Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1061/2021 04.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Yasamal rayon İcra şöbəsinin icra məmuru X1, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 37A ünvanında yerləşən Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin sektor müdiri-baş mühasibi Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(81)-339/19 saylı, 16.03.2020-ci il tarixli icra sənədinə əsasən borclu Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətindən 30000 (otuz min) manat məbləğində pul tutularaq tələbkar X2 ödənilməlidir. Borclu Yasamal Rayon İcra Hakimiyyətinin sektor müdiri-baş mühasibi kimi Şəxs borclu Yasamal Rayon İcra Hakimiyyətin həmin qərarın icrasına məsul şəxs olan vəzifəli şəxs olaraq icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal rayon İcra Şöbəsinin icra məmuru tərəfindən 26.04.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Yasamal rayon İcra Şöbəsinin icra məmuru İlyas Cəfərov məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-339/19 saylı, 16.03.2020-ci il tarixli icra sənədinə əsasən borclu Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətindən 30000 (otuz min) manat məbləğində pul tutularaq tələbkar X2 ödənilməlidir. Şəxs borclu Yasamal Rayon İcra Hakimiyyətin həmin qətnamənin icrasına məsul şəxs olan vəzifəli şəxs olaraq icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Dəfələrlə bu barədə Yasamal Rayon İcra Hakimiyyətinə məktub göndərilsə də, qətnamənin icrası hələ də təmin edilməmişdir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(81)-339/19 saylı, 16.03.2020-ci il tarixli icra sənədinə əsasən borclu Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətindən 30000 (otuz min) manat məbləğində pul tutularaq tələbkar X2 ödənilməsi qərara alınmışdır. İcra məmuru tərəfindən 06.04.2020-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu bir neçə dəfə məlumatlandırılmış, 06.04.2020-ci il tarixdə rəsmi qaydada məlumatlandırılmışdır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin 06.04.2020-ci, 20.08.2020-ci il tarixli məktublardan görünür ki, borclu Yasamal Rayon İcra Hakimiyyətinə müraciətlər edilərək, qeyd edilən icra sənədinin icra edilməsi tələb edilmişdir. Sonuncu dəfə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən borclu Yasamal Rayon İcra Hakimiyyətinin sektor müdiri-baş mühasib Şəxs 21.04.2021-ci il tarixli məktubla müraciət edilərək, həmin icra sənədinin icrası tələb edilmişdir. Məktub 22.04.2021-ci il tarixdə Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşı tərəfindən imza edilərək qəbul edilmiş, bu barədə qeyd İcra Hakimiyyətinin möhürü isə təsdiq edilmişdir. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavininin Yasamal Rayon İcra Şöbəsinə ünvanlandığı 08 may 2021-ci il tarixli məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-339/19 saylı, 16.03.2020-ci il tarixli icra sənədinin icra edilməsi üçün Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Maliyyə Nazirliyinə müraciət olunmuşdur. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavininin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə ünvanladığı 20 avqust 2020-ci il tarixli məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-339/19 saylı, 16.03.2020-ci il tarixli icra sənədi ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə Maliyyə Nazirliyi tərəfindən vəsait ayrıldığı təqdirdə icra sənədi icra edilə bilər. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildiriş, yuxarıda qeyd edilən məktublarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1061/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1061/2021
04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver