Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-981/2021 21.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis bölməsinin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Qazaxıstan Respublikasının Kustanay vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu Dostluq küçəsi ev 10 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis bölməsinin sahə inspektoru, polis kapitanı X2 tərəfindən 21.07.2021-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərmişdir ki, Şəxs, 17.07.2021-ci il tarixdə azyaşlı qız uşağı ilə telefon vasitəsilə görüntülü danışdığı zamanı keçmiş arvadına qarşı dəfələrlə nalayiq ifadələr (pis söyüşlər) işlədərək onu təhqir etmişdir. Bununla o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin bildirmişdir ki, həmin hadisə qısa video şəklində sosial internet saytlarında paylaşılmış və bu hadisə cəmiyyət tərəfindən pis qarşılanmışdır. Barəsində Ona görə də Şəxs barəsində inzibati qaydada tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, o, azyaşlı uşağı ilə telefon vasitəsilə görüntülü ünsiyyətdə olduğu zaman kənarda dayanmış keçmiş arvadı tərəfindən təhqir olunduğuna görə o, özündən asılı olmayaraq keçmiş arvadına qarşı nalayiq ifadələr işlətmiş, həmin hadisə keçmiş arvadı tərəfindən lentə alınmış və sosial şəbəkədə paylaşmışdır. Hazırda əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 21.07.2021-ci il tarixli seriya MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs, 17.07.2021-ci il tarixdə keçmiş həyat yoldaşı Ə.E.Abdullayevanı telefon vasitəsilə nalayiq söyüşlərlə söyüb təhqir etmiş, bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iş materiallarında olan "CD” diskdə olan video görüntülərə baxılmış və protokolda qeyd edilən hərəkətlərin Şəxs tərəfindən edilməsi müəyyən edilmişdir. İş materiallarında olan 21.07.2021-ci il tarixli seriya MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və inzibati xəta haqqında işin digər materiallara baxılması aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatından başqa, iş üzrə araşdırılmış digər hallarla sübuta yetir. Belə ki, Şəxs azyaşlı qızı ilə görüntülü danışan zaman keçmiş arvadı Ə.E.Abdullayevaya və ailə üzvlərinə söyüşlər söyməsi araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs həmin maddə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir. Həmin Məcələnin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcələnin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221 -ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011 -ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 17.07.2021-ci il tarixdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, keçmiş arvadına və onun ailə üzvlərinə qarşı nalayiq söyüşlər söymüş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozmaq kimi hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla yanaşı məhkəmə əlavə olaraq qeyd edir ki, bütün bunları isə azyaşlı qızı ilə görüntülü danışarkən etmişdir. Bu zaman məhkəmə burada işlədilən şöyüşlərin ünvanlandığı şəxslə yanaşı azyaşlı uşağın gözü önündə olmaqla uşağın maraqlarının da qorunmaması, tərbiyəsində, psixogiyasına yarana biləcək pis nəticələrində ola biləcəyinin nəzərə alınmamasını hazırki işdə qeyd edilməsini zəruri hesab edir. Belə ki, qanunvericikdə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı olması öz əksini açıq-aydın tapmışdır. Həmçinin, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir ki, Şəxs tərəfindən bu hallarda nəzərə alınmamamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halın olması ilə yanaşı yuxarıda qeyd edilən digər halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir, həbsetmənin əvvəli 21.07.2021-ci il saat 14:40dan hesablanmalıdır. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. Həbsetmənin əvvəli 21 iyul 2021-ci il saat 14:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №3(003)-981/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-981/2021
21.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver