Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-103/2022 17.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 492.1 və 491.3-cü maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala əsasən Şəxs MMC tərəfindən Belarusiyadan 99LJ60/10ZX013 qeydiyyat nişanlı avtomaşınla adı qeyd olunan MMC-nin ünvanına göndərilmiş pivə məmulatları 10.11.2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********8977 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməsi başa çatmamış Şəxs MMC tərəfindən gömrük təminatı gömrük orqanının icazəsi olmadan məhv edilmiş və gömrük təminatı altında yerləşdirilmiş mallar boşaldılaraq başqa anbara aparılmışdır. Bu səbəbdən həmin mallara gömrük nəzarətini həyata keçirmək mümkün olmamışdır. Bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X1 tərəfindən 13.12.2021-ci il tarixdə, 14000-0572/21 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Aksizli mallar üzrə Baş Gömrük İdarəsi Aksiz markalarına nəzarət şöbəsinin baş inspektoru Vüqar Əliyevin və Şəxs MMC-nin nümayəndəsi Həsən Əhmədovun iştirakı ilə tərtib edilmiş 11.11.2021-ci il tarixli aktdan görünür ki, Aznur MMC-nin ünvanına Belarusiyadan idxal olunan və **********8977 saylı YGB-İ ilə bəyan olunmuş pivə məmulatına gömrük nəzarəti keçirilən zaman məlum olmuşdur ki, həmin mallar rəsmiləşdirilməsi başa çatmamış boşaldılaraq satışa çıxarılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şəxs MMC hüquq şöbəsinin rəisi Bağırov ziya Bala oğlunun izahatından görünür ki, Şəxs MMC-nin ünvanına Belarusiyadan idxal olunmuş mallar Aksizli mallar üzrə Baş Gömrük İdarəsində **********8977 sorğu nömrəli, 10.11.2021-ci il tarixli gömrük bəyənnaməsi ilə rəsmiləşdirilməsini, Şəxs MMC-nin ünvanına 99LJ060/10ZX013 nömrəli yük avtomaşınında göndərilmiş pivə məmulatları gömrük rəsmiləşdirilməsi sona çatmamış boşaldılaraq, digər anbara aparılmasını qeyd edərək gömrük qaydalarının pozulduğunu qəbul edirlər. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.24-cü maddəsinə əsasən gömrük təminatı- gömrük nəzarəti və rəsmiləşdirilməsinin nəticələrini əks etdirmək üçün gömrük sərhədindən keçirilən mallara və nəqliyyat vasitələrinə gömrük orqanları tərəfindən vurulan plomblar, möhürlər və digər eyniləşdirmə vasitələridir. Həmin Məcəllənin 205.1-ci maddəsinə əsasən gömrük orqanları gömrük nəzarəti altında qalmaqla idxalı, ixracı və ya gömrük ərazisindən tranzitlə keçirilməsi nəzərdə tutulan mallara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada gömrük təminatının vurulmasını həyata keçirirlər. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən gömrük orqanlarında təsdiq edilmiş təhlükəsiz ixrac sxemi üzrə ixrac olunmayan malların yerləşdirildiyi bağlamalara gömrük təminatını vuran gömrük orqanlarının vəzifəli şəxslərindən bağlamalara bağlamaya ilk gömrük təminatının vurulduğu vaxtdan bu təminatının gömrük orqanı tərəfindən rəsmi çıxarılmasınadək malların həmin bağlamada olmasını; gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitələrini saxlamaq və yoxlamaq səlahiyyətlərinin gömrük təminatı vurulmuş bağlamalarda yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan malları daşıyan nəqliyyat vasitələrinə də şamil olunduğunu izah edən bildirişin əlavə edilməsi tələb olunur. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 492.1 və 491.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1 və 491.3-cü maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 492.1 və 491.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 492.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1 və 491.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-103/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-103/2022
17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver