Məhkəmə qərarları › İş №3(003)-962/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-962/2022

24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-962/2022 24.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis bölməsinin sahə rəisi Fərid Hüseynov tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında mаteriаl və ona əlavə edilmiş sənədlər аrаşdırılarkən müəyyən оlundu ki, Şəxs bаrəsində Azərbaycan Respublikası İXM-nin 227-ci mаddəsi ilə tərtib оlunmuş material məhkəməyə natamam şəkildə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Xəzər rayonu Bakavtomat zavodunun həyətindən bir ədəd dəmir şvellər oğurlamış və həmin şvelleri 17 manata satmışdır. Bununla da o, İXM-in 227-ci maddədində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolda zərər çəkmiş şəxsə 17 manat maddi ziyanın dəyməsi qeyd olunsa da, bu məbləğin hansı qaydada hesablanması məlum deyil, protokolu tərtib etmiş səlahiyyətli orqan bir ədəd “şvellərin” qiyməti ilə bağlı hər hansı sübutu (qaimə faktura, ekspert rəyi və s.) materiala əlavə etməmişdir. O cümlədən qeyd edilməlidir ki, zərərçəkmiş şəxsin izahatı alınmadan, qaimə faktura, ekspert rəyi və s. əsaslanmamaqla inzibati xətanı törətmiş şəxsin izahatına əsaslanmaqla vurulmuş zərərin miqdarı 17 manat müəyyən edilmişdir. Belə olan halda da, inzibati xəta haqqında materiala əsasən Şəxs tərəfindən oğurlanması ehtimal edilən “şvellər” kimi qeyd edilən əmlakın dəyərini müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 100.1.9-ci maddəsində göstərilir ki, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər inzibati xəta haqqında protokolda göstərilməlidir. Göründüyü kimi, İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsi zamanı onun vurduğu ziyanın məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Şəxs təqsirli bilindiyi halda, əmlaka dəymiş ziyanın məbləği dəqiq müəyyən edilmədən ona İXM-in 232-1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bundan əlavə, işin baxılmağa hazırlanması zamanı müəyyən edildi ki, inzibati xəta haqqında protokol da qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, protokolda Azərbaycan Respublikası İXM-in 100.1.7-ci maddəsinin tələbləri pozulmuş, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı (və ya izahat verməkdən imtina etməsi qeydiyyat aparılması) göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis bölməsindən daxil olmuş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar