Məhkəmə qərarları › İş №3(004)-1055/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1055/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1055/2024 14.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.6 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin (RPİ) X3 Şöbəsi (DYPŞ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.6 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialdan görünür ki, 17 dekabr 2023-cü il tarixdə saat 17:15-də sürücü Şəxs idarə etdiyi **-AM-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt LTZ” minik markalı avtomobil ilə Yasamal rayonu Şahbazi küçəsi ev 112 saylı binanın tininə çatan zaman yolun sağı ilə hərəkətdə olarkən qəflətən yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin sağ qabaq hissəsi ilə dəyərək dayanmışdır. Daha sonra hadisə yerindən yayınaraq çıxıb getmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində piyada Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələrilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Yasamal RPİ-nin DYPŞ-yə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişlər və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, onun sağlamlığına vurulmuş maddi və mənəvi zərərin ödənilməsi bağlı sürücü tərəfindən hər hansı formada köməklik göstərilməmişdir. Ona görə də, hadisənin törədilməsinə görə Şəxs təqsirli hesab edilməsini və barəsində zəruri tədbir görülməsini məhkəmədən xahiş edir. Bundan başqa qeyd edir ki, gələcəkdə ona vurulmuş zərərlə bağlı mülki iddiası olacaqdır. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və Yasamal RPİ-nin TŞ-də toplanılmış HK-1/1558 saylı material üzrə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.6 və 327.8-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Yasamal RPİ-nin TŞ-də toplanmış HK- 1/1558 nömrəli material üzrə Şəxs əməlində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət tərkibinin əlamətləri aşkar edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş və qəbul edilmiş qərarın surəti Azərbaycan Respublikası İXMnin 327.6 və 327.8-ci maddələrinin tələblərinə uyğun olaraq müvafiq tədbir görülməsi üçün Yasamal RPİ-nin DYPŞ-yə göndərilmişdir. Məhkəmənin sorğusuna əsasən Yasamal RPİ-nin TŞ-dən təqdim edilmiş R/M 36 nömrəli rədd materialında olan Şəxs izahatından müəyyən edilir ki, **-AM-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt LTZ” minik markalı avtomobil mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsusdur və o, həmin nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. O, xx.xx.2023-cü il tarixdə saat 17:15 radələrində idarə etdiyi avtomobildə əyləşən müştəri ilə birlikdə Yasamal rayonu Şahbazi küçəsi ev 112 saylı binanın tininə çatan zaman yolun sağı ilə hərəkət edən piyada qəflətən yolu sağdan sola keçmək istəyən zaman avtomobilin sağ qabaq hissəsi ilə piyadaya dəymişdir. Zərbədən piyada yerə yıxılmışdır. O, dərhal avtomobildən enib ona köməklik göstərib ayağa qaldırmışdır. Su alıb vermiş, həkimə aparmağı təklif etmiş, lakin piyada onu kobud şəkildə təhqir edərək çıxıb getməyini tələb etmişdir. Daha sonra piyada xanımın həyat yoldaşı gəlmişdir. Ona da nömrəsini vermək, xəstəxanaya aparmaq istədiyini bildirmiş, lakin onlar imtina etmişlər. Daha sonra o, hadisə yerindən uzaqlaşıb kənarda gözləmiş, zərərçəkmiş şəxsə onu həkimə aparmaq məqsədilə təklif vermək üçün yenidən həyətə qayıtdıqda piyadanı orada tapa bilməmişdir. Məhz bu səbəbdən avtomobilə əyləşib çıxıb getmişdir. Yasamal RPİ-nin TŞ-dən təqdim edilmiş R/M 36 nömrəli rədd materialında olan zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 17:15 radələrində yaşadığı binanın qarşısı ilə yolun sağ tərəfi ilə gedərkən binanın tinində bədəninin sol tərəfindən zərbə dəymiş və zərbədən yerə yıxılmışdır. Daha sonra arxadan gələn ağ rəngli **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sağ hissəsi ilə ona dəymişdir. Həmin avtomobilin sürücüsü ona irad tutaraq özünü avtomobilin altına atdığını bildirmişdir. Daha sonra sürücü onu avtomobilə əyləşdirmək istəmiş, lakin o imtina etmiş və həyat yoldaşına zəng edərək çağırmışdır. Sürücü ona xəstəxanaya getmək təklif etmişdir, lakin o imtina etmişdir. Hətta həyat yoldaşı gəldikdən sonra da onlara xəstəxanaya gəlmək təklif etmiş, lakin həyat yoldaşı imtina etmişdir. Daha sonra sürücü əsəbləşərək avtomobilinə əyləşib ordan uzaqlaşmışdır. Bundan sonra həyat yoldaşı onu xəstəxanaya aparmışdır. Yasamal RPİ-nin TŞ-dən təqdim edilmiş R/M 36 nömrəli rədd materialında olan xx.xx.2023-cü il tarixli raportdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs hər iki bud çanağının, hər iki dizin və qabırğalarının əzilməsi xəsarəti ilə “MediClub” xəstəxanasına müraciət etmişdir. Rədd materialında olan Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı Əli Məmmədov tərəfindən tərtib edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 17 dekabr 2023-cü il tarixli protokoldan, eləcə də ona əlavə edilmiş hadisə yerinin sxemdən müəyyən edilir ki, inzibati xəta hadisəsi Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi 112 saylı binanın qarşısında baş vermişdir. Rədd materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi Yasamal rayon şöbəsi tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli 1462 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs hadisə nəticəsində almış olduğu xəsarətlər- hər iki diz oynağının əzilmiş yaraları küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 17.12.023-cü il tarixdə yol nəqliyyat hadisəsi əsasında əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan portaldan çıxarışdan müəyyən edilir ki, **-AM-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt LTZ” minik markalı avtomobil mülkiyyət hüququ ilə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan portaldan çıxarışdan müəyyən edilir ki, Şəxs B1, B, C1, C kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır, sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək qüvvədədir. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 330.0-cu maddəsinə əsasən sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni: 330.0.1. nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya; 330.0.2. yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Həmin maddənin Qeyd hissəsinə əsasən Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Həmin Məcəllənin 327.6-ci maddəsinə əsasən Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin Qeyd hissəsinin 5-ci bəndinə əsasən Məcəllənin 327.8, 333.1, 333-1.1, 343.1 və ya 343-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xəta 5 balla qiymətləndirilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə ki, məhkəmə tərəfindən Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, barəsində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və İXM-nin 34.3-cü maddəsinin tələbinə əsasən törədilmiş daha ağır inzibati xətaya görə barəsində törədilən xəta 5 balla qiymətləndirilməklə barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri tətbiq edilərək, ona təqsirli bilindiyi daha ciddi xətaya görə törədilən xəta 5 balla qiymətləndirilməklə barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündən inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar