Məhkəmə qərarları › İş №3(004)-1069/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1069/2021

27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1069/2021 27.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X2 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə Yol Patrul Xidməti əməkdaşının işinə müdaxilə etmiş və qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Şəxs Bakı şəhəri, Yasamal rayonu, Füzuli küçəsində xidmət aparan yol patrul xidmətinin əməkdaşının işinə maneçilik törədərək, onun xidməti vəzifəsini yerinə yetirməsinə müdaxilə etmişdir. Şəxs dəfələrlə müdaxilə etməməsi bildirilsədə, o buna məhəl qoymayaraq polisin qanuni tələbinə tabe olmamışdır. Yaxınlıqda xidmət aparan post patrul xidmətinin əməkdaşları polis nəfəri ilə vətəndaş arasında olan səs-küyü eşidərək Şəxs yaxınlaşmış və onu polis bölməsinə dəvət etmişlər. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə icarəyə işlətdiyi obyektin qarşısında yol patrul xidməti əməkdaşının xidmət apardığının şahidi olmuşdur. Həmin obyektin qarşısında Nicat adlı müştəri özünə məxsus **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlamışdır. Bu zaman YPX əməkdaşının Nicatın avtomobilinin şəklini çəkdiyini görmüş və polis əməkdaşına yaxınlaşaraq avtomobilin şəklini çəkməməyi dəfələrlə xahiş etmişdir. Bu zaman YPX əməkdaşı bir necə dəfə onun işinə müdaxilə etməməyi tələb etmiş, lakin o buna baxmayaraq polis əməkdaşının Nicat barəsində inzibati protokol tərtib etməsinin qarşısını almağa calişmışdır. Bundan sonra polis əməkdaşı avtomobili oradan çəkməklərini tələb etmiş və dostu Nicat yaxınlaşaraq avtomobili oradan çəkmişdir. Daha sonra polis əməkdaşı 80 manat məbləğində inzibati cərimə tətbiq etdiyini bildirmişdir. O polis əməkdaşına bildirmişdir ki, avtomobili çəkərək onun tələbini yerinə yetirmişdir və tərtib edilmiş protokol əsassızdır. Bu zaman polis əməkdaşı ona “qabiliyyətin olsun” demişdir. O həmin sözdən əsəbləşərək ona qabiliyyətsiz deyilməsinin düzgün olmadığını bildirmişdir. Həmin vaxt ərazidə xidmət aparan digər polis əməkdaşları onlara yaxınlaşmış və o həmin polis əməkdaşları ilə görüşmüş, lakin yol patrul xidmətinin əməkdaşı həmin polis əməkdaşlarınada öz haqsız etirazını bildirmişdir. Yekun olaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə xidmət apardığı ərazidə Füzuli küçəsində saat 11:12 radələrində YHQ-nun 52-ci maddəsinin tələbini pozan sürücülərə qanuni tədbir gördüyü zaman tanımadığı bir vətəndaş həmin nəqliyyat vasitəsinin qanuni tədbir görməyinə maneəçilik göstərmək üçün müxtəlif hərəkətlər etməyə başlamışdır. Həmin vətəndaşdan onun işinə müdaxilə etməməyi dəfələrlə tələb etməyinə baxmayaraq, sonuncu onun qanuni tələbinə təbe olmayaraq öz hərəkətlərinə davam etmişdir. Təxminən bir neçə dəqiqəlik ünsiyyətdən sonra vətəndaş protokol tərtib etdiyi nəqliyyat vasitəsinin sürücüsünə protokol yazdığı üçün hədə qorxu gəlməyə başlamışdır. Həmin vaxt avtomobilin ona məxsus olmadığı müəyyən etmişdir. Avtomobilin sürücüsü yaxınlaşdığı zaman sənədlərini təqdim etməsini istəsədə Şəxs onun işinə müdaxilə etdiyi üçün həmin sürücü avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Bu zaman onunla mübahisə edən şəxsə “qabiliyyətin olsun” demiş və sonuncu həmin sözdən əsasəbləşən şəxs onunla mübahisə etməyə başlamışdır. Yaxınlıqda xidmət aparan tanımadığı Yasamal RPİ-nin PPX-nin əməkdaşları həmin vətəndaşa yaxınlaşıb onunla görüşmüşlər. O həmin polis əməkdaşlarına ona kömək etmələrini bildirmişdir. Onlar isə əlavə kömək çağırmışlar. Daha sonra yaxınlaşan polis əməkdaşlarının köməkliyi ilə vətəndaş 27-ci polis bölməsinə gətirilmişdir. Yekun olaraq o Şəxs kənar şəxslərin qarşısında onun işinə müdaxilə edib onunla mübahisə etdiyi üçün sonuncunun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə yeməkxanada olarkən ona bildirmişlər ki, ona məxsus avtomobilin yol patrul xidməti əməkdaşları tərəfindən şəkilləri çəkilir. O polis əməkdaşlarına yaxınlaşdığı zaman Şəxs onlarla mübahisə etdiyini, avtomobilin şəklinin çəkilməməsini xahiş etdiyini, lakin polis əməkdaşlarının şəkilləri çəkməyə davam etdiyinin şahidi olmuşdur. Polis əməkdaşı ondan ad və soyadını soruşmuş, oda öz növbəsində ad və soyadını deyərək avtomobili sürərək oradan uzaqlaşmış və avtomobili başqa yerdə saxlayaraq yenidən oraya qayıtmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər BPİ DYPİ bilavasitə tabe olan YPXA-nın MEB tağımının YPX inspektoru X3 tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə xidmət apardığı ərazidə Füzuli küçəsində saat 11:12 radələrində YHQ-nun 52-ci maddəsinin tələbini pozan sürücülərə qanuni tədbir gördüyü zaman tanımadığı bir vətəndaş həmin nəqliyyat vasitəsinin qanuni tədbir görməyinə maneəçilik göstərmək üçün müxtəlif hərəkətlər etməyə başlamışdır. Həmin vətəndaşa bunun yol verilməz olduğu izah edilsə də vətəndaş öz hərəkətlərinə davam etmişdir. Təxminən bir neçə dəqiqəlik ünsiyyətdən sonra vətəndaş protokol tərtib etdiyi nəqliyyat vasitəsinin sürücüsünə protokol yazdığı üçün hədə qorxu gəlməyə başlamışdır. Yaxınlıqda xidmət aparan tanımadığı Yasamal RPİ-nin PPXnin əməkdaşları həmin vətəndaş yaxınlaşıb onunla görüşmüşlər. O həmin polis əməkdaşlarına ona kömək etmələrini bildirmişdir. Onlar isə əlavə kömək çağırmışlar. Tanımadığı vətəndaş bu onda ona “səni vurmaram ancaq təhqir edə bilərəm” bildirmişdir. Daha sonra yaxınlaşan polis əməkdaşlarının köməkliyi ilə vətəndaş 27-ci polis bölməsinə gətirilmişdir. Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri Z.Məmmədov və P.Kazımzadə tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 11:30 radələrində xidmət etdikləri Füzuli küçəsində 1 nəfər vətəndaşla yol patrul xidməti əməkdaşının mübahisə etdiyini görüb yaxınlaşmışlar. Onlar YPX əməkdaşına kömək üçün həmin vətəndaşı 27-ci PB-nə dəvət etmişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Füzuli küçəsində polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməldən peşman olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan yəni xx xxxxx 2021-ci il tarixdən, saat 11:30-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli xx xxxxx 2021-ci il tarixdən saat 11:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar