Məhkəmə qərarları › İş №3(004)-1011/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1011/2021

19.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1011/2021 19.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş X11 İdarəsinin (BDYPİ) 06 mart 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinin 06 mart 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 06.03.2021-ci il tarixdə saat 16:14-də ona məxsus “Toyota Rav4” markalı, **-UT-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Bakı-Quba-Rusiya yolunun 116-cı km-də hərəkət edərkən qarşı tərəfdən gələn yol patrul xidmətinin avtomobilində olan YPX inspektoru onun barəsində qanunsuz qərar çıxarmışdır. Belə ki, şikayət ərizəsində qeyd edilmişdir ki, YPX inspektoru patrul avtomobilini sayrışan işıq siqnalından istifadə etmədən idarə etməklə, 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmayan ərazidə onun barəsində 06.03.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati təhbeh vermə haqqında qərar qəbul etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “informasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması" nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda quraşdırılır. Daxili işlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”a əsasən patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. Patrul avtomobili nəqliyyat vasitələri axınında hərəkət edərkən yol hərəkəti qayda pozuntularının qarşısının alınması məqsədilə qırmızı və ya göy sayrışan işıq siqnalından istifadə etməlidir. Yol hərəkəti iştirakçılarına onların hüquqlarının təmin olunmasında yardım etmək YPX-nin vəzifəsidir. Buna baxmayaraq EQ seriyalı ******* nömrəli protokolu (qərarı) tərtib etmiş əməkdaş “Yol hərəkəti haqqında” Qanunun sözügedən maddəsinin və qeyd edilən Təlimatın tələblərini nəzərə almamışdır. Belə ki, o, 07.03.2021-ci il tarixdə Bakı şəhərinə qayıdarkən həmin əraziyə baxış keçirmiş və hərəkət sürətinin ölçüldüyü yerdən ***-**** metr məsafədə sözügedən nişanları aşkar etməmişdir. Bundan başqa qeyd edilmişdir ki, YPX inspektorunun patrul avtomobilini sayrışan işıq siqnalından istifadə etmədən idarə etməklə sürət həddini ölçməsi də Təlimatın tələblərinə ziddir. Qanuna və Təlimata zidd olaraq əldə edilmiş sübutların isə istifadə edilməsinə yol verilmir. Eyni zamanda ərizədə qeyd edilmişdir ki, qeyd olunan halları aidiyyəti quruma ünvanlandığı 07.03.2021-ci il tarixli şikayətində göstərməsinə baxmayaraq, şikayəti araşdıran R.Əliyev tərəfindən bu xüsusatlar nəzərə alınmamışdır. Cavab məktubunda isə bildirilmişdir ki, həmin ərazidə 3.24 yol nişanı quraşdırılmışdır. O, cavab məktubu ilə razılaşmır, çünki R.Əliyevin qeyd etdiyi kimi olsaydı belə, sözügedən nişanın qüvvəsi növbəti yol ayrıcında bitmiş hesab olunduğundan EQ seriyalı ******* nömrəli protokol (qərar) qanunsuz hesab edilməlidir. Göstərilən hallar nəzərə alınaraq X6 barəsində qəbul edilmiş 06 mart 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin qanunsuz qərarı qəbul etmiş əməkdaş, habelə şikayətini səthi araşdırmış əməkdaş barəsində qanunamüvafiq tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, o, tərəfindən qanunla müəyyən edilmiş sürət həddini aşılmasını etiraf edir. Belə ki, həmin vaxt yas məclisinə tələsdiyindən sürət həddini bilməyərəkdən aşmışdır. Lakin onun tərəfindən törədilmiş xətanı aşkar edən xüsusi texniki vasitə YPX-nin nəqliyyat vasitəsində quraşdırıldığından, yəni “İ-patrul” vasitəsilə aşkar edildiyindən, qanunvericiliyə görə isə “İ-patrul”lar yalnız üzərində radar yazılan 6.14 informasiya stendi olan, ya da sürətin məhdudlaşdırıldığı 3.24 nişanı quraşdırılan ərazidə işləyə bilərlər. Həm də yaşayış məntəqələrindən kənardadırsa, bu nişandan ***-**** metr məsafədə sürəti ölçə bilərlər. Xətanın qeydə alınmasından bir neçə saat sonra ona sms bildiriş gəlmiş və bu barədə məlumatı olmuşdur. O, həmin ərazini geri qayıdarkən yol nişanlarına diqqət etmiş, lakin radar yazılan 6.14 informasiya stendi, ya da sürətin məhdudlaşdırıldığı 3.24 nişanın quraşdırılmamasını aşkar etmişdir. Bu barədə o, aidiyyəti üzrə yuxarı inzibati orqana müraciət etməsinə baxmayaraq şikayəti təmin edilməmişdir. Verilmiş suallar əsasında X6 əlavə olaraq bildirmişdir ki, o, avtomobilində avtopilot proqramını işə salmış, sürət həddini isə 119 km/saata quraşdırmışdır. Beləliklə, şikayətçi X6 tərəfindən törədilmiş xətanın qanunvericiliyin tələbi pozulması ilə əldə edilmiş sübuta əsaslandığından 06 mart 2021-ci il tarixli qərarın ləğv edilməsini və həmin qanunsuz qərarı qəbul etmiş, habelə şikayətini səthi araşdırmış əməkdaşlar barəsində qanunamüvafiq tədbirlər görülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN BDYPİ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq işə qərarından şikayət verilmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və Azərbaycan Respublikası DİN-nin BDYPİ-si tərəfindən qəbul edilmiş 06 mart 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş X4 elektron kabinetindən çıxarışdan müəyyən edilir ki, 06 mart 2021-ci il tarixdə M1 E119 AH3, Bakı-Quba-Rusiya yolu, 116-cı km-də saat 16:14:30-da maksimal hərəkət sürətinin 90 km/saat müəyyənləşdirildiyi yol sahəsində 113 km/saat sürətlə idarəetməyə görə, yəni 23 km/saat həddində sürəti aşmağa görə onun barəsində EQ ******* nömrəli elektron qərar qəbul edilmişdir. X2 50 manat məbləğində cərimə və 2 bal təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 30 mart 2021-ci il tarixli 016-25792V-4221 nömrəli məktubundan müəyyən edilir ki, X4 müraciətinə əsasən EQ seriyalı ******* nömrəli elektron qərar üzrə müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, 06 mart 2021-ci il tarixdə “Toyota” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı-Quba- Dağıstan sərhədi yolunun 116-cı km-də maksimal hərəkət sürətinin 90 km/saat müəyyənləşdirildiyi yol sahəsində 113 km/saat sürətlə idarə olunması halı xüsusi texniki vasitənin köməyi ilə aşkar olunmuş, real vaxt rejimində Baş X11 İdarəsinin mərkəzi informasiya sisteminin məlumatları əsasında onun barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə elektron qaydada tərtib olunmuş EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məktubdan həmçinin müəyyən edilir ki, aparılan araşdırma zamanı xətanın aşkar edildiyi əraziyə, xüsusi texniki vasitənin qeydə aldığı videogörüntülərə baxış keçirilmiş, yol sahəsində maksimum hərəkət sürətinin 90 km/saat olduğu, 3.24 yol nişanının mövcudluğu təsdiqlənmişdir. Məhkəmə X1 ərizəsində və məhkəmə iclasında verdiyi izahatında göstərilən xüsusatları məsuliyyətdən yayınmaq məqsədilə özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirir. Belə ki, o, özü izahatında nəqliyyat vasitəsində avtopilot rejimini 119 km/saat sürət həddində quraşdırdığını və idarə etdiyi avtomobillə hərəkətdə olarkən sürət həddini aşmaqla xəta törətməsini etiraf etmişdir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, o, həmin vaxt nəqliyyat vasitəsini idarə edərkən maksimal hərəkət sürətinin 90 km/saat müəyyənləşdirildiyi yol sahəsində hərəkət etdiyini dərk etmiş və bu halı həmin yol sahəsində qüvvədə olan yol nişanlarına əsasən özlüyündə müəyyən etmişdir. Dolayısı ilə X6 hərəkət etdiyi sahədə müvafiq yol nişanı əsasında maksimal sürət həddinin 90 km/saat olmasını, yəni 3.24 yol nişanının təsir dairəsində hərəkət etdiyini görmüş və bilmişdir. Bununla yanaşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 30 mart 2021-ci il tarixli 016-25792V-4221 nömrəli məktubundan da müəyyən edilir ki, X4 müraciəti əsasında aparılan araşdırma zamanı xətanın aşkar edildiyi əraziyə, xüsusi texniki vasitənin qeydə aldığı videogörüntülərə baxış keçirilmiş, yol sahəsində maksimum hərəkət sürətinin 90 km/saat olduğu, 3.24 yol nişanının mövcudluğu təsdiqlənmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 5-ci maddəsinin 7-ci bəndinə görə yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 327-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə görə Məcəllənin 328.2-ci maddəsində nəzərdə tutulmuş xətalar 2 balla qiymətləndirilir. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması və Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi müəyyən edilmişdir. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəlləsinin 133.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X6 06 mart 2021-ci il tarixdə saat 16:14:30-da istifadəsində olan “Toyota Rav 4” (minik) markalı **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı-Quba-Dağıstan sərhədi yolunun 116-cı km-də maksimal hərəkət sürətinin 90 km/saat müəyyənləşdirildiyi, yəni 3.24 yol nişanının qüvvədə olduğu yol sahəsində 113 km/saat sürətlə idarə etməklə yol hərəkəti qaydasını pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 06 mart 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni olmaqla xəta törətmiş şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir, inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. Ona görə də şikayət əsassız olduğundan təmin edilməməli və barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 06 mart 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar