Məhkəmə qərarları › İş №3(003)-998/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-998/2021

24.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-998/2021 24.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis bölməsinin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis bölməsinin sahə inspektoru, polis kapitanı X2 tərəfindən 24.07.2021-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərmişdir ki, Şəxs, 23.07.2021-ci il tarixdə icarəyə götürüb işlətdiyi “Elçin” adlı restoranda toy mərasimi keçirmişdir. Təşkil olunmuş toy mərasimi “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun qaydada keçirilməmişdir. Belə ki, şənlik mərasiminin keçirilməsi ilə bağlı lazımi məlumatlar “icaze.e-gov.az” portalına daxil edilməmişdir. Bundan başqa toy mərasimini təşkil olunan məkanın tutumu karantin qaydalarına uyğun olaraq 50 nəfərədək toy mərasiminin təşkil edilməli olduğu halda orda iştirak edən şəxslərin sayı 50 nəfərdən çox olmuşdur. Bununla da Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara Şəxs barəsində inzibati qaydada tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, o, “Elçin” adlı restoranını icarə müqaviləsi əsasında işlədir. 23.07.2021-ci il tarixdə keçirilmiş toy mərasimində 50 nəfər şəxsin iştirakı nəzərdə tutulmuşdur. Lakin əlavə qonaqlar gəldiyindən və o, toyu olan şəxləri incitmək istəmədiyindən etiraz etməmişdir. Ona görə də 15 nəfər artıq şəxs toy mərasimində iştirak etmişdir. Həmçinin bildirmişdir ki, toy mərasimin keçirilməsi ilə bağlı lazımi məlumatları “icaze.e-gov.az” portalına daxil etməmişdir. Hazırda əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 24.07.2021-ci il tarixli seriya MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vəzifəli şəxs Şəxs, icarəyə götürüb işlətdiyi “Elçin” restoranında 23.07.2021-ci il tarixdə keçirilən toy şənliyində karantin rejimi qaydalarını pozmuş, bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 24.07.2021-ci il tarixli seriya MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və inzibati xəta haqqında işin digər materiallara baxılması aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Şəxs izahatından görünür ki, o, Xəzər rayonu Şağan qəsəbəsi Mərdəkan şossesində yerləşən “Elçin” restoranını icarəyə götürərək işlədir. 23.07.2021-ci il tarixdə işlətdiyi restoranda toy şənliyi keçirmiş, həmin toy şənliyi “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirmədən və 50 nəfər şəxsin iştirak edəcəyi barədə toy sahibi ilə şifahi razılaşsada, toyda iştirak edən şəxslərin sayı 50 nəfərdən çox olmaqla təşkil olunmuşdur. Stol və stulların aralarında olan məsafə uyğun olmamışdır. İş materiallarına əlavə edilmiş 19.08.2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Xəzər rayonu Şağan qəsəbəsi M.ünvan 2 ünvanında yerləşən “Elçin” fimrasına məxsus obyekt müddətsiz ayda 500 manata Şəxs icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs ********** nömrəli VÖEN ilə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatından başqa, iş üzrə araşdırılmış digər hallarla sübuta yetir. Məhkəmə hesab edir ki, Şəxs həmin maddə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 177 saylı qərarının 2.5-3.1-ci bəndinə əsasən şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli, qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir. Həmin qərarın 2.5-3.2-ci bəndinə əsasən 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVİD-19 pasportunun təqdim olunması tələb olunmur. Həmin qərarın 2.5-3.6-cı bəndinə əsasən şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00 dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir. Həmin qərarın 2.5-3.7-ci bəndinə əsasən şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir. Həmin qərarın 2.5-3.8-ci bəndinə əsasən bu Qərarın 2.5-3.1-2.5-3.7-ci bəndlərinin tələbləri pozulmaqla şənlik mərasimlərinin keçirilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 4000 (dörd min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar