Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-10133/2025 27.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, X1 iclas katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə iştirakı ilə, Hüquqi şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin dövlət vergi müfəttişi X3 tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə 22 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. 22 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında Nümayəndə tərəfindən ƏLTMM daxili nəzarət proqramı tam tətbiq edilməmiş, məsul şəxs təyin edilməmiş, bu barədə Maliyyə Monitorinqi Xidmətinə və ya Dövlət Vergi Xidmətinə məlumat verilməmiş, Dövlət Vergi Xidməti tərəfindən göndərilən sorğulara cavab verilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin dövlət vergi müfəttişi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli **********198293 nömrəli Qərarına əsasən Şəxs (VÖEN **********) adlı nəzarət subyektində «Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il il tarixədək olan dövr üzrə növbədənkənar səyyar yoxlama aparılmışdır. Yoxlama zamanı İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulmuş izibati hüquq pozuntusu aşkar edilməklə nəticəsi barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Yoxlamanın əhatə etdiyi dövr ərzində Şəxs MMC faktiki olaraq vergilər üzrə məsləhətlər fəaliyyəti ilə məşğul olmuşdur. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.7-ci maddəsinə əsasən “öhdəlik daşıyan şəxslər - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləridir. Qanunun 1.1.9-cu maddəsinə əsasən qeyri-maliyyə institutları və peşə sahibləri - rieltorlar, vəkillər, notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləridir. Qeyd edilən Qanunun 3-cü maddəsinə əsasən bu Qanunun tələbləri notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslərə münasibətdə tətbiq olunur: Yoxlama zamanı təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 2022-ci, 2023-cü, 2024-cü və 2025-ci illər üzrə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələbləri pozularaq məsul şəxs təyin edilməsi barədə əmrin bir surəti Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmamışdır. Şəxsndə məsul şəxsin təyin edilməsinə dair əmrin bir surətinin Maliyyə Monitorinqi Xidmətinə təqdim olunub-olunmaması barədə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə xx.xx.2025-ci il tarixli **********876500 nömrəli məktubla müraciət edilmiş və Maliyyə Monitorinqi Xidməti tərəfindən daxil olmuş cavab məktubunda Şəxsndə məsul şəxsin təyin edilmədiyi bildirilmişdir. Müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən «Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununun və “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə monitorinqi Xidmətinin 21 fevral 2023-cü il tarixli №3-21 -28/3-6-6/2023 Qərarının tələbləri pozulmuşdur. Belə ki, “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin 21 fevral 2023-cü il tarixli №3- 21-28/3-6-6/2023 Qərarının 3.2.1-ci bəndinə əsasən Öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və bu barədə məlumatın 3 (üç) iş günü ərzində MMX-yə və nəzarət orqanına verilməlidir. Göründüyü kimi Şəxs MMC tərəfindən «Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununun və “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə monitorinqi Xidmətinin 21 fevral 2023-cü il tarixli №3-21- 28/3-6-6/2023 Qərarının tələbləri pozulmuşdur. Belə ki, «Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən; 10.1. Öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər: 10.1.1. daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi; 10.1.2. rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi; 10.1.3. işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq və tətbiq edilməsi; 10.1.4. işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi; 10.1.5. mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi. “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin 21 fevral 2023-cü il tarixli №3-21-28/3-6-6/2023 Qərarının 3.2.1-ci bəndinə əsasən Öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və bu barədə məlumatın 3 (üç) iş günü ərzində MMX-yə və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməlidir. Dövlət Vergi Xidməti tərəfindən «Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanunu ilə əlaqədar göndərilən sorğular Şəxs MMC tərəfindən cavablandırılmamış və sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikasınn İnzibati Xətalar Məcəlləsinn 598.1.4-cü maddəsinə əsasən Maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla da "xxxx" MMC-nin direktoru Nümayəndə Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə bildirmişdir ki, onların fəaliyyəti yalnız mühasibatlıq xidmətləri məsləhəti göstərilməsi olmuşdur. Müştərilər pul köçürmələrində, pul vasitələrinin idarə olunmasında iştirak etmirlər, şirkətlə müştərilər arasında bağlanılmış müqavilərdə də bu fakt öz əskini tapır. Vergi orqanı tərəfindən tələb edilən sənədləri təqdim etməmişlər, çünki onların qeyd etdiyi kriteriyada şirkət deyillər, buna görə də sənədlər təqdim olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin dövlət vergi müfəttişi X3 tərəfindən tərtib edilmiş 22 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında Nümayəndə tərəfindən ƏLTMM daxili nəzarət proqramı tam tətbiq edilməmiş, məsul şəxs təyin edilməmiş, bu barədə Maliyyə Monitorinqi Xidmətinə və ya Dövlət Vergi Xidmətinə məlumat verilməmiş, Dövlət Vergi Xidməti tərəfindən göndərilən sorğulara cavab verilməmişdir. Bununla da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə Azərbaycan Respublikası İXM-nin 598.7ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli **********199781 nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin dövlət vergi müfəttişi X3 tərəfindən hüquqi şəxs "xxxx" MMC-yə məxsus hüquqi şəxslərin qeydiyyat sənədləri, nizamnamənin surəti, bank hesablarının hərəkət cədvəli, mənfəət vergisi bəyannamələrinin surəti götürülmüşdür; Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, **********198293 saylı qərardan görünür ki, Şəxs (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (vergidən yayınma və ya vergi qanunvericiliyinin pozulması risk(lər)inin məzmunu - Vergi orqanlarında mövcud uçot-baza məlumatlarına əsasən bəyan edilmiş iqtisadi məlumatların bazarda bərabər iqtisadi göstəriciyə malik olan, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi fəaliyyətini göstərən analoji vergi ödəyiciləri ilə müqayisədə daha az olması; risk(lər)in təsviri - Vergi orqanlarında mövcud uçot-baza məlumatlarına əsasən 2024-cü ildə xərclər çıxılmaqla əldə edilmiş 3702,05 manat mənfəət (rentabellik göstəricisi 2,03%), bərabər iqtisadi göstəricilərə malik olan, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi fəaliyyətini göstərən digər analoji vergi ödəyicilərinin bəyan etdiyi mənfəət göstəricilərindən daha az olduğu müəyyən edilmişdir.) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə əhatə olunan vergi dövrü: oktyabr 2022 - avqust 2025 təyin olunmuşdur. Yoxlamanın keçirilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Xidmət sahələrinin auditi şöbəsinin dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X2 tapşırılmışdır. Yoxlamanın müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir; Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə olunmuş 16 oktyabr 2025-ci il tarixli, KY252411697 nömrəli çıxarışdan görünür ki, xx.xx.2022-xx.xx.2025-ci il tarixlərdə Şəxs MMC-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən növbədən kənar səyyar vergi yoxlamasının aparılması qərara alınmış və aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Təqdim olunmuş xx.xx.2025-ci il tarixli N25 nömrəli müqavilədən görünür ki, Şəxs MMC-nin vəzifəsi vergi xidmətləri məsləhəti göstərilməsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 598.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: 598.1.1. maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə; 598.1.2. maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə; 598.1.3. maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsinə, hər bir yazılı göstərişə görə; 598.1.4. maliyyə institutları tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə, yanlış məlumat və sənədlərin verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə; 598.1.5. maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata görə; 598.1.6. maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə – vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 598.4-cü maddəsinə əsasən maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə –vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 598.7-ci maddəsinə əsasən bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə – vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.7-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri maliyyə institutları və peşə sahibləridir. 1.1.8-ci maddəsinə əsasən maliyyə institutları – kredit təşkilatları, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri, investisiya şirkətləri, investisiya fondları, bu fondların idarəçiləri, xarici investisiya fondlarının nümayəndəlikləri, mərkəzi depozitar, poçt rabitəsinin milli operatoru, lombardlar, maliyyə lizinqi xidmətləri göstərən şəxslər, ödəniş təşkilatları (müstəsna olaraq ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla) və elektron pul təşkilatları, virtual aktiv xidməti təminatçıları və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərdir. 1.1.9-cu maddəsinə əsasən qeyri-maliyyə institutları və peşə sahibləri – rieltorlar, kazino oyunlarının təşkilatçıları və operatorları, vəkillər, notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləridir. 1.1.10-cu maddəsinə əsasən rieltor – daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxsdir. 3.1-ci maddəsinə əsasən bu Qanunun tələbləri kazino oyunlarının təşkilatçıları və operatorları istisna olmaqla, digər qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə aşağıdakı hallarda tətbiq olunur: 3.1.1. rieltorlar daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar apardıqda; 3.1.2. notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə: 3.1.2.1. daşınmaz əmlakın alqı-satqısı; 3.1.2.2. müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; 3.1.2.3. müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; 3.1.2.4. hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. 91-2.4-ci maddəsinə əsasən cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verilə bilər. Kənar idarəçi ilə ümumi yığıncaqda təsdiq olunan və cəmiyyətin adından ümumi yığıncaqda sədrlik edən və ya ümumi yığıncağın səlahiyyət verdiyi iştirakçılardan biri tərəfindən imzalanan müqavilə bağlanır. Məhkəmənin mövqeyi və əsaslandırması: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdıraraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri mövcud olmamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC qeyri-maliyyə institutu olmaqla yalnız mühasibat məsləhəti xidmətləri göstərmişdir və bu fəaliyyət “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsində nəzərdə tutulan xidmət və əməliyyat növlərinə aid edilmir. Qanunun 3.1-ci maddəsinə əsasən, bu tələblər yalnız daşınmaz əmlakın alqı-satqısı, müştərinin pul vəsaitləri, əmlakı və ya hesablarının idarə olunması, hüquqi şəxslərin yaradılması və idarə olunması, eləcə də bu fəaliyyətlərdə iştirak kimi konkret əməliyyatların həyata keçirildiyi hallarda tətbiq edilir. "xxxx" MMC-nin fəaliyyətində isə göstərilən əməliyyatların heç birinə rast gəlinməmiş, yalnız müştərilərin təqdim etdiyi məlumatların (rəqəmlərin) elektron sistem vasitəsi ilə vergi orqanına təqdim olunması ilə məhdudlaşdığı müəyyən edilmişdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin dövlət vergi müfəttişi X3 tərəfindən "xxxx" MMC-nin mühasibat fəaliyyətini hüquqi şəxslərin idarə edilməsi kimi qiymətləndirilməli olduğu bildirilmişdir. Lakin bu iddia Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91-2.4-cü maddəsinin tələblərinə ziddir. Həmin maddəyə əsasən, hüquqi şəxsin idarə edilməsi yalnız cəmiyyətin icra orqanının səlahiyyətlərinin müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verildiyi hallarda baş verir. Yoxlama materiallarında, eləcə də məhkəmə prosesində belə bir müqavilənin mövcudluğu barədə hər hansı bir sübut təqdim edilməmiş, yoxlamanı həyata keçirmiş əməkdaş da belə bir müqavilənin olmadığını təsdiq etmişdir. Bundan əlavə, "xxxx" MMCnin mühasibatlıq fəaliyyəti yalnız rəqəmlərin müvafiq hesabatlara daxil edilməsi və müştərilər adından vergi orqanına elektron qaydada təqdim olunması ilə məhdudlaşmışdır. Bu fəaliyyət isə Mülki Məcəllənin 91-2.4-cü maddəsində nəzərdə tutulan hüquqi şəxsin idarə edilməsi anlayışına uyğun gəlmir. Bununla yanaşı, cəmiyyətin hüquqi şəxslərin idarə edilməsi və ya onların maliyyə əməliyyatlarının təşkili ilə bağlı hər hansı fəaliyyət göstərdiyinə dair vergi orqanı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə, "xxxx" MMC-nin fəaliyyətində daxili nəzarət proqramının tətbiq edilməməsi və məsul şəxsin təyin olunmaması ilə bağlı iradlar da hüquqi baxımdan əsassızdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinə əsasən, yalnız “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tətbiq dairəsinə aid fəaliyyət növləri ilə məşğul olan qeyri-maliyyə institutları və peşə sahibləri üçün bu tələblər məcburidir. "xxxx" MMC isə nə qanunun 3.1-ci maddəsində nəzərdə tutulan xidmətləri həyata keçirmiş, nə də bu fəaliyyətlə məşğul olmaq üçün qanunla müəyyən edilmiş bir öhdəlik daşımışdır. Vergi orqanı tərəfindən təqdim edilən yoxlama nəticələrində belə, cəmiyyətin yalnız mühasibat məsləhəti fəaliyyəti ilə məşğul olduğu təsdiq edilmişdir. Bu fəaliyyət isə qanunun tətbiq dairəsinə aid edilmir və buna görə də daxili nəzarət proqramının tətbiqi ilə bağlı tələblər cəmiyyətə tətbiq edilə bilməz. Vergi orqanı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən hüquq pozuntuları ilə bağlı əsaslandırmaların heç biri sübutlarla təsdiq olunmamışdır. Bundan başqa, "xxxx" MMC-nin direktorunun təqdim etdiyi müqavilədə yalnız vergi xidməti ilə bağlı məsləhət verilməsinin qeyd olunması, vergi xidməti tərəfindən irəli sürülən ittihamın bir daha təsdiq olunmamasına dəlalət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 79-cu maddəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmayan vəzifələrin icrasına məcbur edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız qanunla müəyyən edilmiş inzibati xətalara görə məsuliyyət nəzərdə tutulur və təqsirsizlik prezumpsiyasına əsasən, şəxsin təqsirli olması sübut olunmadıqca o, məsuliyyətə cəlb edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru Nümayəndə İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xətanın tərkib əlamətləri olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru Nümayəndə İXM-in 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xətanın tərkib əlamətləri olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xətanın tərkib əlamətləri olmadığından AR İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-10133/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-10133/2025
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver