Məhkəmə qərarları › İş №3(004)-1033/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1033/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1033/2021 07.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 26 avqust 1999-cu il tarixdə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 20.03.2021-ci il tarixdə, saat 14:30 radələrində idarə etdiyi “KİA RİO” markalı, AZ **-MD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla kənar dairəvi yolla D.Bünyadzadə küçələrinin kəsişməsində Mercedes Benz markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobili görməyərək vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 20.03.2021-ci il tarixdə təxminən saat 14:30 radələrində idarə etdiyi Kia Rio markalı 99 MD-760 dövlət qeydiyyat nişanlı avtomobillə D.Bünyadzadə küçəsindən kənar dairəvi yola çıxan zaman sağdan kənar dairəvi yolla hərəkətdə olan Mercedes Benz markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. O Mercedes Benz markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobili gözləmədən yola çıxdığına görə yol-nəqliyyat hadisəsi baş vermişdir. Onun avtomobilinə və Mercedes Benz markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Yol polisi hadisə yerinə gələrək araşdırma aparmağa başlamışdır. Avtomobili təxminən 10 km/saat surətlə idarə etmişdir. O, əməlindən peşman olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsi DYPŞ-nin baş inspektoru X1 tərəfindən tərtib edilmiş 15.04.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsi Təhqiqat Şöbəsinin təhqiqatçısı Ariz Qədiməliyev tərəfindən qəbul edilmiş 03.04.2021-ci il tarixli qərarla, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilməsi, “Kia Rio” markalı, AZ **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 54-cü maddəsinin 2-ci hissəsi və Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qərarın surətinin Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Yasamal rayon Polis İdarəsi DYPŞ-nin baş inspektoru X1 tərəfindən tərtib edilmiş 15.04.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, 03.04.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və digər iş materialları ilə sübuta yetirilir. Odur ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar