Məhkəmə qərarları › İş №3(004)-1043/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1043/2021

22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1043/2021 22.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X10 oğlunun, zərər çəkmiş şəxs (tələbkar) - X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxx 1953-cü ildə İsmayıllı rayonu Talıstan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 mənzil 1 ünvanında yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx xxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 2139/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 117000 (yüz on yeddi min) manat məbləğində borc və həmçinin ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq tələbkar X6 ödənilməlidir. Şəxs dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına baxmayaraq icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən üzrsüz səbəbdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs protokolla tanış olaraq imzalamış və protokolla razılaşmadığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(005)-2139/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən borclu Şəxs 117.000 (yüz on yeddi min) manat məbləğində borc və həmçinin ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq tələbkar X6 ödənilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarla icraata başlanılmış, həmin qərar, tələbin könüllü icrası üçün bildiriş və icra sənədinin surətləri birlikdə icra edilməsi üçün borclu Şəxs göndərilmişdir. Məcburi icra tədbirləri zamanı onun mülkiyyətində hər-hansı bir əmlakının və ya bankda pul vəsaitinin olması aşkar edilməmişdir. Yalnız borclu Şəxs adına əmək pensiyası vardır. Lakin həmin pensiya məbləğinə tutmanın yönəldilməsi mümkün deyildir. Bununla bağlı borclunun özü tərəfindən də müraciət daxil olmamışdır. Məhkəmənin qeyd olunan icra sənədinin verilməsinə əsas olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(005)-2139/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya və kassasiya şikayətləri verildiyindən xx xxxxxx 2020-ci il tarixli qərarla icraat dayandırılmış, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-6413/2020 nömrəli qərarı ilə qüvvədə saxlanılmış, bundan sonra xx xxxxxx 2021-ci il tarixli qərarla icra sənədi üzrə icraat təzələnmiş, tələbin könüllü icrasına dair bildiriş borclunun ünvanına təkrarən göndərilmiş və həmin tarixdə rəsmi qaydada qəbul edilmişdir. Məhkəmə qətnaməsinin qüvvədə saxlanılmasına baxmayaraq borclu Şəxs icra sənədi üzrə hal-hazıradək borc məbləğindən cüzi miqdarda, yəni xx xxxx 2021-ci il tarixdə cəmi 3000 (üç min) manat ödəniş etmişdir. Borclu Şəxs bununla bağlı Yasamal rayon İcra şöbəsinə dəfələrlə dəvət edilmiş, izahatı alınaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati və həmçinin cinayət məsuliyyəti barədə ona yazılı və şifahi xəbərdarlıq edilmişdir. Buna baxmayaraq o, icra sənədlərini icra etməkdən üzrsüz səbəbdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Həmçinin borclu icra sənədi üzrə icraatın qəsdən yubadılması məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinə qanuni qüvvəyə minmiş hökmlə artıq müəyyən edilmiş mülki iddia məbləği üzrə onun payının müəyyən edilməsinə dair müraciət etdikdən sonra, İcra şöbəsinə yeni ərizə ilə icraatın dayandırılması tələbini irəli sürmüşdür. Bununla yanaşı borclu paralel olaraq icra sənədi üzrə icraatın başlanılması haqqında icra məmuru tərəfindən qəbul edilmiş qərarı Bakı İnzibati Məhkəməsində mübahisələndirmiş, eyni zamanda icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi borclu bu hərəkətləri ilə qərəzli olaraq icra sənədini icra etməkdən, bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınır. Buna görə də, onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən icra məmuru X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-2139/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən ümumilikdə 117.030,40 manat məbləğində olan borcunu ödəməkdən yayınmır, lakin o, borcun bir qismi ilə razılaşmır, buna görə də Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə ilə müraciət edərək mülki iddia üzrə payının müəyyənləşdirilməsini, eyni zamanda Yasamal Rayon Məhkəməsinə xx xxxxx 2021-ci il tarixdə ərizə ilə müraciət edərək qətnamənin icrasına möhlət verilməsini məhkəmədən xahiş etmişdir. O, cəza çəkmə müəssisəsindən çıxdıqdan sonra maddi vəziyyəti çətinləşmiş, yeganə qazanc yeri pensiya məbləğidir və hazıradək borcundan yalnız 3000 manat ödəniş etmişdir. Gələcəkdə isə borcunu hissə-hissə ödəyəcəyini və özünün isə xəstə olmasını diqqətə çatdıraraq qalıq qalan məbləğin ödənilməsi üçün ona vaxt verilməsini bildirdi. Şəxs göstərilən halların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra məmurunun çağırışlarına vaxtlıvaxtında gəlməsini, çağırışlardan heç vaxt yayınmamasını, borcu üzrə 3000 manat məbləğində ödəniş etməsini, həmçinin icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin hissəhissə ödənilməsi ilə bağlı məhkəməyə xx xxxxx 2021-ci il tarixdə müraciət edilməsini, tələbin borclunun pensiya vəsaitinə yönəldilə biləcəyini nəzərə alaraq, Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən tərtib edilmiş xx xxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolun əsassız hesab edilərək Şəxs barəsində iş üzrə icraata xitam verilməsini və onun inzibati məsuliyyətdən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, borclu Şəxs icra sənədini uzun müddətdir ki, qərəzli olaraq icra etmir. Şəxs onun etibarından sui-istifadə edib aldadaraq külli miqdarda pul vəsaitini mənimsəmiş və bununla bağlı o, cinayət məsuliyyətinə cəlb edilmişdir. Qeyd olunan cinayət əməli nəticəsində ona dəymiş ziyanın ödənilməsi ilə bağlı isə o, mülki mühakimə icraatı qaydasında iddia vermiş və Yasamal Rayon Məhkəməsinin 2(005)- 2139/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən borclu Şəxs 117.000 (yüz on yeddi min) manat məbləğində borcun və həmçinin ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq ona ödənilməsi qət edilmişdir. Şəxs ona olan borcun ödənilməsindən yayınmış, hətta sonuncu dəfə borcundan ilkin olaraq 20.000 manat ödəniş edəcəyi barədə ona vəd verməsinə baxmayaraq, həmin vədinə də əməl etməyib yalnız hesaba 3000 manat ödəniş etmişdir. Şəxs ona dəfələrlə ödəniş edəcəyi barədə vədlər verməsinə baxmayaraq, hər dəfə icra sənədinin icrasından yayınmış, gah əsassız olaraq məhkəmə qətnaməsini yuxarı instansiya məhkəmələrində mübahisələndirmiş, gah da digər məhkəmələrə ərizələr vermişdir ki, onun bütün bu müraciətləri yalnız işin yubadılmasına istiqamətlənmişdir. Şəxs borcunu ödəməməsi nəticəsində o, çox çətin vəziyyətə düşmüş, belə ki, o, özünə məxsus evi satıb, üstünə özündə olan pul vəsaitini əlavə edib sonuncuya yeni ev almaq üçün vermişdir. Lakin hazıradək ona nə yeni mənzil verilmədiyindən, nə də borc geri qaytarılmadığından övladı mənzilsiz qalmışdır. Odur ki, göstərilənlərə əsasən tələbkar X7 ona borcun tam şəkildə ödənilməsini tələb etdiyini, borclu ilə barışmaq və ona möhlət vermək niyyətinin olmadığını və icra sənədini qəsdən üzrsüz səbəbdən icra etməkdən yayınan Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində daha ciddi inzibati tənbeh tədbirinin təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin icra işi üzrə materialları araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, icra işi materiallarından görünür ki: -Yasamal Rayon Məhkəməsinin 2(004)-2139/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 117.000 (yüz on yeddi min) manat məbləğində borc və həmçinin ödənilmiş 30.40 ( otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq tələbkar X6 ödənilməlidir. İcra sənədi xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş və həmin tarixdə icraata başlanılması haqqında qərar qəbul edilmişdir. -Yasamal Rayon Məhkəməsinin 2(004)-2139/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən xx xxxxxxxx 2020-ci il tarixdə apellyasiya şikayəti verildiyindən xx xxxxxx 2020-ci il tarixli qərarla iş üzrə icraat dayandırılmışdır. -Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-6413/2020 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-4031/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. -Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli məktubundan müəyyən edilir ki, icra sənədi üzrə icraatın dayandırılmasına əsas olmuş zərurət aradan qalxdığından icraatın təzələnməsi xahiş edilmişdir. - İcraata başlamaq haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərar xx xxxxxx 2021-ci il tarixdə borclu Şəxs təkrarən tələbin könüllü icrasına dair bildirişlə birlikdə göndərilmiş, xx xxxxxx 2021-ci il tarixdə qərar, xx xxxxxx 2021-ci il tarixdə isə bildiriş rəsmi qaydada təhvil alınmış, xx xxxxxx 2021ci il tarixdə isə icra işi üzrə icraat təzələnmişdir. - xx xxxxxx 2021-ci il tarixdə borclu Şəxs icra məmuru tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli icraata başlama haqqında qərarı Bakı İnzibati Məhkəməsində mübahisələndirərək ləğv edilməsini və işin adiyyəti üzrə faktiki yaşadığı ünvana göndərilməsini xahiş etmişdir. xx xxxx 2021-ci il tarixdə isə o, Yasamal rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək bu xüsusatın nəzərə alınmasını xahiş etmişdir. - xx xxxxx 2021-ci il tarixdə borclu Şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə ilə müraciət edərək xx xxxx 2016-cı il tarixli hökmlə 182.000 manat ziyanın iştirakçılar arasında payının müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. xx xxxxx 2021-ci il tarixdə isə o, Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciəti nəzərə alınaraq icra işi üzrə icraatın hissəvi dayandırılmasını xahiş etmişdir. - Borclu Şəxs Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx xxxxx 2021-ci il tarixli izahatından isə müəyyən edilir ki, o, borcunu etiraf edərək 1600 manat məbləğində təqaüd almasını, əlavə gəlirinin olmadığını, həmin məbləğ hesabına 5 nəfərdən ibarət ailə üzvlərini dolandırdığını, əmlakı olmadığından həmin borcu tam ödəmək iqtidarında olmadığını, ilin sonunadək borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. - Müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxx 2021-ci il tarixli ərizədən müəyyən edilir ki, borclu Şəxs 117.030 manat məbləğində borcunun, yəni məhkəmə qətnaməsinin icrasına 1 il müddətində möhlət verilməsi barədə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə xx xxxxx 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs icra sənədi üzrə icraatın uzun müddətdir ki, başlanılmasına baxmayaraq hazıradək 117.030,40 (yüz on yeddi min otuz manat qırx qəpik) manat məbləğində borcdan cüzi məbləğdə, yəni ümumilikdə 3000 (üç min) manat ödəniş etməsini, kassasiya instansiyası məhkəməsinin qərarından sonra icra işi üzrə icraat xx xxxxxx 2021-ci il tarixdə təzələndikdən sonra, icra işinin yubadılmasına istiqamətlənmiş müxtəlif aidiyyəti məhkəmələrə, müxtəlif məzmunda ərizələr verməsi, xüsusilə də barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi tarixdə, yəni xx xxxxx 2021-ci il tarixdə məhkəməyə onun qətnaməsinin icrasına 1 il müddətində möhlət verilməsi barədə ərizəsinin daxil olması kimi hərəkətlərini, onun Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında verilmiş icra sənədi üzrə öz öhdəliklərindən qəsdən üzrsüz səbəbdən yayınması kimi qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərilən xüsusatları özünü müdafiə xarakterli məlumat olaraq qiymətləndirir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, yaşını, o cümlədən xəstəliyini, Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar