Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1058/2025 24.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Yasamal rayon Polis İdarəsinin 28ci polis şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1994-cü il tarixdə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Masallı rayonu, Xırmandalı ərazi dairəsi, Xırmandalı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin polis sahə inspektoru X3 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs Bakı şəhər BPİ DYPİ-nin inzibati binasında səs-küy salaraq xuliqanlıq etmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 24 fevral 2025-ci il tarixdə saat 14:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə gələrək səs-küy salmağa başlamış üzərinə benzin tökərək özünü yandıracağını bildirmiş, idarənin normal iş fəaliyyətini pozmuşdur. Polis əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət edilmiş lakin Şəxs buna məhəl qoymayaraq daha da aqressivləşmiş və öz qanuna zidd hərəkətlərinə davam etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq 28-ci polis şöbəsinə təmin edilmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək izahatında göstərdi ki, barəsində 4000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu səbəbdən avtomobili müvəqqəti duracağa yerləşdirilmişdir. Avtomobili işlək vəziyyətdə olmamışdır. Avtomobilinin təkərinə hava vurmaq məqsədilə dostu X2 ilə birlikdə həmin müvəqqəti duracağa getmiş daha sonra polis idarəsinə dəvət edilmişdir. Həmin cərimələri ödəməyə onun maddi imkanı yoxdur. Bu zaman özünü yandıraraq öldürməkdən başqa çıxış yolu tapa bilmədiyindən üzərinə benzin tökmüş lakin polis əməkdaşları müdaxilə etdiyindən özünü yandıra bilməmişdir. Polis əməkdaşlarının tələblərinə tabe olmuş və səs-küy salmamışdır. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, Şəxs və dostu X2 24 fevral 2025-ci il tarixdə saat 14:00 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə gələrək səs-küy salmış idarənin normal iş fəaliyyətini pozmuşdur. Dəfələrlə nizam intizama dəvət edilsədə buna məhəl qoymamışdır. Ona törətdiyi inzibati qayda pozuntuları izah edilsədə həmin cərimələri ödəməyəcəyini bildirmiş və üzərinə benzin tökərək özünü yandırmaq istəmişdir. O digər polis əməkdaşlarının köməyi ilə baş verə biləcək hadisənin qarşısını almış və həmin şəxsləri 28-ci polis şöbəsinə təmin etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 digər şahid X4 ilə eyni məzmunlu izahat verərək onun dediklərini öz ifadəsində bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər BDYPİ-nin İnzibati Xətalar haqqında işlər üzrə icraat şöbəsinin baş inspektoru X4 tərəfindən Yasamal RPİ-nin 28-ci polis şöbəsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə “Mercedes” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barədə İXM-nin 327.1 və 332.3-cü maddələri ilə İXP tərtib edilərək duracağa təmin edilmiş və xx.xx.2025-ci il tarixdə akt və protokol icraatına daxil olmuşdur. Eyni zamanda avtomobilin üzərində 3460 AZN gecikdirilmiş cərimələrin olduğu müəyyən edilmişdir. Sürücü xidməti otağa tanışı Hacıyev Ruslanla birlikdə gələrək, avtomobilin buraxılmasını istəmiş, əks təqdirdə iş qrafiki pozacaqlarını, səs-küy salacaqlarını bildirərək insanlar arasında təşviş salaraq asayişi pozmuş və iş rejiminə maneə törətmişdir. Ə.Ç.P.A.-nın polis nəfərləri Balıyev Tariel tərəfindən Yasamal RPİ-nin 28-ci PŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə inzibati ərazidə xidmətdə olan zaman saat təxminən 14:00 radələrində “Şəfəq 3”ün məlumatına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində getmişlər, orada iki nəfər səs-küy salan şəxsləri 28-ci PŞ-yə təmin etmişlər. DİN DYP Web portalından çıxarışdan görünür ki, Şəxs xeyli sayda ödənilməmiş inzibati cərimələri vardır və sürücülük hüququ məhdudlaşdırılmışdır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində bir azyaşlı uşağı vardır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs əvvəllər Azərbaycan Respublikası İXM-nin 206, 227 və 333-cü maddələri barələsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs ictimai yerdə xırda xuliqanlıq hərəkətləri etməsi və xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını özü etiraf etməsə də, şahid izahatları, eləcədə məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 24 fevral 2025-ci il tarixdə Bakı şəhər BPİ-nin DYPİ-nin inzibati binasında səs-küy salaraq xırda xuliqanlıq etmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını onun məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 24 fevral 2025-ci il tarixdən saat 14:00-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 24 oktyabr 2024-cü il saat 14:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 28-ci polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1058/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1058/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver