Məhkəmə qərarları › İş №3(004)-1028/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1028/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1028/2023 17.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhəri Baş Polis İdarəsinin (BPİ) X12 İdarəsi (DYPİ) 25 yanvar 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş 25 yanvar 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, DYPİ Yol patrul xidməti bas inspektor polis leytenantı X5 tərəfindən 15 yanvar 2023-cü il tarixində onun barəsində idarə etdiyi 10KM004 dövlət nömrə nişanlı, “Toyota” markalı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nərimanov prospektində guya yol hərəkəti qaydalarını pozması İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulan xətan törətməsi ilə əlaqədar inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmişdir. 13 fevral 2023-cü il tarixində isə yazılı şəkildə Bakı şəhər DYPİ tərəfindən onun inzibati məsuliyyət cəlb olunması ilə əlaqədar TP ******* saylı, xx.xx.2023 tarixli qərarı almışdır. Tərtib edilmiş İXP ******* saylı, 15 yanvar 2023 tarixli protokolu onun, əsasında qəbul edilmiş 25 yanvar 2023 tarixli, TP ******* saylı Qərarı aşağıdakı səbəblərdən əsassız və qanunsuz hesab edir və ləğv edilməsini xahiş edir. DYP tərəfindən idarə etdiyi nəqliyyat vasitəsi saxladılaraq ona maşının sarı işığını yandırmadığı bildirilmişdir. O öz hərəkət zolağı ilə hərəkət etdiyi, bunun üçün sarı işığın yandırılması tələbinin olmadığını bildirmişdir. Lakin, buna baxmayaraq barəsində İXP tərtib edilmiş, lakin şifahi olaraq dönmə hərəkəti üçün nəzərdə tutulan sarı işığın yandırılmaması bildirilsə də protokolda bu qeyd edilə bilməmişdir. O protokolun tərtibinə etiraz etmiş, bu haqda protokolda qeydlər aparacağını bildirmişdir. Protokolda razı olmadığını, öz hərəkət zolağı ilə hərəkət etdiyi haqda qeydlər aparmışdır. Bütün bunları görən DYP əməkdaşı heç ona qanunvericilikdə nəzərdə tutulan qaydada Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrini belə izah etməmiş, bu haqda Protokola imza etdirməmişdir. Bundan sonra, həmin gün inzibati məsuliyyətə cəlb edilərək 30 manat cərimə olunması haqqında nömrəsiz qərar qəbul edilmişdir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən sürücü kimi mənim vəzifəm yalnız hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər xarici işıq siqnallarının köməyi ilə digər hərəkət iştirakçılarını xəbərdar etmək müəyyənləşdirilmişdir. Həmin Qanunun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Göründüyü kimi, öz hərəkət zolağı ilə hərəkət edərkən xarici işıq siqnalından istifadə etməyi qanunverici onun üzərinə vəzifə kimi qoymamışdır və qanunu pozmadığı üçün o məsuliyyətə cəlb edilə və inzibati tənbeh edilə bilməz. Göstərilənlərə əsasən Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş 25 yanvar 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş 25 yanvar 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş 25 yanvar 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 15 yanvar 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X6 15 yanvar 2023-cü il tarixdə saat 12:41-də “X11 Prado” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 4 ünvanında Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 30 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə - otuz manat məbləğində cərimə edilir. Qeyd edilən 25 yanvar 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X6 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 329.3cü maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Bakı şəhər BPİ DYPİ nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsinin X12 İdarəsi tərəfindən qəbul edilmiş 25 yanvar 2023-cü il tarixli TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsinin X12 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsinin X12 İdarəsi tərəfindən qəbul edilmiş 25 yanvar 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsinin X12 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar