Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-948/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X4 iştirakı ilə, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 262.2.3 və 266.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1, 262.2.3 və 266.2-ci maddələri ilə inzibati xəta törədilməsi haqqında MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 bildirdi ki, Şəxs ASC tərəfindən çirkab suları təmizlənmədən axıdılmışdır. Axıdılmış suların təhlilindən sonra müəyyən edilmişdir ki, həmin sular ətraf mühitə zərərli təsir göstərir. Məhkəmə iclaslarında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X8 bildirdi ki, Şəxs ASC ilə "xxxx" MMC arasında olan razılaşma əsasında Şəxs ASC tərəfindən çirkab sular "xxxx" ASC-yə məxsus qurğuya axıdılmışdır. Belə ki, "xxxx" MMC ilə "xxxx" ASC arasında çirkab suların axıdılması ilə bağlı müqavilə olmuş və onlara bildirilmişdir ki, qurğu işlək vəziyyətdədir. Hesab edirlər ki, çirkab suların axıdılmasında "xxxx" ASC məsuliyyət daşımalıdır. Hazırda su axıntısını qəbul edilər, lakin axıdılmış suların tərkibdə zərərli maddələrinin normativə uyğun olmaması hissəsini mübahisələndirirlər və bu barədə əsassız hesab edirlər. Belə ki, iş materiallarında olan arayışdan görünür ki, həmin arayışda qeyd olunur ki, ekotoksikoloji təhlillərin nəticəsinə görə nümunə zəhərli təsirə malik olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi isə zərərli maddələr nəzərdə tutulmuşdur. Həmşinin hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulmuş xəta törədilməmişdir. Həmçinin suların təhlili aparılan laboratoriyada istifadə olunan qurğuların kalibirovkadan keçirilməsi, düzgün işləmələri barədə sənədlər mövcud deyil. Belə ki, laboratoriyada istifadə olunan qurğular hər il müvafiq kalibirovkadan keçirilməli və düzgün işləmələri barədə sertifikat verilməlidir. Ona görə hesab edir ki, ola bilsin ki, suların tərkibində olan maddələr düzgün müəyyən edilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 bildirmişdir ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, Ağaəmi Rəhimov küçəsində "xxxx" ASC-nin balasında olan su təmizləyici qurğusu mövcuddur və həmin qurğu uzun müddətdir yararsız vəziyyətdədir. Şəxs ASC tərəfinən hər hansı bir müqavilə əsası olmadan həmin qurğuya çirkab sular axıdılmış və axıldılmış çirkab sular təmizlənmədən “X6” MMC-nin balansında olan əraziyə axıldımışdır. Əraziyə baxış keçirilmiş, su nümunələri götürülmüş və su nümunələrinin təhlili nəticəsində müəyyən edilmişdir ki, Şəxs ASC tərəfindən tərkibində yol verilən qatılıq həddindən artıq zərərli maddələr olan çirkab suları “X6” MMC-yə məxsus əraziyə axıdılmışdır. Tullantı bərk və maye formasında olur. Tullantıların emalı və tullandığı yerlər müəyyən olunmalıdır. Bu hallar isə Şəxs ASC tərəfindən pozulmuşdur. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətalarının baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: - MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 05-xx.xx.2024-cü il tarixlərində ətrafa axıdılan çirkab suda olan zərərli maddələrin yol verilən normativlərdən artıq olması, çirkab suyun təyinatsız axıdılması, çirkab suyun emalı, təmizlənməsi, yerləşdirilməsi yerlərinin müəyyən edilməməsi səbəbindən Şəxs ASC tərəfindən Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 262.2.3 və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, Ağaəmi Rəhimov küçəsində yerləşən "xxxx" ASC-yə məxsus təmizləyici qurğunun olduğu əraziyə baxış keçirilərkən qurğuya axan çirkab suyun təmizlənmədiyi, anbarlarda çirkab suyun yığılaraq qaldığı, həmçinin çirkab suyun təmizlənmədən Buzovna-Maştağa yolunun sol tərəfində yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsinin arxa hissəsindəki “X6” MMC-nin balansında olan boş torpaq sahəsinə axıdıldığı, nəticədə həmin ərazidə 5 hektara yaxın çirkab su gölməçəsinin və antisanitariya vəziyyətinin yarandığı müəyyən edilmişdir. "xxxx" ASC-yə məxsus təmizləyici qurğuya 3 ədəd çirkab su borusunun qoşulduğu həmin borculardan 1 ədədin Şəxs ASC-yə məxsus olduğu müəyyən edilmiş və qurğudan xaric olan suların təmizlənmədən, zərərsizləşdirilmədən “X6” MMC-nin ərazisinə axıldılmasının müəyyən edilməsi üçün mütəxəssislər tərəfindən qanunauyğun qaydada qurğudan və ərazidə formalaşmış su gölməçəsindən su nümunələri götürülmüşdür. Həmin su nümunələrinin lobarotoriyada təhlilləri aparılmışdır. Nəticədə Şəxs ASC tərəfindən çirkab suların "xxxx" ASC-nin balansında olan su təmizləyici qurğusuna, oradan da “X6” MMC-nin ərazisin təmizlənmədən axıdıldığı, çirkab suların axıdılması, daşınması, zərərsizləşdirilməsi, bir sözlə düzgün idarə olunması ilə bağlı heç bir müvafiq sənədlərin olmadığı məlum olmuşdur. -Bakı şəhəri, Buzovna qəsəbəsi ərazisindən götürülmüş su nümunələri üzərində aparılmış təhlillərin nəticələrinə dair arayışdan görünür ki, xx.xx.2024-cü il tarixində X11 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Buzovna qəsəbəsi ərazisində monitorinq keçirilmiş və su nümunələri götürülmüşdür. Nümunələr üzərində kimyəvi, ekotoksikoloji və mikrobioloji təhlillər aparılmışdır. Korella Şəxs Kimya sənaye birliyinin tullantı sularının qurğuya girişindən götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə təyin olunan göstəricilərdən həll olmuş oksigenin miqdarı yol verilən qatılıq həddindən az, ammonium ionu-19,4, sintetik səthi aktiv maddələr (SSAM)-2,3; neft karbohidrogenləri-3,0 və oksigenin biokimyəvi sərfi (OBS5)-27,0 dəfə yol verilən qatılıq həddindən artıq müəyyən edilmişdir. Mikrobioloji təhlillərin nəticəsinə görə nümunə çirkli müəyyən edilmişdir. Bağır çöpü bakteriya qrupunun miqdarı-15 500 000 ədəd/litr, enterokokların miqdarı-971 000 ədəd/litr və şərti xəstəliktörədən bakteriyaların miqdarı-13 400000 ədəd/litr təyin edilmişdir. “X7” MMC-nin Buzovna ərazisinə qurğudan axıdılan çirkab sularından (İİ mədən) götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə təyin olunan göstəricilərdən həll olmuş oksigenin miqdarı yol verilən qatılıq həddindən az, ammonium ionu-11,6; sintetik səthi aktiv maddələr (SSAM)-2,9; neft karbohidrogenləri-40,8 və oksigenin biokimyəvi sərfi (OBS5)-20,8 dəfə yol verilən qatılıq həddindən artıq müəyyən edilmişdir. Mikrobioloji təhlillərin nəticəsinə görə nümunə çirkli müəyyən edilmişdir. Bağırsaq çöpü bakteriya qrupunun miqdarı-13300000 ədəd/litr, entərokokların miqdarı-1500000 ədəd/litr və şərti xəstəlik törədən bakteriyaların miqdarı - 11 500 000 ədəd/litr təyin edilmişdir. Ekotoksikoloji təhlillərin nəticəsinə görə nümunə zəhərli təsirə malik olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixində Xəzər rayonu, Buzovna qəsəbəsindən "xxxx" MMC-yə gətirilmiş su nümunələri üzərində aparılan analizlərin nəticlərinə dair çıxarışın surətindən görünür ki, Şəxs ASC tərəfindən axıdılan çirkab suların tərkibində - ammonium ionunun yol verilən qatılıq həddi, mq/l üçün 0.5 həddindən qurğuya axıdılan suda 9.7 ( aşkar olunmuş 19.4 miqdarı x 0.5 = 9.7), “X6” MMC-nin ərazisinə qurğudan axıdılan suda 5.8 (aşkar olunmuş 19.4 miqdarı x 0.5 = 5.8) həddində çox olmuş, sintetik səthi aktiv maddələr (SSAM) yol verilən qatılıq həddi, mq/l üçün 0.5 həddindən qurğuya axıdılan suda 1.15 ( aşkar olunmuş 2.3 miqdarı x 0.5 = 1.15), “X6” MMC-nin ərazisinə qurğudan axıdılan suda 1.46 (aşkar olunmuş 2.9 miqdarı x 0.5 = 1.46) həddində çox olmuş, neft karbohidrogenləri yol verilən qatılıq həddi, mq/l üçün 0.05 həddindən qurğuya axıdılan suda 0.15 ( aşkar olunmuş 3 miqdarı x 0.05 = 0.15), “X6” MMC-nin ərazisinə qurğudan axıdılan suda 2.04 (aşkar olunmuş 40,8 miqdarı x 0.05 = 2.04) həddində çox olmuş, oksigenin biokimyvi sərfinin yol verilən qatılıq həddi, mqO2/l üçün 6.0 həddindən qurğuya axıdılan suda 162.0 ( 162 : 6= 27 aşkar olmuş həddə), “X6” MMC-nin ərazisinə qurğudan axıdılan suda 125 (125 : 6 = 20.8 aşkar olmuş həddə) həddində olmuşdur. Həmin çıxarışın qeydinə əsasən yerüstü sular üçün yol verilən qatılıq hədləri Azərbaycan Respublikasının Dövlət Ekologiya və X2 komitəsi tərəfindən xx.xx.1994-cü il 01 nömrəli əmri ilə təsdiq edilmiş “Yerüstü suların tullantı sularla çirklənməsindən mühafizə qaydaları” sənədindən götürülmüşdür. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Şəxs ASC tərəfindən "xxxx" ASCyə məxsus yararsız vəziyyətdə olan su təmizləyici qurğuya, həmin qurğudan isə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “X6” MMC-nin balansında olan torpaq sahəsinə çirkab sular axıdılmış və axıdılmış suların tərkibində yol verilən hədlərdən artıq miqdarda zərərli maddələr mövcud olmuşdur. Həmçinin işin məhkəmə iclasında araşdırılmış hallarından müəyyən edilir ki, tərkibində yol verilən miqdardan artıq miqdarda olan çirkab sular hər hansı bir hüquqi əsası olmadan "xxxx" ASC-yə məxsus yararsız vəziyyətdə olan su təmizləyici qurğu vasitəsilə “X6” MMC-nin ərazisinə axıdılmışdır. Belə ki, çirkab suların "xxxx" ASC-yə məxsus su təmizləyici qurğuya Şəxs ASC tərəfindən ötürülməsi barədə müvafiq müqavilə mövcud olmamış, Şəxs ASC-nin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından isə görünür ki, Şəxs ASC ilə "xxxx" MMC arasında olan şifahi razılaşma əsasında Şəxs ASC tərəfindən "xxxx" ASC-yə məxsus su təmizləyici qurğuya çirkab sular axıdılmışdır. Bundan başqa müəyyən olunur ki, Şəxs ASC tərəfindən axıdılan tullantı formasında olan çirkab suların emalı, yerləşdirilməsi, ləğv edilməsi (zərərləşdirilməsi) üçün hər hansı bir norma və qaydalardan istifadə olunmamış, bunun üçün müvafiq yerlər müəyyənləşdirilməmiş, həmçinin axıdılan çirkab sular bunun üçün nəzərdə tutulmuş yerlərə deyil, sadəcə başqa hüquqi şəxsə məxsus olan torpaq sahəsinə təyinatsız axıdılmışdır. Qeyd olunan iş üzrə müəyyən olunmuş hallara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 262.2.3 və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 262.2.3 və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1, 262.2.3 və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və ona həmin Məcəllənin 266.2-ci maddəsinin sanksiyası çərçivəsində (daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində) nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 262.2.3 və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə 10000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 262.2.3 və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinin sanksiyası çərçivəsində 10000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-948/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-948/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver