Məhkəmə qərarları › İş №3(003)-985/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-985/2020

11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-985/2020 11.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bəkdəmirova (Parienko) Gülüstan Dadaşxan qızının iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə Şamaxı rayonunun Ərəbşalbaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Qobustan rayonunun Ərəbşalbaş kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Yeni yaşayış massivində yaşayan Bəkdəmirova (Parienko) Gülüstan Dadaşxan qızının barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Xəzər Rayon Məhkəməsinin 2(003)-2064/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən borclular Bəkdəmirova (Parienko) Gülüstan Dadaşxan qızından 6000 (altl min) manat alınaraq tələbkar X4 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Bəkdəmirova (Parienko) Gülüstan Dadaşxan qızına göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan Xəzər Rayon Məhkəməsinin 2(003)-2064/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli icra vərəqəsini icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2064/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən borclu Bəkdəmirova (Parienko) Gülüstan Dadaşxan qızından 6000 (altl min) manat alınaraq tələbkar X4 ödənilməlidir. Müxtəlif tarixlərdə borclu Xəzər rayon İcra və Probasiya şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında hal-hazırda maddi vəziyyətinin pis olması ilə əlaqədar borcunu ödəyə bilmədiyini bildirmiş, icra sənədini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər icra etməmişdir. Borclu ilə aparılan söhbətlərin heç bir nəticəsi yoxdur. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 göstərdi ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-2064/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən Bəkdəmirova (Parienko) Gülüstan Dadaşxan qızından 6000 (altl min) manat alınaraq ona ödənilməlidir. Lakin bir ildən yuxarıdır ki, borclu icra vərəqəsini ən müxtəlif bəhanələrlə icra etməyərək göstərilən məbləği ona ödəmir. Bu məbləğdə pul vəsaitinin uzun müddətdən bəri borclu tərəfindən onun ailə büdcəsindən kənarlaşdırılması nəticəsində onsuz da çətin olan maliyyə vəziyyəti daha da ağırlaşaraq onu bir sıra zəruri ödənişlərin həyata keçirilməsi imkanından məhrum etmişdir. Ona görə də həmin icra sənədinin icrasını təmin olunmasını və borclu barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bəkdəmirova (Parienko) Gülüstan Dadaşxan qızı göstərdi ki, maddi vəziyyəti pis olduğu üçün indiyə qədər borcunu ödəyə bilməmişdir. Borcun ödənilməsindən yayınmır, lakin nağd pulu yoxdur, ona görə də borcun onun əmək haqqına yönəldilərək hissə-hissə ödənilməsinə etiraz etmir, həm də himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan dörd uşağı vardır. Bunun nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Bəkdəmirova (Parienko) Gülüstan Dadaşxan qızının himayəsində xx.xx.2005-ci il təvəllüdlü, xx.xx.2011-ci il təvəllüdlü, xx.xx.2013-cü il təvəllüdlü və xx.xx.2018-ci il təvəllüdlü azyaşlı və yetkinlik yaşına çatmayan dörd uşağı vardır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Bəkdəmirova (Parienko) Gülüstan Dadaşxan qızı həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bəkdəmirova (Parienko) Gülüstan Dadaşxan qızının əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qanuni qüvvədə olan icra vərəqəsini müxtəlif bəhanələrlə icra etməmişdir. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, Bəkdəmirova (Parienko) Gülüstan Dadaşxan qızının şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini, həmçinin himayəsində dörd azyaşlı və yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq ona təqsirləndirildiyi maddə üzrə inzibati cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1987-ci il tarixdə Şamaxı rayonunun Ərəbşalbaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Qobustan rayonunun Ərəbşalbaş kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Yeni yaşayış massivində yaşayan Bəkdəmirova (Parienko) Gülüstan Dadaşxan qızı Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar