Məhkəmə qərarları › İş №3(003)-971/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-971/2022

22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-971/2022 22.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, şikayətçi X3, protokol tərtib edən şəxs X2 iştirakları ilə X3 Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin rəisi M.Bağırov tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 20 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək şəhəri Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin əməkdaşı R.Ələskərov tərəfindən tərtib olunmuş ******* saylı, 20 iyun 2022-ci il tarixli protokolun və 20 iyun 2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə X6 şikayəti müdafiə edərək göstərdi ki, o, Buzovna qəsəbəsində yerləşən «OBA» mağazasında administrator vəzifəsində işləyir. 20 iyun 2022-ci il tarixdə mağazaya meyvə maşını gəlmişdir. Həmin vaxt mağazanın içində xadimə təmizlik işləri gördüyündən bəzi meyvələri içəri yığmış, qarpız və pomidoru isə çölə yığmışdır ki, sonra içəri aparsın. Həmin vaxt çöldə tərəzi olmamışdır ki, küçədə ticarətlə məşğul olsun. Həmin vaxt Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin əməkdaşı R.Ələskərov gələrək onun küçə ticarəti ilə məşğul olduğunu bəhanə edərək barəsində protokol tərtib etmişdir. Həmin protokol əsasında qəbul edilmiş 20 iyun 2022-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə olunmuşdur. Qərardan narazı olduğu üçün 10 gün müddətində məhkəməyə şikayət vermişdir. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin olunaraq 20 iyun 2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında protokol tərtib edən şəxs X4 bildirdi ki, Bakı şəhəri Xəzər RPİnin 2-ci Polis şöbəsinin polis sahə inspektoru vəzifəsində işləyir. 20 iyun 2022-ci il tarixdə Buzovna qəsəbəsi, Əmrah Əkbər (keçmiş Nəriman Əliyev) küçəsində yerləşən «OBA» marketin qarşısında qarpız qoyulduğu üçün adını sonradan bildiyi X1 ticarəti ilə məşğul olduğunu bildirərək onun barəsində MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. X10 razı olmamış, mağazada təmizlik işləri getdiyindən malları müvəqqəti çölə yığdığını bildirmişdir. Həmin vaxt qarpızlar çöldə olsa da, orada tərəzi və alıcı olmamışdır. Məhkəmə iclasında şahid X8 bildirdi ki, Buzovna qəsəbəsində yerləşən «OBA» mağazasında X6 ilə birlikdə işləyir. 20 iyun 2022-ci il tarixdə mağazada təmizlik işləri görüldüyündən bəzi malları müvəqqəti çölə yığmışlar. Onlar çöldə satış etməmişlər və çöldə satış etmək üçün tərəziləri də, yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PB-nin sahə inspektoru X4 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 20 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X6 20 iyun 2022-ci il tarixdə Buzovna qəsəbəsi, Nəriman Əliyev (yeni adı Əmrah Əkbər) küçəsində yerləşən «OBA» marketin qarşısında qanunsuz küçə ticarəti ilə məşğul olmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin rəisi M.Bağırov tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 20 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş malların satılmasına və ya işlərin (xidmətlərin) göstərilməsinə görə səksən manat məbləğində cərimə edilir. Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PB-nin sahə inspektoru X4 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 20 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən X6 20 iyun 2022-ci il tarixdə Buzovna qəsəbəsi, Nəriman Əliyev (yeni adı Əmrah Əkbər) küçəsində yerləşən «OBA» marketin qarşısında qanunsuz küçə ticarəti ilə məşğul olmuşdur. Lakin məhkəmədə dindirilmiş 2-ci PB-nin sahə inspektoru Ramin Ələskərov bildirdi ki, «OBA» marketin qarşısında qarpızlar olsa da, orada tərəzi və alıcı olmamışdır. Bu isə onu göstərir ki, X6 qanunsuz küçə ticarəti ilə məşğul olmamış və həqiqətən də, bəzi malları mağazada aparılan təmizlik işləri ilə bağlı müvəqqəti çölə yığmışdır. Şahid qismində dindirilmiş X8 da, bu faktı təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığına görə Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin rəisi M.Bağırov tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 20 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X6 MN seriyalı ******* nömrəli, 20 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan qanunla müəyyən edilmiş 10 gün müddətində məhkəməyə şikayət vermişdir. Buna görə də, məhkəmə hesab edir ki, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə olunmasına dair Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin rəisi M.Bağırov tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 20 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar inzibati xəta hadisəsi olmadığına görə ləğv edilsin və inzibati xəta haqqında işə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar