Məhkəmə qərarları › İş №3(003)-932/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-932/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-932/2021 16.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 sentyabr 2020-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair R.Məmmədov tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 sentyabr 2020-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 sentyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə edilmişdir. Sözügedən qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Xəzər rayonu Mərdəkan qəsəbəsi dəniz sahilində yerləşən “Fras” restoranını 2018-2019-cu illərdə fərdi sahibkar kimi işlətmiş, 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar yay aylarında həmin restoran demək olar ki, işləməmişdir. 06 avqust 2020-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Mərdəkan qəsəbəsinin dəniz sahilində yerləşən bütün restoranlara gələrək AR İXM-nin 266.2-ci maddəsilə, yəni iaşə obyektində formalaşan çirkab suların daşınması üçün müqavilənin olmamasına görə protokol tərtib etmişlər. “Fras” restoranında olan təmizlik, eləcə də səliqə-sahman restorana gələn hər bir şəxsə məlumdur. Çirkab sular isə səliqəli qaydada tərəflərindən hazırlanmış xüsusi anbara axıdılaraq vaxtaşırı təmizlənir. Çirkab suların axıdılması, eləcə də digər fəaliyyətlərilə əlaqədar ekologiyaya qəti olaraq ziyan gəlmir. Ən əsası çirkab sular digər restoranlarda, hətta bəzi neft kimi dövlət müəssisələri kimi dənizə axıdılmır. Həmin vaxtı o, ekologiyanın əməkdaşlarına həmin müqaviləni bağlamaq üçün ona 1-2 saat vaxt verilməsini xahiş etsə də buna əhəmiyyət verməyərək protokol tərtib edib onu əsassız olaraq cərimə etmişlər. Digər restoranlara protokol yazılmasına baxmayaraq, onlar barəsində cərimə tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməmişdir. Həmçinin, iş üzrə inzibati araşdırma aparılması barədə məktub ona qərar çıxarıldıqdan sonra təqdim edilmişdir. Eyni zamanda sözügedən iaşə obyektində formalaşan çirkab suların daşınması üçün tələb olunan müqavilə aidiyyəti orqanla həmin protokol tərtib edildikdən bir neçə gün sonra imzalanmışdır. Bu da öz növbəsində qərar qəbul edilərkən nəzərə alınmamış, protokol üzrə onun iştirakı olmadan inzibati araşdırma aparılmadan formal olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında iş vəzifəli şəxs tərəfindən araşdırılarkən ona məlumat verilməmiş, inzibati araşdırmada onun iştirakı təmin olunmamışdır. Bu da qərar qəbul edilərkən növbəti pozuntu olmasına dəlalət edir. Nəticə etibarı ilə bildirir ki, bununla bağlı heç bir günahı yoxdur. Buna görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 sentyabr 2020-ci il tarixli MN seriyalı ******* saylı qərarı ilə barəsində AR İXM-nin 266.2-ci maddəsilə 3500 manat məbləğində inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərarı tam qanunsuz və əsassızdır. Buna görə də hesab edir ki, həmin qərar ləğv edilməlidir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 28.12.2020-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 sentyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən şikayət vermə müddəti bərpa edilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 sentyabr 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında işə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15.04.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 28.12.2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə əsasında nümayəndəsi X4 şikayəti əsassız hesab edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış şikayətçi məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə şikayətçi və ya onun nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 sentyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından görünür ki, Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Fras” çimərlik istirahət mərkəzində formalaşan çirkab sularının daşınması üçün müqavilənin olmadığına görə X3 Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 07 avqust 2020-ci il tarixli 20 nömrəli müqavilədən görünür ki, “Fras” istirahət mərkəzi ilə “X9” MMC arasında tullantı sularının zərərsizləşdirilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan “Fras” istirahət mərkəzinin məsul şəxsi X3 və “X9” MMC-nin texnik-operatoru X5 tərəfindən tərtib olunan aktdan görünür ki, 07 avqust 2020-ci il tarixli 20 nömrəli müqaviləyə əsasən “Fras” istirahət mərkəzində 07 avqust 2020-ci ildən 03 sentyabr 2020-ci ilə qədər formalaşan 50 m3 çirkab su daşınaraq cəmiyyətin tabeliyində olan 05 saylı çirkab suların təmizlənməsi qurğusuna təhvil verilərək təmizlənmiş və dənizə axıdılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. İnzibati məsuliyyətin yaranmasının əsasını həmin Məcəllənin xüsusi hissəsindəki inzibati məsuliyyəti və onun tətbiqini müəyyənləşdirən maddi hüquq normaları təşkil edir. Qeyd edilməlidir ki, maddi-hüquq normalarının reallaşdırılması ilə bağlı inzibati prossesual fəaliyyətin tənzimlənməsi də İXM-ə xas olan xarakterik xüsusiyyətlərdən biridir. Bu baxımdan həmin Məcəllənin funksional fəalliyyətinin təmini üçün onun həm maddi, həm də prossesual (formal) normaları arasında sistemli hüquqi vəhdətin, məntiqliyin, aydınlığın mövcud olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 02.12.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən istehsalat tullantıları dedikdə istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr; məişət tullantıları (bərk məişət tullantıları) dedikdə əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar; təhlükəli tullantılar dedikdə isə tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar nəzərdə tutulur. Həmin Qanunun 15-ci maddəsinə əsasən tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətinə hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması, təqsirkar hüquqi və fiziki şəxslərin qanunvericilikdə müəyyən olunan qaydada məsuliyyətə cəlb olunması daxildir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ******* nömrəli, 11 sentyabr 2020-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə olunmuşdur. Əvvəlki məhkəmə iclaslarında izahat verən şikayətçi qeyd etmişdir ki, xüsusi karantin rejimindən sonrakı gün, yəni 06 avqust 2020-ci il tarixdə X3 fəaliyyət göstərməmiş və həmin gün müəyyən işlərin görülməsini planlaşdırdığı halda barəsində protokol yazılmışdır. Daha sonra 07 avqust 2020-ci il tarixdə “Fras” istirahət mərkəzi ilə “X9” MMC arasında tullantı sularının zərərsizləşdirilməsi barədə müqavilə bağlanmış və müqavilə əsasında “Fras” istirahət mərkəzində 07 avqust 2020-ci ildən 03 sentyabr 2020-ci ilə qədər formalaşan 50 m3 çirkab su daşınaraq cəmiyyətin tabeliyində olan 05 saylı çirkab suların təmizlənməsi qurğusuna təhvil verilərək təmizlənmiş və dənizə axıdılmışdır. Məhkəmə qeyd edir ki, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsinin tərkibini yaradır. Göründüyü kimi X1 inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol 06 avqust 2020-ci il tarixdə tərtib olunmuşdur. Sonrakı gün, yəni 07 avqust 2020ci il tarixdə isə “Fras” istirahət mərkəzi ilə “X9” MMC arasında tullantı sularının zərərsizləşdirilməsi barədə müqavilə bağlanmış və müqavilə əsasında “Fras” istirahət mərkəzində 07 avqust 2020-ci ildən 03 sentyabr 2020-ci ilə qədər formalaşan 50 m3 çirkab su daşınaraq cəmiyyətin tabeliyində olan 05 saylı çirkab suların təmizlənməsi qurğusuna təhvil verilərək təmizlənmiş və dənizə axıdılmışdır. Bu hal isə inzibati xəta haqqında protokol tərtib olunanadək müəssisənin tullantıların daşınması, emalı ilə əlaqədar heç bir müqavilənin olmadığını və bununla da, X3 öz üzərinə düşən vəzifələri yerinə yetirməməsi anlamına gəlir. Beləlilklə məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsinin tərkibi vardır və o, düzgün olaraq həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 sentyabr 2020-ci il tarixli, MN seriyalı ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar