Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-963/2021 09.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs 16.406,95 ABŞ dolları məbləğində vəsaiti 22 may 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 11.231,05 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 iyun 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs səlahiyyətli nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, Belarusiya Respublikasında yerləşən təminatçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında çips məhsulunun alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə 16.406,95 ABŞ dolları məbləğində pul vəsaiti məhsulun dəyəri üzrə əvvəlcədən edilmiş ödəniş olaraq xaricə köçürülmüşdür. Lakin ilkin mərhələdə cəmiyyət tərəfindən köçürülmüş məbləğ birbaşa məhsulun idxalı üçün nəzərdə tutulmamış, həmin məbləğ malın qablaşdırılması üçün ödənilmişdir. Daha sonra yerdə qalan məbləğlə bağlı ödəniş olunmuşdur və həmin məbləğ məhsulun dəyəri üzrə əvvəlcədən edilmiş ödəniş olmuşdur. Bu ödəniş edildikdən bir müddət sonra sifariş edilmiş mallar Azərbaycan Respublikasına göndərilmişdir. O, qanunvericiliklə müəyyən edilmiş müddətin sonlarına 5-6 ay vaxt qalmış hamilə olduğundan səhhəti ilə bağlı lazımi prosedurları həyata keçirə bilməmişdir. Həmin müddət onun iradəsindən asılı olmayan səbəblərdən pozulmuşdur. Göstərilən hal Şəxs təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Buna görə də hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 30 iyun 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsassızdır. Qeyd olunanlara dair müvafiq sənədləri məhkəməyə təqdim edib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan dəfələrlə xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim olunmuş 24 may 2021-ci il tarixli, PB/PBL-OUT- 00784-2021 saylı məktubdan görünür ki, "xxxx" ASC-də müştəri olan Şəxs vəsaitini bank hesablarından müvafiq rekvizitlər üzrə köçürmüşdür. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na əsasən malların idxal edilmədiyi, xidmətlərin göstərilmədiyi və ya qabaqcadan ödənilmiş vəsaitin geri göndərilmədiyi nəzərə alınmaqla, qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər əlavə edilməklə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş məlumatdan görünür ki, Şəxs tərəfindən 22 may 2019-cu il tarixdə köçürülmüş 16.406,95 ABŞ dolları rezidentin 11.231,05 ABŞ dolları məbləğində hissəsi bəyan olunmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxsnə ünvanlanmış 21 iyun 2021-ci il tarixli, 16-02216-2021 saylı “İnzibati xəta haqqında iş üzrə icraata başlanılacağı barədə” bildirişdən görünür ki, Şəxsnə əməlində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri müşahidə edildiyi, göstərilən faktla bağlı cəmiyyətin əməlində inzibati xəta tərkibinin olmasını istisna edən sübutların 30 iyun 2021-ci il tarixədək təqdim edilmədiyi təqdirdə,müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib olunacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 02.12.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarında dəyişikliklər edilməsi barədə Qərarı qüvvəyə minmiş və həmin qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: 4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadıqda baş verir. İşin müəyyən edilmiş hallarından görünür ki, Şəxs 16.406,95 ABŞ dolları məbləğində vəsaiti 22 may 2019-cu il tarixdə xaricə köçürmüşdür. Şəxs tərəfindən ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, köçürülmüş ümumi məbləğdən 11.231,05 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim edilmədiyindən inzibati orqan tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi ilkin mərhələdə cəmiyyət tərəfindən köçürülmüş məbləğin birbaşa məhsulun idxalı üçün nəzərdə tutulmadığını, həmin məbləğin malın qablaşdırılması üçün ödənildiyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş 02 may 2019-cu il tarixli, 0105ba saylı müqavilənin surətindən görünür ki, Belarusiya Respublikasında yerləşən təminatçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Şəxs arasında müxtəlif dadda “Fito's” ticarət nişanlı çipslərinin alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 4.8-ci bəndinə əsasən müqavilənin tələblərinə əsasən nəzərdə tutulan məbləğ ödənildikdən sonra təminatçı üçüncü şəxsdən məhsulun istehsalı üçün lazım olan mallar sifariş edilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinin tələblərinə əsasən məhsulun tara və qablaşdırılması məhsulun qiymətinə daxildir. Beləliklə barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlər əsasında izahatında göstərdiyi dəlillər öz təsdiqini tapmışdır. Belə ki, işin hallarından göründüyü kimi Şəxs onun tərəfindən 22 may 2019-cu il tarixdə xaricə köçürmüş 16.406,95 ABŞ dolları məbləğində vəsaitin bir hissəsinin idxal olunması barədə qanunvericliklə tələb olunan müddət ərzində bəyənnaməni təqdim etsə də, lakin yerdə qalan 11.231,05 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidməti) ölkəyə idxal edilməsi ilə bağlı prosedurların həyata keçirilməsinin gecikdirilməsi onun iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Həmçinin Şəxs səlahiyyətli nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə təqdim edilmiş tibbi sənədlər əsasında müəyyən edilmişdir ki, o, səhhəti ilə bağlı, hamiləlik dövründə olduğundan həmin müddətin son 5-6 ayında lazımi prosedurları həyata keçirə bilməmişdir. Belə ki, 31 may 2021-ci il tarixdə uşağı doğulmuşdur. Həmin vaxta qədər olan son aylar ərzində o, həkim nəzarətində olmuş və bu səbəbdən yaşayış yerini tərk edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19.12.2019-cu il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir.Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 28.02.2020-ci il tarixli qərarında göstərilmişdir ki, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Hazırki halda məhkəmə işinin araşdırılan hallarını nəzərə alaraq hesab edir ki, barəsində protokol tərtib edilmiş Şəxs səlahiyyətli nümayəndəsi onun şəxsi iradəsindən asılı olmayan səbəblərdən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq köçürdüyü məbləğin 11.231,05 ABŞ dolları məbləğində hissəsinə dair malların gətirilməsi və xidmətlərin göstərilməsi gecikdirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.12-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilən maddi-prosessual normalarının tələblərinə əsaslanmaqla və işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 105, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-963/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-963/2021
09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver