Məhkəmə qərarları › İş №3(004)-1071/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1071/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1071/2024 05.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 27 yanvar 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mülkiyyətində (istifadəsində) olan “LEXUS ES250” (minik) markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, Yasamal Rayon DYPŞ tərəfindən onlara ünvanlanmış sorğu rəsmi qaydada təqdim edilməmişdir. Eyni zamanda qeyd edir ki, DYPŞ tərəfindən Cəmiyyətə mütəmadi olaraq bu cür xarakterik sorğular göndərilir, Cəmiyyət də öz növbəsində 5 təqvim gününü keçirmədən həmin sorğuları cavablandırır. Bundan başqa bu cür neqativ halların qarşısının alınması məqsədilə tərəflərindən Yasamal RPİ-nin DYPŞ-nə xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq Cəmiyyətin mülkiyyətində olan bütün nəqliyyat vasitələrinin faktiki istifadəçiləri olan sürücülər barədə (onların anket məlumatları, sürücülük vəsiqələri) ətraflı məlumat təqdim edilmişdir. Eyni zamanda hər bir nəqliyyat vasitəsi mülkiyyətçinin adına qeydiyyata alınarkən bir qayda olaraq sürücü barədə məlumat DİN-nin Mərkəzi elektron informasiya sisteminə yerləşdirilir. Dolayısı ilə DYPŞ-nin **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə öncədən kifayət qədər məlumatlı olmasına baxmayaraq zərurət olmadan Cəmiyyətə sorğu verir. Həmçinin DİN-nin Mərkəzi elektron informasiya sisteminə inteqrasiya edilmiş portal.com.az saytından aparılan axtarış zamanı aşkar şəkildə müəyyən etmək mümkündür ki, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sürücü olaraq onun istifadəsindədir. Ona verilmiş etibarnamə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək qüvvədədir. DYPŞ-nin sürücü barədə məlumatlı olmasına dəlalət edən hallardan biri odur ki, sorğulanmış xx.xx.2024-cü il tarixdə saat 23:51-də Şamaxı şəhəri Cümə məscidinin qarşısında Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı onun barəsində, eyni tarixdə, yəni xx.xx.2024-cü il tarixli EQ seriyalı 19730402 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yəni sürücü barədə sistemdə məlumat olduğundan xəta ilə bağlı qərar qəbul edilməsinə baxmayaraq DYPŞ-si zərurət olmadan Cəmiyyətə sorğu göndərmişdir. Nümayəndə izahatında göstərilənlərə əsasən Cəmiyyətin barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin "xxxx" MMCyə ünvanladığı sorğu məzmunlu məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:51-də Şamaxı şəhəri Cümə Məscidinin qarşısında MMC-nin mülkiyyətində (istifadəsində) olan “LEXUS ES250” (minik) markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında “SS012814815AZ” ştrix kodlu xəbərnamədəki qeyddən görünür ki, qeydin üzərində mürəkkəblə düzəliş edilmiş və düzəlişə əsasən sorğunun 12 yanvar 2024-cü il tarixdə çatdırılması qeyd edilmişdir. Müvafiq düzəliş qanunla müəyyən edilmiş qaydada təsdiqlənmədiyi üçün məhkəmə tərəfindən sübut olaraq qəbul edilə bilməz. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Lakin, qeyd edilən xətanın tərkibinin yaranması üçün səlahiyyətli qurum tərəfindən hüquqi şəxsə müvafiq sorğunun göndərilməsi üçün yaranmış zərurətin obyektiv və subyektiv səbəbləri araşdırılmalıdır. Yəni dolayısı ilə səlahiyyətli qurum tərəfindən sözügedən sorğunun göndərilməsi üçün zərurət yaranmamışdırsa və protokol tərtib etmiş qurum xətanı törətmiş nəqliyyat vasitəsinin sürücü barədə məlumatlı olmasına baxmayaraq, yəni hər hansı zərurət olmadan səlahiyyətlərindən sui-istifadə hallarına yol verməklə sorğu verərsə, bu sorğuya qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinə görə hər hansı bir şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-nin 123.1-ci maddəsinə görə həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəyə görə isə hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. 123.3-cü maddəyə görə Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi həmin Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin müvafiq vəzifəli şəxsi isə sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana məlumat verməlidir. Qeyd olunmalıdır ki, İXM-nin tələblərinə görə inzibati xətanın törədilməsi zamanı hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə, yəni son istifadəçi barədə məlumat müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində mövcud olduqda həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə sorğu verilməsi, həmçinin artıq sistemdə məlumat mövcud olmasına baxmayaraq verilmiş sorğuya cavab verilməməsinə görə hüquqi şəxs barədə məsuliyyət nəzərdə tutulmamışdır. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Yasamal RPİ-nin DYPŞ-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, Cəmiyyətin mülkiyyətində olan bütün nəqliyyat vasitələrinin, o cümlədən hazırkı iş üzrə sorğulanmış “LEXUS ES250” (minik) markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü barədə məlumatlar (anket məlumatları, etibarnamə və sürücülük vəsiqələri haqqında məlumatlar) Yasamal DYPŞ-nə təqdim edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi informasiya sisteminə inteqrasiya edilmiş portal.com.az saytından çıxarışdan müəyyən edilir ki, “LEXUS ES250” (minik) markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Nümayəndə barədə məlumat (sürücülük vəsiqəsi və seriya nömrəsi AC 580293) mərkəzi informasiya sisteminə yerləşdirilmişdir. Portal çıxarışından müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə saat 23:51-də Şamaxı şəhəri Cümə Məscidinin qarşısında MMC-nin mülkiyyətində (istifadəsində) olan “LEXUS ES250” (minik) markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Nümayəndə barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı eyni tarixdə, yəni xx.xx.2024-cü il tarixli EQ seriyalı 19730402 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə, işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin mülkiyyətində olan “LEXUS ES250” (minik) markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi olan Nümayəndə (sürücülük vəsiqəsi və seriya nömrəsi AC 580293) anket məlumatları, o cümlədən ona məxsus sürücülük vəsiqəsinin rekvizitləri barədə məlumatlar mərkəzi informasiya sistemində əvvəlcədən mövcud olmuşdur. Həmin məlumatların həqiqiliyinə, yəni qeyd olunan məlumatları vaxtında sistemə yerləşdirmək və ya çıxarmaq vəzifəsi daşıyan protokol tərtib etmiş səlahiyyətli orqan isə bu barədə kifayət qədər məlumatlı olmasına baxmayaraq hüquqi şəxs barəsində əsassız olaraq İXM-nin 347-ci maddəsi ilə protokol tərtib etmişdir. Qeyd edildiyi kimi sorğulanmış sürücü barədə məlumat müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində mövcud olduqda həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə sorğu verilməsi, həmçinin artıq sistemdə məlumat mövcud olmasına baxmayaraq verilmiş sorğuya cavab verilməməsinə görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, hazırkı iş üzrə işin faktiki halları ilə təsdiq olunur ki, sorğulanmış xəta ilə bağlı onun qeydə alındığı eyni tarixdə sürücü barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsinə baxmayaraq, DYPŞ-si artıq məsuliyyətə cəlb edilmiş sürücü barədə guya məlumatın olmaması ilə bağlı Cəmiyyətə sorğu göndərmişdir. Yəni artıq xəta törədən şəxs barəsində elektron qərar qəbul edildiyindən sorğunun verilməsi öz əhəmiyyətini itirmişdir. İş materiallarından həmçinin görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilməmiş, hüquq və vəzifələrinin izah edilməsi, həmçinin tərtib edilmiş protokolun surətinin ona təqdim edilməsi və ya göndərilməsi təmin edilməmiş, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz müdafiəsini qurmaq hüququndan məhrum edilmişdir. Belə olan halda hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatlı olan səlahiyyətli orqanın hər hansı bir zərurət olmadan buna dair hüquqi şəxsə tarixi bəlli olmayan sorğu ünvanlaması və həmin hüquqi şəxsin bu sorğuya 5 gün ərzində cavab verməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaratmır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, hüquqi şəxs "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Qeyd edilir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş "xxxx" MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Ona görə də, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-53, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Yasamal rayon Polis İdarəsinin Dövlət X3 tərəfindən tərtib edilmiş 27 yanvar 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar