Məhkəmə qərarları › İş №3(004)-10067/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-10067/2025

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-10067/2025 15.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin 25 dekabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin 25 dekabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, 15 dekabr 2025-ci il tarixində, saat 13:05 radələrində o etibarnamə ilə sürücülük hüququnun olduğu **-RF-*** qeydiyyat nişanına malik 2015-ci il istehsalı olan, F10 şassi koduna malik BMW 528İ markalı avtomobilini istifadə edərkən X9 **-YP-*** qeydiyyat nişanlı xidməti avtomobili tərəfindən saxlanılmışdır. YPX inspektoru polis kiçik serjantı X7 özünü təqdim etdikdən sonra avtomobilin ön hissəsinə keçib bufer qisminə nəzər yetirdi, sonra isə onu yanına çağırdı. Avtomobili 1 ildən çoxdur ki, eyni görünüşə malik halda idarə etməyinə və bu səbəbdən heç vaxt saxlanılmamağına baxmayaraq polis əməkdaşı ona avtomobilin zavod buraxılışında duman faralarına malik olduğunu və sonradan bu faraların ləğv olunduğunu bildirərək ya bu işıqların yenidən təmin edilməsinin, ya da nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində avtomobilin “M" olduğunu qeyd etməyinin vacib olduğu bildirdi. Avtomobilin üzərindəki bufer hal-hazırda avtomobilin özü ilə eyni şassi koduna (F10) malik BMW markalı avtomobilin M5 modelinə məxsus görünüşə malik olan buferdir. Bu bufer növünün digər F10 şassi koduna malik avtomobillərdə istifadə olunmasına qanun tərəfindən heç bir ziddiyyət yoxdur və bu barədə polis əməkdaşı ilə həmfikir idik. Lakin M5 görünüşünə malik buferdə duman faraları üçün boşluq nəzərdə tutulmayıb və əlavə dəyişikliklər edilməsə duman faralarını oraya yerləşdirmək mümkün deyil. Bunu DYPİ əməkdaşına bildirməyinə baxmayaraq o avtomobilin cərimə meydançasına təmin olunmalı olduğunu dedi və avtomobilin açarını ona təqdim etməyimi istədi. O isə ilkin olaraq belə bir halda avtomobili özünün cərimə meydançasına sürmək hüququnun olduğunu və ilk öncə ona DYPİ əməkdaşının əsaslandığı müvafiq maddələri göstərməyini xahiş etmişdir. Onlar birlikdə xidməti polis avtomobilə yaxınlaşmış və avtomobilin içində əyləşən digər DYPİ əməkdaşı ona “X8" qanun kitabçasından “Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır” maddəsini göstərmiş, lakin nəqliyyat vasitəsinin konstruktiv tələblərinin necə müəyyən olunduğu barədə sualından dəfələrlə israr etməyinə baxmayaraq yayınmış. O polis əməkdaşına bu maddənin onun avtomobilinə şamil olunduğunu fərz etdiyi halda inzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə protokol tərtib olunmalı olduğunu soruşmuşdur. “X3 aid kitabçada müvafiq maddənin üzərində İXM-in 342.5-ci maddəsinə (50 azn cərimə) istinad olunsa da maşında əyləşən polis əməkdaşı ona 342.2.2-ci maddə (Normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə; 150 azn cərimə) ilə protokol yazılacağını və avtomobilin cərimə meydançasına təmin olunacağını bildirdi. Halbuki, heç bir avadanlığın quraşdırılması və ya dəyişdirilməsindən söhbət gedə bilməz. Sadəcə olaraq duman faraları çıxarılıb və bu da polis əməkdaşı tərəfindən sadəcə avtomobilin VİN koddakı şəkli ilə sübut olundu, lakin VİN koddakı şəkil avtomobilin hansısa avadanlığının zavod tərəfindən qoyulub-qoyulmamasının sübutunda da əhəmiyyət kəsb etmir Bundan əlavə olaraq, bu maddə ilə belə normativ tələblərin pozulubpozulmamasının necə müəyyən edildiyini izah etməmişdir. Bu aydındır ki, Azərbaycan Respublikasının heç bir qanun göstəricisi duman faralarını məcburi saymır. BMT-nin Avropa üzrə İqstisadı Komissiyasının 48 saylı konvensiyasında bildirilir ki, nəqliyyat vasitələrində duman faralarının mövcudluğu məcburi deyil. Bütün bunlara baxmayaraq onun sürücülük hüququnun olduğu **-RF-*** qeydiyyat nişanlı avtomobili 15 Dekabr 2025ci il tarixində cərimə meydançasına təmin edildi və ona İXM-nin 342.2.2-ci maddəsi ilə 150 azn məbləğində cərimə tərtib edildi. Avtomobili 22 Dekabr 2025-ci il tarixinədək cərimə meydançasında qaldı və sadəcə duman faralarını cərimə meydançasında avtomobilin üzərinə yerləşdirildikdən sonra avtomobili meydançadan buraxılmışdır. Bu müddət ərzində o haqsız yerə nəqliyyat vasitəsindən məhrum edildiyi üçün böyük gərginlik, vaxt və pul itkisi yaşamışdır. Həm avtomobilə duman faralarını təmin etmək üçün, həm də gündəlik həyatda gediş-gəliş üçün taksi nəqliyyatına xərclənilən məbləğ onda böyük maddi çətinliyə yol açmışdır. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin 25 dekabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında “Whatsapp” tədbiqinində olan video görüntü vasitəsi ilə dindirilmiş X5 şikayətin təmin edilməsini və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin 25 dekabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxsə və qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, materialları və məhkəmə iclasında təqdim olunmuş videogörüntünü nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin 25 dekabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X5 15 dekabr 2025-ci il tarixdə saat 13:35-də “BMW 528İ” markalı **- RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq 85A ünvanında nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 342.2.2ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 150 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkillərə məhkəmə iclasında baxış zamanı müəyyən olunmuşdir ki, “BMW 528İ” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 tərəfindən qabaq bufer hissəsinin üzərinə spoyler montaj edilmin, bundan əlavə avtomobilin zavod konstruksiyasında nəzərdə tutulmuş duman əleyhinə olan işıqları üzərindən çıxardılaraq avtomobilin normativ tələbi pozulmaqla avadanlıq quraşdırılmışdır. “X8” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 2-ci bəndinin 3-cü hissəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Belə ki, avtomobilin konstruksiyasında dəyişiklik dedikdə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində əks olunmuş mühüm texniki göstəricilərinə (məsələn: kuzov forması, mühərrik tipi, asqı sistemi, işıq qurğuları, təkər ölçüləri və s.) müdaxilə nəzərdə tutulur. Bu dəyişikliklərə yalnız müvafiq icazə əsasında və sertifikatlaşdırılmış texniki şərtlər daxilində yol verilir. Aksesuar isə nəqliyyat vasitəsinin konstruktiv xüsusiyyətlərini dəyişməyən, əsasən dekorativ və funksional yardımçı əşyalar hesab olunur (məs., oturacaq üzlükləri, ətir cihazları, telefon tutacağı və s.). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin 25 dekabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar