Məhkəmə qərarları › İş №3(004)-10059/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-10059/2025

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-10059/2025 12.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Nümayəndə, Qərardan şikayət verən şəxs X3 iştirakları ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, X5 xx.xx.2025 tarixli, MN ******* saylı qərarı ilə İXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinmiş və 1500 manat cərimə edilmişdir. Daha əvvəl bu qərar ona təqdim edilməmiş, onun surəti xx.xx.2025 tarixdə təqdim edilmişdir. Bildirir ki, Əmək Müfəttişliyi tərəfindən ünvanıa hər hansı sorğu, tələb daxil olmamışdır. Varsa onu məhkəməyə təqdim etsin. Digər tərəfdən maddi imkanı yoxdu, bu cərimələrdən sonra şirkətləri fəaliyyət göstərmir, cərimələr imkan vermir. Bu ağırlıqda onu əlavə yükləmək insafdan deyil. X5 BŞİ-nin xx.xx.2025 tarixli, MN ******* saylı qərarını xx.xx.2025 tarixdə almağı nəzərə alınmaqla, ötürülmüş müddətin bərpa edilməsi və X5 BŞİ-nin xx.xx.2025 tarixli, MN ******* saylı qərarınının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs verdiyi izahatında göstərmişdir ki, cərimə ilə razı deyil və qərarın ləğv edilməsini tələb edir. Belə ki, həmin qərar barəsində bildiriş məktubu mənə göndərilməyib, protokol tərtib olunduqdan sonra xəbəri olub. Nə şəxsi ünvanına, nə də şirkət ünvanına məktub daxil olmayıb. Protokol barədə sms-bildiriş telefonuna daxil olanda xəbəri oldu ki, cərimə olunub. Bildiyi qədərilə cərimə məbləği 1000 manatdan 1500 manata qədərdir. Orqan isə cərimənin maksimum məbləğini tətbiq edib. Məhkəmədən xahiş edir ki, daha yüngül məbləğdə cərimə tətbiq edilsin. Cərimə barəsində etirazı yoxdur, onsuz da ödəyəcək, lakin daha az məbləğdə cərimə olunmağı xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Nümayəndə şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Belə ki, şəxs özü qəbul edir ki, o pozuntu edib. Eyni maddə ilə həm direktor, həm də hüquqi şəxsin özü cərimələnmişdir. Cərimə şərti olaraq nəzərdə tutulmuşdur, belə ki, əgər pozuntu aradan qaldırılarsa cərimənin ödənilməsi lazım olmayacaq. Qərar qanunidir, buna görə də şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İlk əvvəl məhkəmə qeyd edir ki, qərardan şikayətvermə müddəti ötürülməmişdir. Müddətin ötürülməsi təsdiq edilmir. Ona görə də şikayətə baxılmalıdır. Həmçinin qərar qanunsuzdursa, bu cür qərardan şəxsin şikayətvermə hüququna məhdudiyyətlər yaradılmamalıdır. Belə ki, inzibati xətalar qanunvericiliyi, onun vəzifələri və prinsipləri buna xidmət edir. Çünki İXM-nin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. İXM-nin 5.2-ci maddəsinə əsasən həmin Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən vətəndaş X4 şikayəti əsasında AR ƏM 15-ci maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli 3-17-5/2-H-87403/2025 saylı məktubda göstərilən sənədlərin 7 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsinə təqdim edilmədiyi üçün hüquqi şəxsin direktoru X7 İXM-in 539.3-cü maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə edilmişdir. Qərar MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokol əsasında qəbul edilmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, vəzifəli şəxs kimi X7 barəsində qəbul edilmiş qərar üzrə inzibati xəta hadisəsinin mövcudluğu artıq təsdiq edilmişdir, həmin xətaya görə həmin şəxs də inzibati məsuliyyət daşıyır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-7686/2025 saylı, 26 dekabr 2025-ci il tarixli qərarına əsasən "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək, 2000 manat (iki min manat) məbləğində inzibati cərimə edilmişdir. Həmin qərara əsasən də "xxxx" MMC tərəfindən vətəndaş X4 şikayəti əsasında AR ƏM 15-ci maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli 3-17-5/2- H-87403/2025 saylı məktubda göstərilən sənədlər 7 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsinə təqdim edilmədiyi inzibati tənbeh edilmişdir. İş materiallarına əlavə edilmiş həmin qərardan və məktubun çatdırılması barədə çıxarış və poçt izlənməsindən də yuxarıda göstərilən məktubun "xxxx" MMC-yə çatdırıldığı sübuta yetirilmişdir. Bununla da artıq barəsində şikayət verilmiş qərarda göstərilən inzibati xəta hadisəsinin mövcudluğu və törədilməsi təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar