Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-10128/2025 23.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X2 iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin EQ 32788128, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin EQ 32788128, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, 20 dekabr 2025-ci il tarixdə Qobustandan Bakıya yas yerindən qayıdarkən, ona cərimə qərarı gəlib. Yas yerindən 14.30 radələrində çıxmasına baxmayaraq, qərar ona 14.17 dəqiqədə yazılmış, yəni saat səhv göstərilmişdir. İnzibati xətanın aşkar edilməsində texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitələrin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt barədə məlumatlar olmalıdır. Xahiş edir ki, həmin istifadə olunmuş texniki vasitənin bütün sənədləri məhkəməyə təqdim olunsun, əks halda qərara xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin EQ 32788128, xx.xx.2025-ci tarixli inzibati xəta haqqında qərarına əsasən Rövşən Mustafayev xx.xx.2025-ci il tarixdə Bakı-Ələt-Qazax-Gürcüstan yolu 46-cı km-də Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasutələrinin səkilərdə dayanmasına və ya durmasına görə) təqsirli bilinib 50 manat cərimə edilmişdir. Həmin qərarda şəxsin xx.xx.2025-ci il tarixdə həqiqətən də “yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km saat həddində aşması” ilə müşaiyət olunan xətanı təsdiq edəcək sübutla təsdiq edilmir. Belə olduğu halda məhkəmə hesab edir ki, şəxsin Azərbaycan Respublikası İXMnin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi həqiqəti əks etdirmir və məhkəmə iclasında öz təsdiqini tapmır. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. Həmçinin şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinə məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmişdir. Həmçinin protokolu tərtib etmiş və qərar qəbul etmiş şəxsin də məhkəmə iclasında iştirakı tələb edilsə də, həmin şəxslər də məhkəmə iclasında iştirak etməmişlər. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 21 dekabr 2025-ci-ci il tarixli, EQ seriyalı 32788128 nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Rövşən Mustafayevin şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 21 dekabr 2025-ci-ci il tarixli, EQ seriyalı 32788128 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-10128/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-10128/2025
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver