Məhkəmə qərarları › İş №3(003)-953/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-953/2022

20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-953/2022 20.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis idarəsinin Dövlət Yol polis şöbəsinin polis mayoru X3, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya agentliyinin nümayəndəsi X1 iştirakları ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya agentliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Bakı şəhəri Xəzər rayon Polis idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 14 iyun 2022-ci il tarixli protokola əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus «BMW 528» minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu gündən 5 gün müddətində verməmişdir. Bununla da, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon Polis idarəsinin Dövlət Yol polis şöbəsinin polis mayoru X5 bildirdi ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus «BMW 528» minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol hərəkəti qaydaları pozulduğu üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya agentliyinə bildiriş göndərilərək nəqliyyat vasitəsini idarə etmiş şəxs barədə məlumatların 5 gün müddətində verilməsi xahiş olunmuş və bildiriş agentlik tərəfindən alınmışdır. Lakin Dövlət Mülki Aviasiya agentliyi «BMW 528» minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş şəxs haqqında məlumatı sorğu daxil olduğu gündən 5 gün müddətində verməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya agentliyinin nümayəndəsi X2 bildirdi ki, «BMW 528» minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş şəxs haqqında məlumatın verilməsi ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis idarəsinin Dövlət Yol polis şöbəsindən bildiriş alsalar da, sənədlər qarışdığından cavab verə bilməmişlər. Buna baxmayaraq inzibati protokolda düzgün olamayaraq Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi göstərilmişdir. Həmçinin onları protokolla tanış etməmişlər və nümayəndə tərəfindən imzalanmamışdır. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya agentliyi «BMW 528» minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu gündən 5 gün müddətində verməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya agentliyinin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, iş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya agentliyinin mülkiyyətində olan «BMW 528» minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil 31 may 2022-ci il tarixdə, saat 10:05-də Bakı-Ələt- Qazax-Gürcüstan yolunun 7-ci km-də müəyyən edilmiş hərəkət sürətini 11 km/saat həddində aşmışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törənmişdir. Ona görə də, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya agentliyinə xəbərdarlıq ünvanlanaraq xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatların 5 gün müddətində verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya agentliyinin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Eyni zamanda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya agentliyinə izah edilir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya agentliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar