Məhkəmə qərarları › İş №3(004)-1012/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1012/2022

21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1012/2022 21.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılzadə Turan Tahir qızının katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı polis bölməsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 fevral 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs X6 döyərək xəsarət yetirmiş və polisin qanuni tələbinə riayət etməyərək tabesizlik göstərərmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin polis sahə inspektoru X2 protokolu müdafiə edərək bildirmişdir ki, 05.01.2022-ci il tarixdə ünvan 2 ünvanda yaşayan X12 Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinə ərizə ilə müraciət edərək göstərmişdir ki, tanışı olan Şəxs hissə-hissə olmaqla ümumilikdə 2900 manat borc pul vermişdir. Lakin həmin şəxs onun pulunu qaytarmımışdır. Pulunu istədiyi vaxt onu ölümlə hədələmişdir. Həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bundan başqa sevgilisi Şəxs onu döymüş və təhqir etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Şəxs dəfələrlə polis bölməsinə dəvət edilmiş lakin, o bundan imtina edərək çağırışlara gəlməmişdir. Bu səbəbdən də polis əməkdaşları Şəxs saxlayaraq polis bölməsinə dəvət etmək üçün onun olduğu ünvana getmişlər. Orada olarkən Şəxs polis əməkdaşları ilə 26-cı polis bölməsinə getməkdən imtina etmiş əl-qol ataraq oradan qaçıb uzaqlaşmaq istəmiş, bununlada polisi qanuni tələblərinə yerinə yetirməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən 26-cı polis bölməsinə təmin edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, Şirinova Ellada ilə təxminən 3 ay əvvəl yalnız ciddi münasibətlə tanış olmuş və özünə də bu barədə demişdir. Təxminən 2021-ci ilin dekabr ayının 20-də Elladanı ünvan 4 ünvana kirayə qadığı mənzilə gətirmiş və orada mübahisələri olmuşdur. Səbəb isə onu mobil telefonuna baxmaq istəsə də Elladanın icazə verməməsi olmuşdur. O Elladanı öyüd nəsihət vermək üçün sakitcə itələmişdir. O Elladadan 1600 manat pulu sıxıntıları olduğu üçün almış və pulu hazırda qaytarmağa maddi imkanı yoxdur. Amma tez bir zamanda onun pulunu qaytaracaqdır. Polis əməkdaşları onu polis bölməsinə dəvət etdikdə o rayonda olduğundan polis bölməsinə gedə bilməmişdir. Bundan sonra onu Səməd Vurğun küçəsində polis bölməsinə dəvət etdikdə onlara tabesizlik göstərmədən polis bölməsinə getmişdir. Yekun olaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirdi ki, o, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında iştirak edən vəkil X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X12 bildirmişdir ki, o, Şəxs ilə təqribən 3 ay əvvəl tanış olmuş, aralarında isti münasibətlər yararmış, Əli onu ailəsi ilə tanış edəcəyinə söz vermiş, o da Əliyə inanmış və isti münasibətlərini davam etdirmişdir. Əli dostuna borcu olması adı ilə 2021-ci ilin son ayında ondan hissə-hissə ümumilikdə 2900 manat pul almış və bir müddət sonra qaytaracağına söz vermişdir. Pulu nə faxt qaytaracağını tez-tez ondan soruşmuşdur. Görüşlərin birində Əli onu Mirzə İbrahimov küçəsi ev 13, mənzil 11 ünvanda yerləşən mənzilə aparmış, orada onunla mübahisə etmiş və onu döymüşdür. Üstündən bir müddət keçəndən sonra onun başında şiddətli ağrılar başlamışdır. O başından aldığı zərbədən bu gün də özünü pis hiss edir. Bunu nəzərə alaraq Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, Şəxs dəfələrlə 26cı polis bölməsinə dəvət edilməsinə baxmayaraq bundan imtina etmişdir. Bundan sonra N.Tarverdiyev ilə birlikdə 20.02.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində Şəxs yaxınlaşaraq onu polis bölməsinə dəvət etmişlər. Bu zaman Şəxs polis bölməsinə getməkdən imtina etmiş, əl-qol ataraq onlara müqavimət göstərməyə cəhd etmiş, daha sonra qaçaraq uzaqlaşmaq istəmiş, lakin onlar tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. İş materiallarında olan: Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektorları N.Tarverdiyev və A.Məmmədov tərəfindən 26-cı polis bölməsinin rəhbərliyinə ünvanlanmış 21.02.2022-ci il tarixli raportdan görünür ki, 20.02.2022-ci il tarixdə saat təxminən 23:40 radələrində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədərək dəfələrlə polis bölməsinə gəlməkdən boyun qaçıraraq məsuliyyətdən yayınmağa çalışan 13.04.2020-ci il təvəllüdlü Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 74, mənzil 29-da yaşayan Şəxs ünvan 5 ünvanının qarşısında saxlanılan zaman onlara əl-qol ataraq müqavimət göstərmişdir. Həmin şəxsi nizam-intizama dəvət etmələrinə baxmayaraq tabesizlik göstərməyə davam etmişdir. Bundan sonra həmin şəxs saxlanılaraq 26-cı PB-nə gətirilmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı Elnur Heydərov tərəfindən tərtib edilmiş 26 yanvar 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından müəyyən edilir ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirinin görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti icra edilməsi üçün Yasamal RPİ-nin 26-cı PB-nə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X15 sağlamlığa zərər vurmanın təyini ilə bağlı 15.01.2022-ci il tarixli 37 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X4 almış olduğu xəsarətlər – sağ budun qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 19.12.2022-ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati qaydada tutma haqqında 21.02.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 00:10-da inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 157 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını və X7 yüngül xəsarət yetirməsini özü etiraf etməsə də, şahid izahatları və məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə hərəkətlər İXM-in 157-ci maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də İXM-nin 157 və 535.1-ci maddəsində nəzərdə tutulmuş həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 19.12.2021-ci il tarixdə X6 döymüş və 20.02.2022-ci il tarixdə polisin qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 157 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və İXM-nin 34.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, R.T.Əliyev İXM-in 157 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və İXM-nin 34.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 5 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 20 fevral 2022-ci il tarixdən saat 23:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə həvalə edilsin. X5 göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar