Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-949/2024 10.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “X8 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, “X8 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 262.2.3 və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi “X8 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 262.2.3 və 266.2ci maddələri ilə 26 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında 05-07 mart 2024-cü il tarixlərində aparılmış monitorinq zamanı “X8 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətindən ətrafa axıdılan çirkab sularında olan zəhərli maddələrin yol verilən normativlərdən artıq olması, çirkab suyunun təyinatsız axıdılması, çirkab suyun emalı, təmizlənməsi, yerləşdirilməsi yerinin müəyyən edilməməsini aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “X8 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 bildirdi ki, onların suyun alınması ilə bağlı "xxxx" ASC ilə aralarında müqavilə vardır. Lakin bir neçə dəfə müraciət etsələr də, çirkab suların daşınması ilə bağlı müqavilə bağlanmamışdır. Həmin əraziyə onlarla yanaşı digər şirkətlərin və 4 ədəd yaşayış binasının da çirkab suları axıdılır. Əvvəllər onların çirkab suyun axıdılması ilə bağlı ayrılmış xüsusi yerləri və təmizləmə qurğuları olmuş, lakin 2013-cü ildə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən həmin qurğular "xxxx" ASC-nin balansına təhvil verilmişdir. Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi məsələsi isə “X8 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətinə aid deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 izahatatında bildirmişdir ki, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən, əvvəllər "xxxx" MMC-nin balansında olan, 2013-cü ildən isə "xxxx" ASC-yə məxsus sutəmizləyici qurğularla bağlı daxil olmuş çoxlu sayda şikayətlər əsasında monitorinqlər keçirilmiş və su nümunələri götürülmüşdür. Ekotoksikoloji təhlillərin nəticəsinə görə nümunə zəhərli təsirə malik olmuşdur. Yoxlama zamanı “X8 Müəssisəsinin ” MMC-nin nümayəndəsinin iştirakı ilə həmin yerə baxış keçirilmiş və 26 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “X8 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində tərtib edilmiş protokol tam əsaslıdır. Göstərilən hallarla bağlı olaraq bildirir ki, Onların "xxxx" ASC-nin balansında olan sutəmizləyici qurğular istismara yararsız vəziyyətdə olduğundan "xxxx" ASC dəfələrlə inzibati qaydada cərimə edilmiş, lakin hal-hazıradək həmin qurğular təmir edilməmişdir. "xxxx" ASC ilə "xxxx" MMC arasında suyun alınması ilə müqavilə bağlansa da, çirkab suların daşınması ilə bağlı müqavilə yoxdur. Bu səbəbdən də hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 bildirmişdir ki, şikayət əsasında yoxlama monitorinq keçirilmişdir. “X8 Müəssisəsi” MMC-nin nümayəndəsinin iştirakı ilə həmin yerə baxış keçirilmiş və 26 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “X8 Müəssisəsinin” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində tərtib edilmiş protokol tam əsaslıdır. Belə ki, “X8 Müəssisəsi ” MMC-nin axıtdığı çirkab suları heç bir təmizləmə keçmədən, normativdən artıq zərərli maddələrlə birlikdə təyinatsız olaraq "xxxx" Əməliyyat Şirkətinin ərazisindəki gölməçəyə axıdılır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş "xxxx" ASC-nin nümayəndəsi X4 bildirmişdir ki, “X8 Müəssisəsi” MMC ilə aralarında yalnız suyun daşınması ilə bağlı müqavilə mövcuddur. Axıdılan çirkab sular, tullantılarla bağlı onların məlumatları yoxdur. “X8 Müəssisəsi” MMC-nin balansında olan sutəmizləyici qurğular həqiqətəndə 2013-cü ildə "xxxx" ASC-nin balansına verilmişdir. İş materiallarında olan və tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, 148 nömrəli aktdan görünür ki, “İstehsal və məişət tullantıları” haqqında Azərbaycan Respublikası Qanunun və “Tibbi tullantıların idarə olunmasına dair tələblərinin təsdiq edilməsi” haqqında Nazirlər Kabinetinin 2007-ci il tarixli 28 mart 2024-cü il tarixli 013/Ü nömrəli qərarın tələblərinə riayət olunması ilə əlaqədar Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağaəmi Rəhimov küçəsi və "xxxx" MMC-nin yerləşdiyi ərazidə monitorinq keçirilmişdir. Monitorinq zamanı “X8 Müəssisəsinin ” MMC-dən ətrafa axıdılan çirkab suların, suda olan zəhərli maddələrin yol verilən normativlərdən artıq olması, çirkab suyunun təyinatsız axıdılması, çirkab suyunun emalı, təmizlənməsi, yerləşdirilməsi yerinin müəyyən edilməməsini aşkar edilmişdir. Ərazidən çəkilmiş fotoşəkillər monitorinq aktına əlavə olunmuşdur; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Monitorinq İdarəsinin 07 mart 2024-cü il tarixli 138 nömrəli aktdan görünür ki, tullantı sularının “X11 Müəssisəsi” MMC-nin və Buzovna qəsəbəsində yerləşən bina evlərinin çirkab sularıdır; “X8 Müəssisəsi ” MMC və Buzovna qəsəbəsi bina evlərinin çirkab sularının çıxışından götürülmüş su nümunələri üzərində aparılmış təhlillərin nəticələrinə dair arayışdan aydın olur ki, xx.xx.2024-cü il tarixində həmin ərazidən götürülmüş su nümunələri üzərində aparılmış kimyəvi, ekotoksikoloji və mikrobioloji təhlillərion nəticəsinə görə: həll olmuş oksigenin miqdarı yol verilən qaılılıq həddindən az, hammonium ionu - 46,8; sintetik səthi aktiv maddələr (SSAM)-1,8 və oksigenin Biokimyəvi Sərfi (OBS5)-43,9 dəfə yol verilən qatılılıq həddindən yüksək, mikrobioloji təhlillərin nəticəsinə görə nümunə çirkli müəyyən edilmişdir. Bağırsaq çöpü bakteriya qrupunun miqdarı-11 900 000 ədəd/litr, enterokokların miqdarı-73 000 ədəd/litr və şərti xəstəliktörədən bakteriyaların miqdarı-10 200 000 ədəd/litr təyin edilmişdir. Ekotoksikoloji təhlillərin nəticəsinə görə nümunə zəhərli təsirə malik olmuşdur. xx.xx.2021-ci il tarixli müqavilədən görünür kim “X8 Müəssisəsi ” MMC ilə "xxxx" ASC arasında içməli suyun alınması ilə bağlı müqavilə bağlanmışdır. “Su Təchizatı və Tullantı Suları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən ərazilərin (zonaların) müəyyən edilməsi və onlara cavabdeh müəssisələrin təyin edilməsi Bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı ölkə ərazisinin su təchizatı və (və ya) tullantı sularının axıdılması zonalarına bölünməsini təmin edir, o cümlədən bir və ya bir neçə zonada su təchizatına və (və ya) tullantı sularının axıdılmasına cavabdeh olan müəssisələri təyin edir. Müəyyən ərazidə su təchizatına və tullantı sularının axıdılmasına cavabdeh olan su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə və müvafiq icra hakimiyyəti orqanı ilə bağlanmış müqavilədə nəzərdə tutulan vəzifələri icra edir və səlahiyyətləri həyata keçirir. Həmin qanunun 39-cu maddəsinə əsasən Kanalizasiya sisteminə axıdılmanın (atılmanın) qadağan edilməsi dedikdə:
1. Ümumi istifadədə olan kanalizasiya sistemlərinə istehlakçılar tərəfindən aşağıdakıların axıdılması (atılması) qadağandır: a) yağış sularının; b) tullantı sularının emalına və ya axmasına mane olan, kanalizasiya borularını sıradan çıxaran hər hansı maddələrin; c) neft məhsullarının və kalsium karbidin; ç) insanların sağlamlığı üçün təhlükəli maddələrin; d) yoluxucu xəstəxanaların zərərsizləşdirilməmiş tullantı sularının; e) kanalizasiya müəssisəsi ilə bağlanmış məişət və istehsalat tullantı sularının axıdılması haqqında müqavilədə nəzərdə tutulan hallar istisna olunmaqla, qadağan olunmuş tullantıların, tullantı sularının və maddələrin.
2. Tullantı sularının yağış kanalizasiya sisteminə axıdılması qadağan edilir.
3. İstehsalat tullantılarının axıdılması (atılması) qadağan edilən istehsalat və müəssisə növləri və ya konkret müəssisələr normativ hüquqi aktlarla müəyyən edilir. Həmin qanunun 44-cü maddəsinə əsasən istehsalat tullantı suları dedikdə:
1. Kanalizasiya müəssisələri hər hansı istehlakçı ilə (hüquqi və fiziki şəxslərlə) onların obyektlərindən istehsalat tullantı sularının axıdılması, saxlanması və təmizlənməsi barədə müqavilə bağlaya bilərlər.
2. İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi üzrə layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi aparılır. Kanalizasiya müəssisəsi ümumi istifadədə olan kanalizasiya sisteminə obyektdən axıdılan tullantı sularının tərkibini nəzarətdə saxlamaq məqsədi ilə bu obyektlərdə müntəzəm olaraq müşahidə aparır. [40] İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi sahəsində fəaliyyət göstərən mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir. İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi sahəsində fəaliyyət göstərən mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır. İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi sahəsində fəaliyyət göstərən obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.
3. Kanalizasiya müəssisələri hər hansı istehsalat tullantı sularını kanalizasiyaya axıtmazdan əvvəl obyektin sahibindən onların ilkin təmizlənməsini tələb edə bilərlər. Bu tullantı suları (özləri və ya digər maddələrlə birləşmədə) aşağıdakılara təhlükə yaratdıqda kanalizasiya müəssisələri istehsalat tullantı sularının axıdılması üçün müqavilənin bağlanmasından imtina edə bilərlər: a) bu sularla təmasda olan insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə; b) kanalizasiya müəssisəsinin avadanlıqlarının təhlükəsiz istismarına və texniki vəziyyətlərinə; c) tullantı sularının təmizlənməsi və emalının texnoloji proseslərinə. Bu cür imtina istehsalat tullantı sularının daşınması və emalı xərcləri ilə bağlı razılıq əldə edilmədiyi halda da edilə bilər.
4. İstehlakçılar: a) istehsalat tullantı sularının axıdılması haqqında müqavilənin bağlanmasından kanalizasiya müəssisəsinin imtinası ilə; b) belə müqavilənin şərtləri ilə; c) istehsalat tullantı sularının axıdılması ilə əlaqədar ödəmələrin məbləği ilə razılaşmadıqda kanalizasiya müəssisəsinin qərarından qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edə bilərlər. Məhkəmə “X8 Müəssisəsinin” MMC-nin nümayəndəsinin çirkab sularının axıdılması ilə bağlı "xxxx" ASC-nin məsuliyyət daşıması barədə verdiyi izahatını qeyri-səmimi qəbul edərək, bu izahata tənqidi yanaşaraq hesab edir ki, həmin izahat məsuliyyətdən yayınmaq məqsədi ilə vermişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, “X8 Müəssisəsi” MMC tərəfindən ətraf mühitə axıdılan zərərli maddələrin miqdarı yol verilə bilən normativlərdən artıq olmuş və tullantı sularını kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtmışdır. Buna görə də, məhkəmə hesab edir ki, “X8 Müəssisəsi” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 233.1 və 266.2.3 maddələrində nəzərdə tutulan inzibati xəta tərkibləri vardır. Lakin “X8 Müəssisəsi” MMC tərəfindən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 262.2.3. içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə -fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Beləlilklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində “X8 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətindən ətrafa axıdılan çirkab suların, suda olan zəhərli maddələrin yol verilən narmotivlərdən artıq olması, çirkab suyunun təyinatsız axıdılması aşkar edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi “X8 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 26 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X8 Müəssisəsi” MMCn Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 262.2.3-cü maddələri ilə təqsirli bilinməli, lakin eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən və həmin xətalara baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinə əsasən barəsində daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, “X8 Müəssisəsi” MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, bütün qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X8 Müəssisəsi” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 262.2.3-cü maddələri ilə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X8 Müəssisəsi” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə cərimə edilməli, “X8 Müəssisəsi” MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görǝ həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X8 Müəssisəsi” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 266.2.3-cü maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X8 Müəssisəsi” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə 10500 (on min beş yüz) manat məbləğində cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X8 Müəssisəsi” MMCnin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görǝ həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim Ramilə Xəzri