Məhkəmə qərarları › İş №3(004)-1010/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1010/2022

04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1010/2022 04.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı Nəqliyyat Agentliyinin 27.01.2022-ci il tarixli, BNA ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X3 Bakı Nəqliyyat Agentliyinin 27.01.2022-ci il tarixli, BNA ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyi tərəfindən çıxarılmış 27.01.2022-ci il tarixli, BNA ******* saylı İnzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ona 15.01.2022-ci il tarixində dayanma və ya durma qaydalarını pozmaya görə qanunsuz cərimə yazılmışdır. Avtomobilinin öndən və salonundan şəkil yoxdur. Məhkəmə iclasında iştirak edən X3 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Nəqliyyat Agentliyinin 27.01.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarından görünür ki, X3 15.01.2022-ci il tarixində 16:24:59-də dayanma və ya durma qaydalarını pozduğuna görə azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılarkən həmin şəxs nəqliyyat vasitəsinin yanına yaxınlaşdıqda, onun nəqliyyat vasitəsinin qaytarılmamasına görə-iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, şikayət vermiş X3 öz şikayətini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, işdə olan fotoşəkillərdən aydın olur ki, X3 tərəfindən 15.01.2022-ci il tarixdə 16:24 radələrində B.Vahabzadə küçəsi, Elmlər Akademiyası m.st yanında nəqliyyat vasitəsinin dayanması halı müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29-cu bəndinə əsasən nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin Qanunun 1-ci maddəsinin 31-ci bəndinə əsasən nəqliyyat vasitəsinin durması — əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Həmin Qanunun 52-ci maddəsinin 10-cu bəndinə əsasən, 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında dayanma qadağandır. Hazırkı halda, X1 yerdə sərnişini avtomobildən düşürdükdən sonra yaranmış qısamüddətli nasazlıqla əlaqdar durduğunu (dayanmadığını) bildirsə də, iş materilları ilə sübuta yetirilir ki, o, 15.01.2022-ci il tarixdə 16:24 radələrində B.Vahabzadə küçəsi, Elmlər Akademiyası m.st yanında "Dayanmaq qadağandır” 3.27 yol nişanı olan yerdə nəqliyyat vasitəsini saxlamışdır. Qanunvericiliyin yuxarıda qeyd edilən normaları ilə isə konkret olaraq 3.27 yol nişanının təsir zonalarında nəqliyyat vasitəsinin durması qadağan edilmişdir. Məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı Nəqliyyat Agentliyinin 27.01.2022-ci il tarixli, BNA ******* saylı qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı Nəqliyyat Agentliyinin 27.01.2022-ci il tarixli, BNA ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar