Məhkəmə qərarları › İş №3(004)-103/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-103/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-103/2024 23.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor müavini X2 və etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri, Yasamal rayonu, Füzuli, ev 1 ünvanında qeydiyyatda olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatr-nın (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş EP ******* saylı 20 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Füzuli, ev 1 ünvanında qeydiyyatda olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatr (VÖEN **********) xx.xx.2023-cü il tarixdə Bakı Baş Gömrük İdarəsində **********6212 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş, Qazaxıstandan AS001İR/AS001İ nömrəli nəqliyyat vasitəsi ilə gətirilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsini verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Dövlət Akademik Milli Dram Teatrınin etibarnamə üzrə nümayəndəsi X7 və direktor müavini H.Məmmədov barələrində tərtib olunmuş protokola etiraz edərək bildirmişdir ki, 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik və milli teatrın 150 illik yubileyi münasibətilə Şuşada və Bakıda ilk TÜRKSOY X8 keçirilmişdir. Festivala hazırlıqla əlaqədar Qazaxıstandan Bakıya tədbir üçün lazım olan mallar və əşyalar yük maşını vasitəsilə ölkəyə idxal olunmuşdur. Bununla bağlı Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanova xx.xx.2023-cü il tarixində məktub ünvanlanaraq bildirilmişdir ki, idxal olunan mallar və əşyalar 30 oktyabrdan 5 noyabradək davam edəcək TÜRKSOY X4 iştirak edəcək Qazaxıstandan gələn Türküstan musiqili-dram teatrının 3 noyabrda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində oynanılacaq tamaşasında istifadə olunacaq və festival bitdikdən sonra geri qaytarılacaq. Lakin buna baxmayaraq həmin mallara dair qısa idxal bəyannaməsi verilməməsinə görə barələrində protokol tərtib olunmuşdur. Həmin inzibati xəta haqqında protokol əsassız olduğun ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Dövlət Akademik Milli Dram Teatr tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə verilmiş xx.xx.2023-cü il tarixli elektron gömrük bəyannaməsindən görünür ki, Qazaxıstan Respublikası ərazisindən ixracatçı QKKP X1 Upravleniya Kulturi i X5 tərəfindən göndərilən ümumi çəkisi 9005,94 kq, gömrük dəyəri 57467,59 manat təşkil edən mallar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı tərəfindən idxal edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədov tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanova xx.xx.2023-cü il tarixində ünvanlanan məktubdan görünür ki, 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik və milli teatrın 150 illik yubileyi münasibətilə Şuşada və Bakıda ilk TÜRKSOY X8 keçirilmişdir. Festivala hazırlıqla əlaqədar Qazaxıstandan Bakıya tədbir üçün lazım olan mallar və əşyalar yük maşını vasitəsilə ölkəyə idxal olunmuşdur. İdxal olunan mallar və əşyalar 30 oktyabrdan 5 noyabradək davam edəcək TÜRKSOY X4 iştirak edəcək Qazaxıstandan gələn Türküstan musiqili-dram teatrının 3 noyabrda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində oynanılacaq tamaşasında istifadə olunacaq və festival bitdikdən sonra geri qaytarılacaq. Bununla da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu istisna edilir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.40-cü maddəsinə əsasən müşayiət olunmayan baqaj dedikdə – sərnişinlərə məxsus olan, gömrük sərhədindən nəqliyyat və ya poçt təşkilatı tərəfindən qaimə əsasında keçirilən mallar nəzərdə tutulur. Həmin məcəllənin 114.1-ci maddəsinə əsasən qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir.Həmin məcəllənin 114.3-cü maddəsinə əsasən qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların numayəndələri, idxalatçı, small alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən verilə bilər. Məkləmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərtib edilmiş inzibati protokolda gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu kimi göstərilmiş mallar kommersiya məqsədi daşımamaqla bərabər sərnişinlərə (tamaşa oynayacaq aktyorlara) məxsus olan, şəxsi və müşayiət olunmayan baqaj olmuşdur və ona görə də həmin baqaj Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin təsiri altına düşmür. Digər tərəfdən məhkəmə qeyd edir ki, həmin şəxsi (aktorlara məxsus xüssu paltarlar) əşyalar Azərbaycan Respublikasına dövlət tədbirinə gəldikləri və 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik və Milli teatrın 150 illik yubileyi münasibətilə Şuşada və Bakıda ilk TÜRKSOY X6 keçirilməsi üçün gətirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatr-nın hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş EP ******* saylı 20 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Dövlət Akademik Milli Dram Teatr-nın hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş EP ******* saylı 20 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar