Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1049/2024 01.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi X2, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə MN ******* nömrəli 13 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx"MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı sertifikatsız tibb fəaliyyəti aşkar edilmişdir. Bununla da MMC tərəfindın İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X4 bildirmişdir ki, "xxxx" MMC-yə məxsus müəssisədə aparılmış plandankənar yoxlama zamanı, sertifikatsız plastik cərrahiyə işi üzrə özəl tibbi praktiki fəaliyyət ilə məşğul olması "xxxx" MMC-nin həkimi (ümumi-cərrah) X5 və (həkim mama-ginekoloq) X1 müvafiq sertifikasiyadan keçmədən işləməsi halı müəyyən edilmişdir. Odur ki, MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İXM-nin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsiri toplanmış material ilə tam sübuta yetir. Belə ki, iş materiallarında olan AR Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli 3-28-1/3-2-148/2024 nömrəli qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində plandankənar yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin əməkdaşlarının iştirakları ilə tərtib olunmuş 12 fevral 2024-cü il tarixli 86 nömrəli plandankənar yoxlama aktından görünür ki, həmin tarixdə saat 11:40dan saat 15:00-dək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində plandankənar yoxlama aparılmışdır. Yoxlama aparılarkən lisenziya şərtlərinə riayət olunması ilə əlaqədar lisenziyanın tələblərinə riayət edilib-edilməməsi, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssis(lər)ini sertifikasiyaya cəlb edib-etməməsi, habelə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirilib-keçiriləməməsi yoxlanılmışdır. Yoxlama zamanı, həkim-ümumi-cərrah X5 və həkim mama-ginekoloq X1 müvafiq sertifikasiyadan keçmədən tibb fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 215.4-cü maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 01 nömrəli əlavədən görünür ki, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər adlı 2-ci siyahısına əsasən Terapiya, Kardiologiya, Qastroenterologiya, Nefrologiya, Endokrinologiya, Revmatologiya, Hematologiya, Allerqologiya, İmmunologiya, Nevropatologiya, Psixiatriya, Narkologiya, Dermatologiya, Fizioterapiya, Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Ürək-damar cərrahiyyəsi, Plastik cərrahiyyə, Uşaq cərrahiyyəsi, Urologiya, Travmatologiya-ortopediya, Anesteziologiya-reanimatologiya, Mama-ginekologiya, Stomatologiya, Üz-çənə cərrahiyyəsi, Pediatriya, Şüa diaqnostikası, Oftalmologiya, Otorinolarinqologiya, Patoloji anatomiya, Genetika, Epidemiologiya, Mikrobiologiya, Laboratoriya kimi xidmətlərin həyata keçirilməsi xüsusi lisenziyalaşdırılması vacibdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək, 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1049/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1049/2024
01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver