Məhkəmə qərarları › İş №3(003)-960/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-960/2020

29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-960/2020 29.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin çıxardığı xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə saat 08:28 radələrində ona məxsus “Mersedes BENZ C-220 CDİ minik markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu A.Rzayev küçəsində hərəkətdə olan zaman heç bir qanun pozuntusu törətmədiyi halda DYP avtomaşını onun sol tərəfinə keçərək ona saxla əmri vermiş və o, avtomobili saxlamışdır. DYP əməkdaşı onu saxlayan zaman qanun pozuntusuna yol verdiyini demiş və o, polis əməkdaşına 75-ci maddəyə əsasən heç bir qanunu pozmadığını izah etmişdir. Sonra isə polis əməkdaşı onun barəsində əsassız protokol tərtib edib səhv olan halda məhkəməyə şikayət verib silinməsini bildirmişdir. Onun barəsində İXM-nin 327.2-ci maddəsi ilə 27.07.20-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, həmin protokolla razı olmadığına görə qeyd edilən protokol barədə inzibati araşdırma aparılmış və xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarla o, İXM-nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində inzibati cərimə edilmişdir. Bildirir ki, onun tərəfindən qeyd edilən inzibati iş üzrə araşdırma demək olar ki, aparılmamış və ya həmin araşdırmanın nəticələrinə qərəzli yanaşılaraq bir sıra sübutlar gizlədilmişdir. Belə ki, çox yəqin ki, yaxınlığından keçdikləri hər bir müşahidə kamerasının görüntülərində vardır və məhkəməyə Suraxanı RPİ DYPŞ-nin 27.07.20-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokolundan şikayət verməkdə məqsədi də iş üzrə ətraflı araşdırmanın aparılmasının təmin edilməsi üçündür. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xətanı törətməmiş, heç bir qaydanı pozmamış və belə bir pozuntu heç bir texniki akt və ya mütəxəssis rəyi ilə təsdiqlənməmişdir. Əsassız yerə də cərimələnmişdir. Buna görə də Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaranmadığından adı çəkilən qərar ləğv edilməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada iki dəfə xəbərdar edilməsinə baxmayaraq, Suraxanı rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin nümayəndəsi məhkəmənin heç bir iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Bakı şəhərSuraxanı rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Şikayət ərizəsini araşdırıb, şikayətçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-1-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları pozuntusunun aşkar edilməsi və məsuliyyətə cəlb etmə qaydasına görə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir və onun surəti barəsində protokol tərtib olunan şəxsə dərhal verilir. Protokol xüsusi hazırlanmış və nömrə üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının ciddi hesabatla verilən blank formasında tərtib edilir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə iclasında müəyyən edildi ki, X3 xx.xx.2020-ci il tarixdə saat 08:28 radələrində ona məxsus “Mersedes BENZ C-220 CDİ minik markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu A.Rzayev küçəsində hərəkətdə olan zaman Suraxanı RPİ DYP DYP əməkdaşı onu saxlayaraq qanun pozuntusuna yol verdiyini demiş, X3 da DYP əməkdaşına Azərbaycan Respublikası İXM-nin 75-ci maddəyə əsasən heç bir qanunu pozmadığını izah etmişdir. Bundan sonra DYP əməkdaşı tərəfindən X3 barəsində İXM-nin 327.2-ci maddəsi ilə 27.07.20-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək o, həmin qərarla İXM-nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Təqdim olunmuş sənədləri araşdırıb, toplanmış sübutları məcmu halında qiymətləndirib hesab edirəm ki, inzibati xəta haqqında protokol tərtib edilən zaman və şikayətçinin dəlilləri araşdırılan zaman X2 xx.xx.2020-ci il tarixdə saat 08:28 radələrində ona məxsus “Mersedes BENZ C-220 CDİ minik markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən, bununla bağlı Suraxanı RPİ DYP tərəfindən məhkəməyə heç bir sənəd təqdim edilmədiyindən və belə bir hal məhkəmə iclasında müəyyən edilmədiyindən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, Suraxanı RPİ DYP tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X2 əməlində hər hansı bir inzibati xəta hadisəsi olmadığından onun barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.1, 128, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində Bakı şəhəri Suraxanı RPİ DYP tərəfindən tərtib olunmuş xx.xx.2020ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar