Məhkəmə qərarları › İş №3(004)-1044/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1044/2021

18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1044/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, X3 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X9 onun barəsində olan İXM-nin 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ X14 İdarəsinin qəbul etdiyi TP ******* saylı, 24.02.2021-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında göstərmişdir ki, bundan əvvəl onun verdiyi şikayət əsassız olaraq geri qaytarılıb. Məhkəmənin qeyd etdiyi ərazi aidiyyatı məsələsi ümumiyyətlə aydın deyil. Məhkəmənin istinad etdiyi Konstitusiya Məhkəməsinin 04.11.2020-ci il tarixli “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” dair Plenum Qərarında göstərilir ki, “Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər”. Birinci dəfə şikayət etdi, eyni məhkəmə və eyni hakim fərqli qərarlar qəbul edir. O, Yasamal rayonunda yaşayır və pasport qeydiyyatındadır, hadisə də Yasamal rayonu ərazisində törədilib. Maraqlıdır ki, hakim niyə onun şikayətini geri qaytarıb? Bu yalnız süründürməçilikdir. O, buna başqa ad verə bilmir. Yuxarıda qeyd edilənləri nəzərə almağı xahiş edir və məsələ barədə aşağıdakıları diqqətə bir daha çatdırır: bildirmişdir ki, 25 noyabr 2019-cu il tarixdə 20 yanvar dairəsindən üzü Moskva prospektinə doğru ona məxsus olan “Kia Rio” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən saat 13:30 radələrində Bakı şəhəri BPİ YPX-nin baş inspektoru polis baş leytenantı X4 ona yaxınlaşdı və özünü təqdim edərək sənədlərini tələb etdi. O, səbəb kimi işıqforun qırmızı işığında keçdiyini bildirdi. O, qırmızı işıqda keçmədiyini bildirərək buna etirazını bildirsə də, o, buna əhəmiyyət verməyərək “X10” Haqqında AR Qanununun 59-cu maddəsinin 5-ci bəndində nəzərdə tutulan İXM-nin 327.2-ci maddəsi ilə İXP ******* saylı protokol tərtib edərək məsuliyyətə cəlb etmişdir. O, buna etirazını və cərimə yazılmasına iradını bildirdi. 04 dekabr 2019-cu ildə Bakı Şəhər Polis İdarəsində protokola olan etirazı ilə bağlı şikayətinə baxılsa da, heç bir əsas olmadan ona 60 manat məbləğində cərimə təyin edilməsi ilə bağlı qərar çıxarıldı. Bunu nəzərə alaraq, 10.12.2019-cu il tarixdə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etdi, çünki tərtib edilən protokolun video görüntüsündə işıqforun qırmızı işığından keçməyi barədə sübut olmadığı halda qüvvədə saxlanılmışdır. 14.01.2020-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi ilə onun inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxılmış və şikayət qismən təmin edilmişdir. Protokolun ləğv edilməsi barədə hakim qərar versə də, Bakı şəhər Yasamal rayon Polis İdarəsi avtomobili üzərinə qoyulmuş həbsi götürməmişdir. Buna görə də avtomobilini sərbəst istismar etmək üçün əsassız olduğunu bildiyi halda cəriməni ödəmişdir. Lakin əsassız qərarın ləğv edilməsində israrlıdır və əmindir ki, məhkəmə yenidən həmin əsassız qərarı ləğv edəcək. Qərar ləğv edildi və DİN Bakı şəhəri BPİ DYPİ-də yenidən baxılması qeyd edildi. Qərara yenidən baxıldı və Bakı şəhər DYPİ Polis kapitanı X2 tərəfindən inzibati xəta törədilməsi haqqında yeni, TP ******* saylı qərar qəbul edildi. Qərarın surəti ona 30.03.2021-ci il tarixdə təqdim edilib. Təkrar olaraq verilmiş əsassız qərarın ləğv edilməsi üçün yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Bundan əvvəl sözügedən qərarı ləğv edən hakim öz qərarında kifayət qədər əsaslandırma aparmış və bunları rəhbər tutaraq qərarı ləğv etmişdir. Belə olan halda aydındır ki, ikinci dəfə də eyni qərara görə məhkəmə öz mövqeyini dəyişə və əvvəli məhkəmə qərarından fərqli qərar qəbul edə bilməz. Əgər belə olarsa, bundan əvvəl işə baxan hakimin bilik və səriştəsinə ciddi şübhələr yaranmalıdır, bu da normal haldır. Bütün göstərilənləri nəzərə alaraq, qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan və protokol tərtib etmiş X2 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasının 30.04.2021-ci il saat 15.40 dəq. və 18.05.2021-ci il saat 15.00 dəq. təyin edilmiş, bu barədə AR DİN BŞBPİ DYPİ-yə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər. Həmçinin məhkəmə iclasının sonuncu dəfə 18.05.2021-ci il saat 15.00 dəq. təyin edilməsi barədə məhkəmənin 30.04.2021-ci il tarixli, 3(004)-1044 /2021 saylı məktubu DİN Bakı şəhər DYPİ-nin inzibati binasında, həmin təşkilatın əməkdaşı Quliyeva adlı əməkdaşa imza etdirilməklə və həmin idarənin möhürü vurulmaqla şəxsən təqdim edilmişdir. Həmin əməkdaş məktubu qəbul etmiş, imza etmiş və təşkilatın möhürünü vurmuşdur. Təşkilatın möhürünü istifadə edən şəxs, təşkilatın səhaliyyətli şəxsidir. Həmin məktubla protokol tərtib etmiş şəxsin iştirakının təmin edilməsi və iş üzrə sübutların, kamera görüntüsünın təqdim edilməsi xahiş edilsə də, nə qararından şikayət verilən orqanın nümayəndəsi, nə protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, nə də tələb edilmiş sübutlar təqdim edilməmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəh. DYPİ-nın TP ******* saylı, 24.02.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X9 25.11.2019-cu il tarixdə saat 14:25 radələrində idarə etdiyi “KİA RİO minik” markalı **-ZE-*** nömrə nişanlı avtomobillə “20 Yanvar” ərazisində qayda pozuntusuna görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. Qərar İXP ******* saylı, 25.11.2019-cu il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Beləliklə iş üzrə müəyyən edilir ki, tənbeh qərarı qəbul edilən anda şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır. Ona görə də həmin protokol əsasında sonradan inzibati tənbeh qərarı qəbul edilmişdir. Həmin İXP ******* saylı, 25.11.2019-cu il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan əvvəllər də X9 məhkəməyə şikayət vermiş və Yasamal Rayon Məhkəməsinin 14.01.2020-ci il tarixli, 3(004)–68 / 2020 saylı qərarı ilə şikayət qismən təmin edilərək, onun barəsində İXM-nin 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ X14 İdarəsinin qəbul etdiyi İXP ******* saylı, 25.11.2019-cu il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, 04.12.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilmiş və həmin inzibati xəta haqqında işə Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ DYPİ-də yenidən baxılması qərara alınmışdır. Bundan sonra həmin işə səlahiyyətli orqan tərəfindən yenidən baxılaraq X3 İXM-nin 327.2ci maddəsi ilə təqsirli bilinib 60 manat inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ X14 İdarəsi tərfindən hazırkı barəsində şikayət verilmiş TP ******* saylı, 24.02.2021-ci il tarixli qərar qəbul edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, sonuncu dəfə məhkəmə iclasının 18.05.2021-ci il saat 15.00 dəq. təyin edilməsi barədə məhkəmənin məktubu DİN Bakı şəhər DYPİ-nin inzibati binasında, həmin təşkilatın əməkdaşı Quliyeva adlı əməkdaşa imza etdirilməklə və həmin idarənin möhürü vurulmaqla şəxsən təqdim edilmişdir. Həmin əməkdaş məktubu qəbul etmiş, imza etmiş və təşkilatın möhürünü vurmuşdur. Təşkilatın möhürünü istifadə edən şəxs, təşkilatın səhaliyyətli şəxsidir. Həmin məktubla protokol tərtib etmiş protokol tərtib etmiş şəxsin iştirakının təmin edilməsi və iş üzrə sübutların, kamera görüntüsünın təqdim edilməsi xahiş edilsə də, nə qararından şikayət verilən orqanın nümayəndəsi, nə protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, nə də tələb edilmiş sübutlar təqdim edilməmişdir. Şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli, 3(004)-1044 /2021 saylı məktubu ilə Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsinə sorğu verilərək, inzibati qərarı qəbul etmiş orqandan İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən qərarın qəbul edilməsinə əsas olan inzibati xəta haqqında protokolu, inzibati qərarı, inzibati xətanın törədilməsi zamanı hadisəni özündə əks etdirən CD diski (video kamera görüntüsü və ya foto görüntü), inzibati xətanın mövcudluğunu təsdiq edən digər hər hansı bir sübutu, qərarın qəbul edilməsinə əsas olan digər materialları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmçinin protokol tərtib etmiş şəxsin iştirakının təmin edilməsi xahiş olunsa da, hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, protokolu tərtib etmiş yol polisi əməkdaşı məhkəmə iclasında iştirak etməmişdir. Hazırkı barəsində şikayət verilmiş TP ******* saylı, 24.02.2021-ci il tarixli qərarda X9 İXMnin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir ondan ötəri ki, o, sfetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Halbuki, İXM-nin 120-ci maddəsinə əsasən həmin Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş X10 əleyhinə olan inzibati xətalar haqqında işlərə, İXM-nin həmin (yəni 16-cı) fəsili ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, həmin Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş X10 əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-in 124.4-cü maddəsinə əsasən həmin Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Belə olduğu təqdirdə artıq yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin müəyyən etdiyi qaydada şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutları araşdırmaqla, əgər sübutlarla onun təqsiri təsdiq edilərsə, onda inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Bunun üçün də mübahisə yarandığı üçün şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, yuxarı səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Belə bir vəziyyətdə artıq İXM-nin 124.3, 124.4-cü maddələrinn, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hazırkı iş üzrə X9 təqsirli bilinmişdir ondan ötəri ki, o, hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinə yol verməyərək hərəkətini davam etdirmişdir. Lakin şəxs inzibati xəta törətməsi barədə protokolla razılaşmadığından, artıq hansı nəqliyyat vasitəsinə yol verməməsi, yol verilməyən nəqliyyat vasitəsinin hərəkət üstünlüyünə malik olmasını sübut etmək inzibati tənbeh tətbiq etmiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz X9 tərəfindən törədilməsində şübhələr yaranır. Lakin göründüyü kimi nə protokol tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, inzibati xəta törədilməsini sübuta yetirməmiş, nə də səlahiyyətli orqan məhkəmənin sorğusuna cavab verməmiş, inzibati xətanın mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədibtörətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. İXM-də 2 qaydada protokol tərtib edilməsi müəyyən edilmişdir. Dərhal və ya inzibati araşdırmanın nəticəsi üzrə. Belə ki: - İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmçinin - İXM-nin 101.3-cü maddəsinə əsasən İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Lakin hazırkı iş üzrə şəxs əməlin mövcudluğu ilə razılaşmadığı üçün, tərtib edilmiş protokol yeganə sübut ola bilməz. Hazırkı iş üzrə protokol hər hansı bir araşdırmanın nəticəsi olaraq tərtib edilməmişdir. Hazırkı protokolu tərtib etmiş şəxs hesab etmişdir ki, xəta törədilib, ona görə də hər hansı bir araşdırma aparmadan protokol tərtib etmişdir. Bu səbəbdən də həmin protokol onu tərtib etmiş şəxsin subyektiv mülahizəsini (ehtimalını) əks etdirməklə, dərhal tərtib edilmişdir. Subyektiv mülahizəsini (ehtimalı) əks etdirən protokol isə şəxsin təqsirliliyini təsdiq edən yeganə sübut kimi qəbul edilə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X9 onun barəsində İXM-nin 327.2-ci maddəsi ilə X7 tərəfindən tərtib edilmiş İXP ******* saylı, 25.11.2019-cu il tarixli inzibati xəta haqqında protokol əsasında DİN Bakı şəhər BPİ X14 İdarəsinin qəbul etdiyi TP ******* saylı, 24.02.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar