Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-93/2022 24.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt Göndərişləri gömrük postundan daxil olmuş 34/020/032018 saylı 17.12.2021-ci il tarixli raporta əsasən "xxxx" MMC poçtda daşımaları şirkətləri tərəfindən elektron qaydada gömrük orqanlarına bəyan edilmiş **********2 saylı aviaqaimələr əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Bakı Karqo Terminalı gömrük postuna daxil olmuş poçt bağlamalarına keçirilən gömrük yoxlanılması zamanı sifariçi kimi adı: Fatimə Rzayeva, Sara Rzayeva, Xatirə Əliyeva, Dursun Mürsəlova, Şəxs kimi göstərilən yüklərə gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı poçt bağlamalarının müşayiət sənədlərində alıcı qismində çıxış edən şəxslərin ad və soyadları fərqli olaraq göstərilsədə, ünvanları eyni olaraq qeyd edilmişdir. Sözügedən yüklərin eyni şəxsə aid olmasına dair əsaslı şübhələr yarandığından yuxarıda qeyd olunan aviaqaimələr ilə gələn yüklər araşdırma asarılması üçün hal şahidlərinin iştirakı ilə keçirilən yoxlamadan sonra protokol əsasında götürülmüşdür. Araşdırma zamanı, poçt bağlamalarının üzərində qeyd olunan mobil nömrə ilə əlaqə saxlanılmış və həmin bağlamaların Azərbaycan Respublikası vətəndaşı Şəxs məxsus olduğu müəyyən edilmişdir. Bununla bağlı Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X1 tərəfindən 06 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə 00800-0004/222 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, noyabr ayının 15-də rəfiqələri və rəfiqələrinin tanışları geyimlər sifariş verirlər və mən bu sifarişləri müəyyən məbləğ qarşılığında onların mənə göndərdiyi linkdəki geyimləri sifariş verirəm. Bu mallara görə bacısı Fatimə Rzayevanın adından 28.6 ABŞ dolları, nənəsi Sara Rzayevanın adından 6.6 ABŞ dolları, xalası Xatirə Əliyevanın adından 7.8 ABŞ dolları, dayısının arvadı Dursun Mürsəlovanın adından 4 ABŞ dolları, öz adından 59.5 ABŞ dolları anası Havər Rzayevaya aid bank kartı ilə ümumi dəyəri 106.5 ABŞ dollarını onlayn ödəniş etmişdir. Taobao, Sheln, trendyol, EF butik, Aliexpressə sifarişləri yerləşdirmişdir. 300 ABŞ dolları limitini keçməmək üçün qohumlarının adına sifariş etmişdir. Bağlamaların üzərində olan ünvanların eyni olmasına səbəb həmin ünvanda yəni ki, qonşuluqda yaşayırlar. Ona görə də ünvanlarında uyğunluq mövcuddur. Ona görə də, barəsində Azərbaycan Respublikasının İXM-nin 503-cü maddəsi ilə başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Şəxsnun izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Oktyabr 2013-cü il tarixli 305 saylı Qərarının 2.1.4-cü bəndinə əsasən beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. Məhkəmədə müəyyən olundu ki, Şəxs noyabr ayının 15-də rəfiqələri, rəfiqələrinin tanışlarına və qohumlarına geyimlər sifariş vermişdir. Həmin mallara görə bacısı Fatimə Rzayevanın adından 28.6 ABŞ dolları, nənəsi Sara Rzayevanın adından 6.6 ABŞ dolları, xalası Xatirə Əliyevanın adından 7.8 ABŞ dolları, dayısının arvadı Dursun Mürsəlovanın adından 4 ABŞ dolları, öz adından 59.5 ABŞ dolları anası Havər Rzayevaya aid bank kartı ilə ümumi dəyəri 106.5 ABŞ dollarını onlayn ödəniş etmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, 15 noyabr 2021-ci il tarixdə Şəxs adına gələn malların dəyəri (106,5 ABŞ dolları məbləğində olan) Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Oktyabr 2013-cü il tarixli 305 saylı Qərarının 2.1.4-cü bəndində göstərilən 300 ABŞ dolları limitini keçmədiyindən, həmçinin, kommersiya fəaliyyəti ilə məşğil olmadığından Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-93/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-93/2022
24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver