Məhkəmə qərarları › İş №3(004)-103/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-103/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-103/2025 17.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 3, mənzil 65 olan Şəxs MMC (VÖEN: **********) Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 18 dekabr 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC tərəfindən 50000.00 (əlli min) ABŞ dolları məbləğində xarici valyutada olan vəsait köçürmə ərizəsinə əsasən "xxxx" MMC-də olan bank hesabından 25 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 50000.00 (əlli min) ABŞ dolları məbləğində vəsaitdən qalıq qalmış 38300.00 (otuz səkkiz min üç yüz) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsi və ya vəsait hesabına xidmətlərin göstərilməsini, işlərin görülməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankı Şəxs MMC barəsində 18 dekabr 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib edərək Şəxs MMC-nin 50000.00 ABŞ dolları məbləğində vəsaiti 25 noyabr 2022-ci il tarixdə xaricə köçürdüyünü və 2 il müddət keçsə də, 38300.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etmədiyini, valyuta vəsaitini geri qaytarmadığını bildirmişdir. Əsas kimi isə "xxxx" QSC tərəfindən Mərkəzi Banka ünvanlanmış məlumatda Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixində "xxxx" QSC vasitəsi ilə qabaqcadan ödəniş yolu ilə 50000.00 (əlli min) ABŞ dolları məbləğində vəsaitin Azərbaycan Respublikasından kənara köçürülmə edildiyi, lakin həmin məbləğin açıq qalan hissəsinə 38000.00 (otuz səkkiz min üç yüz) ABŞ dolları) uyğun müvafiq malların ölkəyə daxil olduğunu təsdiq edən sənədin Banka təqdim edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 18 dekabr 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol ləğv edilməlidir: İlkin olaraq bildirək ki, Alıcı Şəxs MMC ilə Satıcı “Shanghai Nuohengxin tııtemational Trade CO.,LTD” arasında xx.xx.2022ci il tarixli, NHX20221101 saylı, Müqaviləyə əsasən nəzərdə tutulmuş malların ölkə ərazisinə gətirilməsi razılaşdırılmışdır. N Bunun əsasında, ölkəyə gəlməli olan mallara münasibətdə 50000 ABŞ dolları məbləğində pul vəsaiti qabaqcadan ödəniş qaydasında "xxxx" QSC vasitəsi ilə satıcının hesabına köçürülmüşdür. Bu ödənişin nəticəsi olaraq 11700 ABŞ dolları məbləğində pul vəsaiti üzrə 2023-cü ilin avqust ayında ölkəyə daxil olan mallara münasibətdə qanunveriliklə müəyyən edilmiş qaydada bəyan edilmişdir. Lakin satıcı X1 Trade CO.,LTD tərəfindən şirkətimizə təqdim edilən xx.xx.2023-cü il tarixli müraciətə əsasən bildirilmişdir ki, maliyyə çətinlikləri ilə əlaqədar şirkət fəaliyyətini həyata keçirməkdə problemlərlə üzləşməkdədir və bunun nəticəsi olaraq malların ölkə ərazisinə gətirilməsi üzrə güzəştlərin edilməsi, yaxud 50000 ABŞ dolları məbləğində pul vəsaitinin açıq qalmış hissəsi üzrə 38300 ABŞ dolları məbləğində pul vəsaitinin alıcı Şəxs MMC-yə geri qaytarılmasına şəratin yaradılması xahiş edilmişdir. Satıcının bu müraciətinə cavab olaraq alıcı Şəxs MMC tərəfindən bildirilmişdir ki, mallarla bağlı hər hansı güzəştin edilməsi qeyri-mümkündür. Belə ki, 38300.00 ABŞ dolları məbləğində pul vəsaitinin alıcıya geri qaytarılmasının məqsədə uyğun olduğu satıcının nəzərinə çatdırılmışdır. Habelə, bu məsələ üzrə təfərrüatlı danışıqların həyata keçirilməsi üçün Şəxs MMC-nin rəhbərliyi tərəfindən oktyabr ayının sonlarında Çin Xalq Respublikasının ərazisinə görüş məqsədli səfər həyata keçirilmişdir. Rəhbər şəxslərin danışıqlarının nəticəsində 38300.00 ABŞ dolları məbləğində pul vəsaitinin alıcıya geri qaytarılması və bunun müqaviləyə əlavə ilə rəsmiləşdirilməsinə dair yekun qərar qəbul edilmişdir. Lakin maliyyə və təchizatçı problemlərini əsas gətirən alıcı ödənişin 2024-cü ilin əvvəli üzrə həyata keçirəcəyini vurğulamışdır. Həmçinin qeyd edilən razılaşmaya dair xx.xx.2022-ci il tarixli, NHX20221101 nömrəli müqaviləyə 20 dekabr 2023-cü il tarixində tərtib edilmiş və imzalanmışdır. Belə ki, satıcı şirkətin nümayəndələri 2024-cü ilin iyun ayında Azərbaycan Respublikası ərazisinə səfərləri zamanı şirkətin fəaliyyətinin tamamilə dayandırıldığını qeyd etmiş, 38300.00 ABŞ dolları məbləğində pul vəsaitini nağd qaydada alıcıya geri qaytarmış və bu mədaxil qəbzi ilə rəsmiləşdirilmişdir. Bütün yuxarıda sadalanan hallar sübut edir ki, Şəxs MMC tərəfindən İXM- nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olan əməl törədilməmiş, hal-hazırda mübahisə predmeti olan 38300.00 ABŞ dolları nağd qaydada ölkə ərazisinə geri qaytarılmışdır. Odur ki, İXM-nin 430.4-cü maddəsilə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə cərimə nəzərdə tutulmuşdur, lakin mövcud vəziyyətdə qoşmaya əlavə edilən sənədlər, tərəflər arasında olan danışıqları əks etdirən məktubların surəti və mədaxil qəbzi vəsaitin ölkəyə geri qaytarıldığını sübut edir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan "xxxx" MMC-nin 25 noyabr 2022-ci il tarixli xarici valyutada köçürmə ərizəsindən görünür ki, Şəxs MMC-nin bank hesabından “X1 Trade Co. LTD” şirkətinin bank hesabına xx.xx.2022-ci il tarixli NHX20221101 nömrəli müqaviləyə və eyni tarixli və nömrəli invoysa əsasən 50000.00 (əlli min) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti köçürülmüşdür. İş materiallarından görünür ki, Şəxs MMC ilə “X1 Trade Co. LTD” şirkəti arasında xx.xx.2022-ci il tarixli NHX20221101 nömrəli müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli NHX20221101 nömrəli invoysa əsasən malların ümumi dəyəri 155568.98 ABŞ dolları təşkil edir. “X1 Trade Co. LTD” şirkəti ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmadan görünür ki, Şəxs MMC tərəfindən təqdim edilmiş 04 iyun 2024-cü il tarixli kassa mədaxil orderindən görünür ki, “X1 Trade Co. LTD” şirkəti tərəfindən təkər alışı üzrə ödənilmiş məbləğin geri qaytarılması üçün 38300.00 (otuz səkkiz min üç yüz) ABŞ dolları məbləğində vəsait nağd şəkildə Şəxs MMC-yə ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 ildən artıq müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanı yaranır. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Bununla yanaşı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 13.5-ci maddəsinə görə “cinayət, inzibati xətalar və vergi qanunvericiliyində məsuliyyətə cəlb olunma hallarında hüququn analogiyasından və ya qanunun analogiyasında istifadə oluna bilməz”. Göründüyü kimi, əsasən preventiv xarakterli olduğu üçün inzibati xəta qanunvericiliyində analogiyadan, yəni genişləndirici təfsirdən istifadəni qadağan edir. Buradan da göründüyü kimi qanunverici maddələrin mətnlərində nəzərdə tutulmayan vəzifələrin, məhdudiyyətlərin qoyulmasını qadağan edir. Hazırki işdə isə müəyyən edilir ki, Şəxs MMC tərəfindən "xxxx" MMC vasitəsi ilə “X1 Trade Co. LTD” şirkətinin hesabına bağlanmış müqavilə əsasında 25 noyabr 2022-ci il tarixdə 50000.00 (əlli min) ABŞ dolları məbləğində pul vəsaiti sifariş verilmiş malların dəyəri olaraq köçürülmüşdür. Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 50000.00 (əlli min) ABŞ dolları dəyərində vəsaitdən qalıq qalmış 38300.00 (otuz səkkiz min üç yüz) ABŞ dolları məbləğində vəsait hesabına mallar “X1 Trade Co. LTD” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Azərbaycan Respublikasına idxal edilməmişdir. Şəxs MMC-nin 04 iyun 2024-cü il tarixli kassa mədaxil orderindən görünür ki, “X1 Trade Co. LTD” şirkəti tərəfindən təkər alışı üzrə ödənilmiş məbləğin geri qaytarılması üçün 38300.00 (otuz səkkiz min üç yüz) ABŞ dolları məbləğində vəsait nağd şəkildə Şəxs MMC-yə ödənilmiş lakin həmin məbləğdə vəsait bank vasitəsilə geri qaytarılmamış, həm də həmin köçürmənin qalıq qalmış vəsaitin əvəzi olaraq geri qaytarılması heç bir sənəd ilə təsdiq edilmir. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın obyekti olmuş 38300.00 (otuz səkkiz min üç yüz) ABŞ dolları məbləğində vəsaitin 20 (iyirmi) faizi həddində, yəni 7660.00 (yeddi min altı yüz altmış) ABŞ dolları məbləğində ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar