Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-945/2021 09.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 4-cü Ərazi X2 İdarəsinin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 4-cü Ərazi X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 4-cü Ərazi X2 İdarəsindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN № ******* saylı, 30.06.2021-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 30 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ərazisində yerləşən Şəxs MMC-yə məxsus tikinti aparılan istehsalat sahəsində plandankənar yanğın texniki müayinə keçirilən zaman “Yanğın təhlükəsizliyi qaydalarının” № 05-86, 2.2-ci bəndinin tələblərinin pozulduğu faktı aşkar edilmişdir. Aşkar olunmuş pozuntu ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 4-cü Ərazi X2 İdarəsinin əməkdaşları tərəfindən cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 4-cü Ərazi X2 İdarəsinin nümayəndəsi Nümayəndə4 izahatında göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ərazisində yerləşən Şəxs MMC-yə məxsus olan tikinti işləri aparılan istehsalat sahəsində tərəfindən və idarənin digər nümayəndəsi X1 tərəfindən 30 iyun 2021-ci il tarixdə baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd olunan ünvanda X2 Xidməti ilə razılaşdırılmadan tikinti işləri aparılmaqdadır. Bu səbəbdən də 30.06.2021-ci il tarixli, MN № ******* saylı, 30.06.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin əraziyə baxış keçirilərkən Nümayəndə1 da həmin ərazidə olmuş və onun iştirakı ilə protokol tərtib olunmuşdur. Tikinti işləri ilə bağlı onlara müarciəti sifarişçi Şəxs MMC etməli idi. Lakin Şəxs MMC onlara müraciətlərində əlaqəli şəxs olaraq Pərvin Həsənlini qeyd etsə də, lakin Pərvin Həsənli "xxxx" MMC-nin, yəni həmin ərazidə tikinti işlərini həyata keçirən şirkətin nümayəndəsi olmuşdur. Sifarişçi Şəxs MMC olduğundan bu səbəbdən də tərəfindən həmin hüquqi şəxs, yəni Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə3 izahatında göstərmişdir ki, tikinti işlərini həyata keçirən podratçı şirkət "xxxx" MMC-dir. Şəxs MMC isə sifarişçidir. "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanan baş podrat müqaviləsinə əsasən "xxxx" MMC-nin qeyd olunan ərazidə olan torpaq sahəsində tikintinin layihəsinin layihələndirilməsi, həmin ərazidə zavodun tikintisinin həyata keçirilməsi və Şəxs MMC-yə təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Qeyd olunanlar tərəflər arasında bağlanan baş podrat müqaviləsində öz əksini tapmışdır. Həmin ərazidə olan tikintini də "xxxx" MMC layihələndirərək tikmişdir. Lakin hal-hazırda həmin tikintini onlar təhvil almamışlar. Bundan əlavə inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi həmin ərazidə olarkən Şəxs MMCnin işçilərindən heç kəs həmin ərazidə olmamışdır və ərazidə olan Nümayəndə1 isə Şəxs MMC-də işləmir. Həmin şəxsin Şəxs MMC-də işləməməsi ilə bağlı rəsmi məktub da məhkəməyə təqdim edilmişdir. Əldə olunan məlumata görə həmin şəxs "xxxx" MMC-də sahə rəisi vəzifəsində işləyir. Müqaviləyə əsasən rəsmi qurumlarla layihənin razılaşdırılması, aidiyyatı icazənin alınması podratçı şirkət "xxxx" MMC tərəfindən həyata keçirilir. Sadəcə müraciət sifarişçi olduğu üçün isə Şəxs MMC adından edilir. "xxxx" MMC-yə verilən layihələr tam şəkildə icra olunduqdan sonra onlara təhvil verilməlidir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxslərin nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 4-cü ərazi X2 İdarəsi tərəfindən tərtib edilmiş 30 iyun 2021-ci il tarixli, 02229 saylı yanğın-texniki müayinə aktının surətindən görünür ki, 30 iyun 2021-ci il tarixdə Şəxs MMC-yə məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ərazisində yerləşən tikinti aparılan istehsalat sahəsinə 19 iyun 2021-ci il tarixli, 02229 saylı qərar əsasında plandankənar yanğın texniki müayinə keçirilən zaman yanğın təhlükəsizliyi qaydalarının № 05-86, 2.2-ci bəndinin tələblərinin pozulduğu, yəni layihə sənədləri razılaşdırılmadan tikinti işləri aparıldığı faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 02.12.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 5-ci bəndinə əsasən hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların rəhbərləri, habelə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə ciddi riayət olunmasını təmin etmək yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının vəzifəsidir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 24cü maddəsinə əsasən yanğın təhlükəsizliyi tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyinə və yanğın təhlükəsizliyinə dair normativhüquqi aktlara müvafiq surətdə, habelə yanğınlarla mübarizə təcrübəsi, maddələrin, materialların, texnoloji proseslərin, məmulatın, konstruksiyaların, binaların və qurğuların yanğın təhlükəsizliyinin qiymətləndirilməsi əsasında işlənib hazırlanır. Binaların və qurğuların tikilməsinə, yenidən qurulmasına, təmirinə və yeni texnika ilə təchiz edilməsinə dair müvafiq orqanların və təşkilatların hazırladığı investisiya layihələri, o cümlədən xarici təşkilatların investisiya layihələri yanğından mühafizə tələblərinə, yanğın təhlükəsizliyi normalarına və standartlarına riayət olunması hissəsində hökmən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 25ci maddəsinə əsasən X2 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X2 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Həmin qanunun 25-ci maddəsinin 3-cü yarımbəndinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu X2nin aparılması ilə bağlı yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq hüququna malikdir. Tikinti layihələrinin icra edilməsinə dair əsas podrat müqaviləsinin qanunvericiliyə riayət edilməsi və icazələr bölməsində qeyd edilmişdir ki, podratçının işlərin icrası ilə əlaqədar fəaliyyət göstərməsi üçün qanunvericiliklə alınması tələb olunan bütün icazə, lisenziya və ya razılıqların alınmasını öz hesabına həyata keçirəcək və onlara malik olacaq. İşlərin sifarişində nəzərdə tutulan sahəyə aid mühəndis kommunikasiyaları (su, işıq, qaz və s.) üçün texniki şərtlərin və razılığın alınması ilə əlaqədar sifarişçiyə aid olan və aidiyyəti dövlət orqanlarından alınması tələb olunan icazələrin əldə olunması üçün lazım olan texniki tələbatların hazırlanması öhdəliyi podratçıya aiddir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, 30 iyun 2021-ci il tarixdə Şəxs MMC-yə məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ərazisində yerləşən tikinti aparılan istehsalat sahəsinə plandankənar yanğın texniki müayinə keçirilən zaman yanğın təhlükəsizliyi qaydalarının № 05-86, 2.2-ci bəndinin tələblərinin pozulduğu, yəni layihə sənədləri razılaşdırılmadan tikinti işləri aparıldığı faktı aşkar edilmişdir. Məhkəmə araşdırması nəticəsində eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ərazisində yerləşən istehsalat sahəsinin tikintisi Şəxs MMC-nin sifarişi əsasında həyata keçirilir. Buna görə də tikinti zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyəti məhz Şəxs MMC daşıyır. Yuxarıda qeyd edildiyi kimi podrat müqaviləsinə əsasən işlərin sifarişində nəzərdə tutulan sahəyə aid mühəndis kommunikasiyaları (su, işıq, qaz və s.) üçün texniki şərtlərin və razılığın alınması ilə əlaqədar sifarişçiyə aid olan və aidiyyəti dövlət orqanlarından alınması tələb olunan icazələrin əldə olunması üçün lazım olan texniki tələbatların hazırlanması öhdəliyi podratçıya aiddir, lakin həmin icazələrin əldə edilməsi isə sırf sifarişçiyə aid məsələdir. Göründüyü kimi aidiyyəti dövlət orqanlarından icazələrin əldə edilməsi məsuliyyəti podratçının deyil sifarişçinin üzərinə düşür. Bütün qeyd edilənlərə əssən Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 518.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilyi tam təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən, inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə- fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-945/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-945/2021
09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver