazılmış 1 ədəd 4 pərli dron, DJİ markalı pərləri içəri qatlanmış formalı 2 ədəd DRON, DJİ markalı 2 ədəd Dronların idarəetmə pultu, DJİ markalı üzərində "MAVİC 3 enterprise" yazılmış 1 ədəd dron və 2 ədəd "İphone 15" markalı mobil telefonlar aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 592-1-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 30 iyun 2024-cü il tarixdə rəfiqəsi Xəyalə Qulamova ilə 2 günlük Dubay şəhərinə gəzməyə getmişlər. Dubay şəhərində olarkən ailə üzvləri üçün 4 ədəd biri 600 ABS dollarına "İphone 15" markalı mobil telefon alan zaman, satıcı ilə söhbət zamanı onun azərbaycanlı olduğunu və Bakı şəhərinə uçacağını bildirmişdir. Həmin satıcı Bakı şəhərinə 8 ədəd Dron göndərməli olduğunu və bunu aparacağı halda ona hər biri üçün 50 ABŞ dolları ödəyəcəyini bildirmişdir. O, əvvəlcə tərəddüt etmiş, lakin satıcı bildirmişdir ki, dronun aparılmasında heç bir problem yoxdur, Dubay şəhərindən Bakıya dəfələrlə dron alıb aparıblar. Aytəkin Vəliyeva da malların miqdarının az olduğuna və əlavə olaraq 400 ABŞ dolları qazanacağına görə razılıq vermişdir. Satıcı onun nömrəsini götürmüş və bildirmişdir ki, Bakı şəhərində ona zəng olunacaq və mallar çatandan sonra 400 dollar ödənəcək. Bakıya uçuşları 1 iyul tarixinə saat 13:10-da olmuşdur, oteldə olarkən yükləri çox olduğu üçün rəfiqəsi Xəyalə Qulamovadan yüklərinin bir hissəsini onun çantasına qoymasını xahiş etmiş, lakin həmin malların nədən ibarət olduğunu Xəyalə Qulamovaya bildirməmişdir. Belə ki, Xəyalə Qulamovanın malların tərkibi barədə məlumatı olmamışdır. Barəsində tərtib edilmiş protokol əsassızdır. Barəsində tərtib edilmiş protokolun əsassız olduğundan ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X2 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, protokol tam əsaslıdır. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və səlahiyyətli orqanın nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 592-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə J212 saylı Dubai-Bakı avia marşurtu üzrə hərəkət edən Azərbaycan Respublikası vətəndaşı, Şəxs (pasport: AZE C********) 1 ədəd qadın əl çantası və 1 ədəd əl yükü ilə "yaşıl kanal" dan keçmək istəyərkən onun hərəkətləri şüpə doğurduğundan saxlanılaraq gömrük yoxlamasından keçirilməsi üçün "qırmızı kanala" yönləndirilmiş və sonuncuya məxsus yüklərə yoxlama keçirilmişdir. Yoxlama zamanı Şəxs məxsus qara rəngli üzərində "Daniele Patrici" yazılmış əl çanrasından DJİ markalı üzərində "AVATA 2" yazılmış 1 ədəd 4 pərli dron, 3 ədəd DJİ markalı pərləri içəri qatlanmış formalı DRON və DJİ markalı 2 ədəd Dronların idarəetmə pultu, daha sonra ona məxsus qara rəngli üzərində "The tote bag marc jacobs" yazılmış çiyin çantasından əlavə olaraq DJİ markalı üzərində "AVATA 2" yazılmış 1 ədəd 4 pərli dron, DJİ markalı pərləri içəri qatlanmış formalı 2 ədəd DRON, DJİ markalı 2 ədəd Dronların idarəetmə pultu, DJİ markalı üzərində "MAVİC 3 enterprise" yazılmış 1 ədəd dron və 2 ədəd "İphone 15" markalı mobil telefonlar aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 592-1-ci maddəllərində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda-inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsinə əsasən məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə edilməsi və satılması qaydalarının pozulması müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə edilməsi və ya satılmasına görə -məsafədən idarə edilən pilotsuz uçan aparatlar müsadirə edilməklə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli 9/5408 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş tam komplektli Dji markalı dronun və mobil telefonların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 01 iyul 2024-cü il tarixinə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 8590.00 manat müəyyən edilmişdir. Digər təqdim edilmiş drona məxsus aksesuarların qiymətinə dair məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Göründüyü kimi şəxs tərəfindən eyni vaxtda iki inzibati xəta hadisəsi törədilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 592-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək daha ciddi xəta olan İXM-nin 482.1-ci maddəsi ilə inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs eyni vaxtda törətdiyi hər iki inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 592-1-ci maddələri ilə təqsirli bilinməli və ona 482.1-ci maddəsinin sanksiyası çərçivəsində nəzərdə tutulan müsadirə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 592-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan Dji markalı 08 ədəd dron və aksesuarları, 04 ədəd Dji markalı dronların idarəetmə pultu və 02 ədəd Dji markalı dron gözlüyü, İMEİ kodları olan, 04 ədəd “İphone 15” markalı mobil telefon müsadirə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar