Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1070/2021 05.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, şikayətçi- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin etibarnamə üzrə nümayəndələri X6 və X2, qərarından şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X7 iştirakları ilə, Şikayətçi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi X18 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X23 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.6-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş 02 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi X36 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X23 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qəbul edilmiş 02 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X14 qəbul etdiyi 02.04.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin işçiləri - X5 və qeyriləri barədə (digər 6 işçinin) olan əmək müqavilələrinə Xidmətin rəisi kimi onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilən zaman qanunvericiliyin tələblərinin gözlənilmədiyi əsas göstərilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 1500 (min beş yüz) manat inzibati cərimə olunması qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi qərar qanunsuz və əsassız olduğundan məhkəmə tərəfindən ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Milli Geoloji Kəşfiyyat Xidmətinin 01 iyun 2020-ci il tarixli 105/K nömrəli əmri əsasında Xidmətin Geoloji axtarış idarəsinə mövsümü geoloji çöl işlərinin görülməsi ilə bağlı X5 və digər işçilərlə müvəqqəti olaraq 01 iyun 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanılaraq işə qəbul edilmişlər. Əmək Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günü işçilərin işə cəlb olunmasına icazə verilsə də, işçilərin həmin günlərdə işləməsi nəzərdə tutulmamış, onların əmək müqaviləsi E-gov.az portalına daxil edilərkən texniki səhvə yol verilərək tarix “01 iyun 2020-ci il - 30 dekabr 2020-ci il” yerinə “01 iyun 2020-ci il - 31 dekabr 2020-ci il” daxil edilsə də, müddət 30 dekabr 2020-ci il tarixində qurtardığından həmin tarixdə onlarla bağlanılan əmək müqavilələrinə xitam verilmişdir. Bununla əlaqədar olaraq hüquqi şəxsin qanuni nümayəndəsi, Xidmətin hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin müdiri Sevinc Səmədova 19 mart 2021-ci il tarixində X21 Xidmətinə dəvət edilmiş, işçilərlə bağlanılan müddətli əmək müqaviləsinin bitmə tarixinin E-gov.az portalına daxil edilərkən 30 dekabr 2020-ci il tarixi əvəzinə 31 dekabr 2020-ci il qeyd edilərək texniki səhvə yol verildiyi, işçilərin bayram günlərində işə cəlb olunmadığı və hüquqlarının pozulmadığı barədə izahat vermişdir. Bu məsələ ilə bağlı həmin işçilər yazılı olaraq Xidmətin rəhbərliyinə qarşı heç bir şikayət və narazılıqlarının olmadıqlarını bildirmişlər. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi X20 vəzifəli şəxs deyil, hüquqi şəxs olmasını X21 Xidməti nəzərə almamış, barəsində tərtib edilmiş qərarda səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması nəticəsində səhv yazılması qənaətinə gəlmək mümkündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 107-ci maddəsinin tələblərinə görə “İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günü işçilərin işə cəlb olunmasının yolverilməzliyi” vurğulanaraq həmin Məcəllənin 101-ci maddəsinin «a» və «b» bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. İnzibati Xətalar Məcəlləsinin inzibati məsuliyyətdən azad etmə barədə 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi X21 qərar qəbul edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, mövcud dəlillərə yuxarıda sadalanan qanunlar çərçivəsində obyektiv hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Ə.Əliyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin 02 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin etibarnamə üzrə nümayəndəsi X15 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək X1 və digər 6 işçinin əmək müqavilələrinə 30.12.2020-ci il tarixdə xitam verildiyindən həmin tarixdən hesablanmaqla 3 aylıq inzibati məsuliyyətə cəlbetmə müddəti keçməsinə baxmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi X18 inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş 02 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və Əli Əliyev barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin etibarnamə üzrə digər nümayəndəsi X9 şikayət ərizəsinin məzmununa uyğun və X6 göstərdiklərinə oxşar məzmunlu izahat verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi X18 inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş 02 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və Əli Əliyev barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X16 şikayət ərizəsində qeyd olunanlarla razılaşmayaraq izahatında göstərmişdir ki, hüquqlarını təmsil etdiyi idarə tərəfindən qəbul edilmiş 02 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Belə ki, 30 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən işdən azad olunan X1 və digər 6 işçinin kollektiv şikayət ərizəsi Azərbaycan Respublikası Prezident Administarsiyasından 18 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinə daxil olmuşdur. Həmin kollektiv ərizənin araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi X30 tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmuş, eyni zamanda İXMnin 192.6-cı maddəsilə nəzərdə tutulmuş xəta törədilmişdir. X1 və digər 6 işçinin kollektiv şikayət ərizəsi 18 yanvar 2021-ci il tarixdə AR ƏƏSMN yanında X21 Xidmətinin Bakı şəhər idarəsinə daxil olduğundan və həmin tarixdə Sərvər Xəlilov və digərlərinin əmək müqavilələrinə qanunvericiliyin tələblərinin pozulması ilə xitam verildiyi məlum olduğundan inzibati məsuliyyətə cəlb etmə müddəti də xətanın aşkar edildiyi vaxtdan, yəni 18 yanvar 2021-ci il tarixdən hesablanmış, ona görə də qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmiş hesab edilməlidir. X16 göstərilənlərə əsasən şikayətin təmin olunmamasını və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin 01 iyun 2020-ci il tarixli 105/k nömrəli əmrindən və həmin tarixli əmək müqavilələrindən, 24 iyul 2020-ci il tarixli 166/k nömrəli əmrindən və həmin tarixli əmək müqaviləsindən görünür ki, X8, X10, X11, X13, X24, X4 01 iyun 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək Xidmətin Geoloji axtarış idarəsinə müxtəlif peşələrə, X19 isə 24 iyul 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək Xidmətin Geoloji axtarış idarəsinə xəndək qazan peşəsinə işə qəbul edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyevin 25 dekabr 2020-ci il tarixli 377/k nömrəli əmrindən müəyyən edilir ki, X8, X10, X11, X13, X24, X4 və X12 əmək müqavilələrinə 30 dekabr 2020-ci il tarixdən ƏM-nin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 04 yanvar 2021-ci il tarixli 22/Kol-4-060 nömrəli məktubdan müəyyən edilir ki, X1 və digər 6 işçinin kollektiv ərizəsi baxılması üçün Nazirliyə göndərilmiş və həmin ərizə 18 yanvar 2021-ci il tarixdə Nazirliyə rəsmi qaydada daxil olmuşdur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev tərəfindən X8, X10, X11, X13, X24, X4 və X12 əmək müqavilələrinə 30 dekabr 2020-ci il tarixdən ƏM-nin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilməsi barədə 25 dekabr 2020-ci il tarixli 377/k nömrəli əmr verilmişdir. Bununla da, 25 dekabr 2020-ci il tarixdə X18 əməlində İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan xəta yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin 02 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından isə müəyyən edilmişdir ki, X1 və digərlərinin əmək müqavilələrinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən qanunvericiliyin tələblərinin gözlənilməməsi faktına görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi X30 vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat cərimə edilmişdir. Qeyd edilir ki, İXM-nin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Beləliklə, hazırki iş üzrə inzibati xəta tərkibi yaradan əməl uzanan əməldir. Davam edən əməl deyildir. Uzanan və davam edən əməllər bir birindən fərqlənir, eyni deyildir. Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə görə həmin Məcəllənin 38.1ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə qeyd edir ki, İXM-nin 38.2-ci maddəsinin tətbiqi ixtiyari bir inzibati xəta üçün və ixtiyari bir formada tətbiq üçün müəyyən edilməmişdir. Belə ki, həmin maddə inzibati xətanın səlahiyyətli orqanın aşkar etdiyi vaxtı da ehtiva etmir. Çünki səlahiyyətli orqan işi araşdırıb, müəyyən araşdırmadan sonra 1 ay, 3 ay və yaxud 1 ildən sonra da həmin xətanı aşkara çıxara bilər. Bu zaman bu hal heç də həmin inzibati xətanın araşdırmasının bitdiyi qeyd edilən 1 ay, 3 ay və yaxud 1 ildən sonrakı həmin aşkarlanma tarixində aşkarlanmış hesab edilməsini göstərmir. Belə olduğu təqdirdə inzibati məsuliyyətə cəlb etmə müddətini tənzimləyən İXM-nin 38-ci maddəsinin və həmin cəlb etmə müddətinin bitməsi zamanı qəbul edilməli olan qərara dair İXM-nin 53.0.6-cı maddəsinin mənasını əhəmiyyətsiz edər. Həmin maddə, inzibati xətanın ümumiyyətlə aşkara çıxarıldığı vaxtı ehtiva edir. Belə olduğu təqdirdə hazırkı mübahisə edilən inzibati xəta hər bir halda davam edən inzibati xəta deyildir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarından da görünür ki, "Davam edən hüquqpozuntular” və “Uzanan hüquqpozuntular” eyni növ inzibati xətalar deyildir, biri-birindən fərqləndirilmişdir, müxtəlif cür inzibati xətalardır. Göründüyü kimi, yuxarıda qeyd olunan normaların tələbinə görə uzanan inzibati xətalara münasibətdə 3 aylıq müddət xətanın aşkar edildiyi vaxtdan hesablanır. Hazırki inzibati xəta əməli isə uzanan xəta kateqoriyasına daxil deyildir. Ona görə də hazırki xəta işçilər 30 dekabr 2020-ci il tarixli əmrlə əmək qanunvericiliyinin tələbi pozulmaqla işdən azad olunduqları vaxtdan başa çatmış hesab edilir və həmin əmələ görə inzibati məsuliyyətə cəlb etmə müddəti 30 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə olduğu təqdirdə DƏMX-də işə baxılıb inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi vaxtda, artıq 03 aydan çox müddət keçmişdi. Beləliklə məhkəmə qeyd edir ki, qərarından şikayət verilən orqanın nümayəndəsi tərəfindən məhkəmədə irəli sürülmüş yuxarıda qeyd edilən dəlil tamamilə əsassız olmaqla hazırda qüvvədə olan qanunvericiliyə ziddir. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-nin 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 03 ay müəyyən edilmişdir. Ona görə də hazırkı iş üzrə müvafiq qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, şəxsə inzibati tənbeh tədbiri tətbiq edilə bilməzdi. Məhkəmə qeyd edir ki, İXM-in 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyevin şikayəti təmin olunmalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X23 tərəfindən qəbul edilmiş 02 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, 02 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Mərkəzi İnformasiya sistemində X30 barəsində yerləşdirilmiş cərimə məbləği silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 38, 53 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X18 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X23 tərəfindən qəbul edilmiş 02 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. 02 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Mərkəzi İnformasiya sistemində X30 barəsində yerləşdirilmiş cərimə məbləği silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1070/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1070/2021
05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver