Məhkəmə qərarları › İş №3(004)-1020/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1020/2022

17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1020/2022 17.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fərdi sahibkar Şəxs nümayəndəsi (vəkili) X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası X6 Bakı şəhəri Reklam İdarəsinin səlahiyyətli nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının X6 Bakı şəhər Reklam İdarəsi tərəfindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının X6 Bakı şəhəri Reklam İdarəsinin baş müfəttişi X7 tərəfindən 16 fevral 2022-ci il tarixdə fərdi sahibkar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı şəhəri, Yasamal rayonu, X4 559 A ünvanında müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yerləşdirilməsi aşkar edilmişdir. Məhkəmə iclasında fərdi sahibkar Şəxs tərtib edilmiş protokola etirazını bildirərək qeyd etmişdir ki, onların X6 ilə 01.02.2019-cu il tarixində, M********** saylı açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsi vardır və sözügedən müqavilə hər il tərəflər arasında yenilənir. "ASİLA BEAUTY" mağazasının sol tərəfində yerləşən hissəsi başqa bir şəxs tərəfindən mağazalarının sahəsini genişləndirdiyi üçün icarəyə götürmüş və onıarın həmin sahədə yerləşdirdiyi reklamlar isə tərəflərindən sökülmüşdür. Reklamlar söküldükdən sonra faktiki reklam sahəsi yarı-yarıya azalmışdır. Faktiki reklam sahəsi azaldığı üçün yoldaşı 2021 və 2022-ci illəri üçün X3 reklamın rəsmiləşdirilməsi işlərinə baxan Azər müəllimə istifadə etdiyi reklam ölçülərinin yarı-yarıya azaldığını bildirmiş və hətta dəfələrlə bunun üçün Agentliyin yerləşdiyi binada Azər müəllimin yanında olmuşdur. Azər müəllim sonuncu reklamın yarı-yarıya azalması ilə bağlı ərizəni yazıb Reklam Agentliyinə təqdim etməyini bildirdi və onlar də öz növbələrində ərizəni yazıb təqdim etdilər. Reklam Agentliyinin nümayəndələri qərəzli mövqedən məsələyə yanaşaraq, onların xəbəri və iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. O, bu günkü günədək açıq məkanda reklam yerləşdirilməsinə dair müqavilənin şərtlərini pozmamış və ödənişlərini vaxtı-vaxtında icra etmişdir. Göstərilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Azərbaycan Respublikasının X6 Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X5 protokolu müdafiə edərək, onun təmin olunmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi 2021-ci ilin fevral ayında baş verməsinə baxmayaraq, Bakı şəhəri Reklam İdarəsi tərəfindən inzibati xəta haqqında protokol 16 fevral 2022-ci il tarixində tərtib edilmişdir və həmin protokol qanunvericiliyin aşağıda qeyd edilən 38.1-ci maddəsində nəzərdə tutulmuş üç aylıq müddət pozulmaqla (ötürülməklə) tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-cı maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barələrində belə qərar qəbul edilmiş şəxslərə göndərilir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs İXM-in 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 53, 106-115 və 428.7.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar