Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1064/2025 05.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi, X1, Qərarından şikayət verilmiş AR DİN Bakı Şəhəri Dövlət Yol Polis İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X2 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 onun barəsində İXM-nin 327.2-ci maddəsi ilə AR DİN Bakı Şəhəri Dövlət Yol Polis İdarəsinin qəbul etdiyi TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilərək barəsində olan İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, ona qarşı TP ******* nömrəli xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Hesab edir ki, həmin qərar əsassızdır və qanunsuzdur, qanunvericiliyinin tələbinə uyğun deyil. Belə ki, DYP inspektoru ona heç bir əsas göstərmədən öz şəxsi telefonunda avtomobil göstərərək ona aid olduğunu bildirib. Ona göstərdiyi videoda heçnə əks olunmayıb. Onun telefonunda bu tip yüzlərlə video olmuşdur. Onların arasında birini tapıb ona göstərib ki, ona aiddir. Buna görə də hesab edir ki, onun barəsində tərtib edilən protokol əsassızdır və qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, inzibati hadisənin törədildiyi yer Haqverdiyev keçəsi göstərilib, lakin hadisə umumiyyətlə orada baş verməyib. Təqdim olunan video Şəhriyar küçəsi ilə Zahid Xəlilov küçələrinin kəsişməsidir. Həmin videoda ağ rəngli nəqliyyat vasitəsinin ona məxsus olması görsənmir, dövlət qeydiyyat nişanı görünmür. Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında bildirdi ki, hadisənin videosu mövcuddur, lakin nəqliyyat vasitəsinin nömrəsi görsənmir. Şikayətçi idarə etdiyi nəqliyyat vasitəsini saxlamalı idi, çünki sağdan digər nəqliyyat vasitəsi gəlirdi. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Dövlət Yol Polis İdarəsinin qəbul etdiyi TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X5 xx.xx.2025-ci il tarixdə saat 10:10 radələrində idarə etdiyi “TOYOTA CAMRY minik” markalı **-NV-*** nömrə nişanlı avtomobillə Bakı şəhəri, Ə.Haqverdiyev 2 küçəsində yol nişanlanma xəttlərinin tələblərinə riayət edilməməsinə görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Şikayətçi şikayətində baş vermiş inzibati xəta hadisəsində şikayətçinin təqsirinin olmamasını qeyd edir. Həmçinin qeyd edir ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı görsənmir və görüntüdəki küçə Haqverdiyev küçəsi deyil. Beləliklə, iş üzrə görünür ki, barəsində protokol tərtib edilmiş şəxs təqsirlilik məsələsini mübahisələndirir, özünü təqsirli bilməmişdir. Həmçinin protokolda qeyd edilən inzibati xətanın baş verdiyi yer düzgün göstərilməmiş və təqdim olunan sübut natamamdır. Belə bir vəziyyətdə iş üzrə baş vermiş yol nəqliyyat hadisəsində “Yol hərəkəti haqqında” Qanunun tələblərinin harada və kimin tərəfindən pozulmasına dair sübutlar toplanılmamışdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmçinin şəxsin təqsirliliyinə dair sübutları məhkəmə toplamamalıdır. Bu İXM ilə qadağan edilmişdir. Beləliklə, məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, materiallar və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur, kifayət qədər sübut toplanılmamışdır, xətanın dəqiq hansı küçədə və kim tərəfindən törədilməsi müəyyən edilməmişdir. Təqdim olunan videogörüntüdə hadisə Şəhriyar küçəsi ilə Zahid Xəlilov küçələrinin kəsişməsində baş verir, lakin inzibati xəta haqqında qərarda xətanın törədildiyi yer kimi Haqverdiyev keçəsi göstərilmişdir. Həmin pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə prosessual pozuntular kimi qiymətləndirilir. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Çünki İXM-nin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı. İXM-nin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. Beləliklə, sadalananlara əsasən hazırkı iş üzrə mübahisəli halın aradan qaldırılması üçün əhəmiyyət kəsb edən sübut, yol hərəkəti qaydasının kim tərəfindən pozulması aşkar edilməlidir. Lakin səlahiyyətli orqan bu halı tam araşdırmadan protokol tərtib etmişdir. İş üzrə baş vermiş yol nəqliyyat hadisəsində “Yol hərəkəti haqqında” Qanunun tələblərinin kimin tərəfindən pozulmasına dair sübutların əldə edilməsi, bununla da iş üzrə əhəmiyyət kəsb edən sübutın səlahiyyətli orqan tərəfindən toplanılması üçün, qərar ləğv edilməli və həmin inzibati xəta haqqında işə qeyd edilən sübutlar toplanılmaqla səlahiyyətli orqanda yenidən baxılmalıdır. Bununla da şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilməli, İXM-in tələblərinə əməl edilməsi, inzibati xəta törətmiş fiziki, vəzifəli və ya hüquqi şəxsin müəyyən edilməsi, nəticəsindən asılı olaraq inzibati xəta haqqında işə baxıb qərar qəbul edilməsi və ya aidiyyəti üzrə göndərilməsi üçün iş səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 onun barəsində İXM-nin 327.2-ci maddəsi ilə Bakı Şəhəri Dövlət Yol Polis İdarəsinin qəbul etdiyi TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsində yenidən baxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-1064/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1064/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver