Məhkəmə qərarları › İş №3(004)-1084/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1084/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1084/2025 25.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci polis şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin 28-ci polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə MN ******* saylı, 25 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı, 25 fevral 2025-ci il tarixli protokola əsasən Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə saat 23:35 radələrində Yasamal rayonu, Mətbuat prospektində Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşlarına qarşı xırda xuliqanlıq və tabesizlik hərəkətlərinə yol verildiyini, nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci polis şöbəsinin polis sahə rəisi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə saat 23:35 radələrində Yasamal rayonu, Mətbuat prospektində Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşlarına qarşı xırda xuliqanlıq və tabesizlik hərəkətlərinə yol verildiyini, protokolu müdafiə etdiyini, Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq X3 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq edən hər hansı sübut olmasa da, iş materiallarına raportun əlavə edildiyini, özünün hadisənin şahidi olmadığını və sadəcə raport əsasında protokol tərtib etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında protokola etiraz edərək qeyd etmişdir ki, o, özünü AR İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilmir. Belə ki, dostları Yapon, Emil və Məmməd ilə birlikdə restoranda yemək yeyib, spirtli içki qəbul etdikdən sonra Yapon adlı dostu bildirmişdir ki, o, Milli Qəhrəman oğludur, buna görə də avtomobilə əyləşib o idarə edərək getsələr yol polisi əməkdaşları onlara hörmət edər. xx.xx.2025-ci il tarixdə yol polis əməkdaşları onları saxlamış, Yapon adlı dostu polis əməkdaşları ilə söhbət etmək üçün YPX avtomobilinə əyləşmişdir. Təxminən 5 dəqiqə sonra Emil adlı dostu avtomobildən enərək YPX avtomobilinə yaxınlaşmışdır. Bundan sonra səs-küy gəldiyini eşidib Məmməd adlı dostu avtomobildən enərək onlara yaxınlaşmış, o isə avtomobilin sağ tərəfində arxa oturacaqdan aşağı düşərək görmüşdür ki, Yaponla yol polisi əməkdaşları mübahisə edirlər. Həmin vaxt o, avtomobil onun istifadəsində olduğu üçün sükan arxasına əyləşmişdir. Bundan sonra Yapon adlı dostunun ucadan qışqırmağını eşitmiş və avtomobildən enərək tanışlarına yaxınlaşmışdır. Həmin vaxt Yapon adlı dostu onlara avtomobilə əyləşməklərini bildirmişdir. Onlar da öz növbələrində avtomobilə əyləşmiş və onlar yollarına davam etmişlər. Yolda olan zaman onlar Yapon adlı dostuna “nə yaxşı bizi YPX əməkdaşları buraxdı” sualını vermiş, Yapon isə özünü qarın nahiyyəsindən bıçaqla vurduğunu və dərhal xəstəxanaya getməli olduqlarını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona verilmiş suala cavab olaraq bildirmişdir ki, heç bir polis əməkdaşına qarşı nalayiq ifadə işlətməmiş, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanuni və ya qanunsuz tələb olmamışdır ki, o da ona riayət etməsin. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* saylı, 25 fevral 2025-ci il tarixli protokola əsasən Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə saat 23:35 radələrində Yasamal rayonu, Mətbuat prospektində Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşlarına qarşı xırda xuliqanlıq və tabesizlik hərəkətlərinə yol verildiyini, nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “İnzibati qaydada tutma haqqında” 23 fevral 2025-ci il tarixli, AZA 025178 nömrəli protokoldan görünür ki, Şəxs 23 fevral 2025-ci il tarixdə, saat 04:00-da tutulmuşdur. “Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi haqqında” 23 fevral 2025-ci il tarixli qərardan görünür ki, X2, X4 və Şəxs barələrində toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinə hissəvi xitam verilməsi, barələrində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın sürətinin Yasamal RPl-nin 28-ci PŞnə göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Şəxs polis bölməsində verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, xx.xx.2025-ci il tarixdə dostu Yapon ilə Liman Pubda dostları Emil, Məhəmməd ilə birlikdə oturub yeyib içmiş, daha sonra Yapon sərxoş halda avtomobilə əyləşib avtomobili idarə etmişdir. YPX əməkdaşları Yaponu saxlamış və Yapon YPX əməkdaşına yaxınlaşdıqdan sonra bıçaqla özünə xəsarət yetirmişdir. Onlar da dərhal maşından düşmüş, həyəcanlı və qədərində aqresiv olmuşlar. Etdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Diskdə olan videogörüntülərdən görünür ki, videogörütunun 02-ci dəqiqəsinin 18 saniyəsində Şəxs avtomobilin arxa oturacağından aşağı düşərək 02:24-də avtomobilin ön hissəsində sükan arxasına əyləşmiş, bundan bir neçə saniyə sonra avtomobildən aşağı düşərək dostlarına tərəf yaxınlaşmış, daha sonra dostları ilə avtomobilə əyləşərək yollarına davam etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə Şəxs tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması, ictimai qaydanı pozması öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması, ictimai qaydanı pozması, tabe olmamanın və ictimai qaydanı pozmasının nədə ifadə olunması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, polis orqanı tərəfindən Şəxs AR İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolunun məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. O da qeyd edilməlidir ki, məhkəmənin həmin işlə bağlı protokolun düzgün tərtib edilməməsi və iş materiallarının natamam olması əsası ilə geri qaytarılması barədə 3(004)- 1052/2025 saylı, 24 fevral 2025-ci il tarixli qərardad qəbul edilsə də, lakin həmin hallar aradan qaldırılmamış və sübutlar iş materiallarına əlavə edilməmiş, yenidən məhkəməyə müraciət edilmişdir. Bundan əlavə baxılması üçün məhkəməyə təqdim edilən inzibati xətaya dair icraat dərhal baxılan iş olmasına baxmayaraq protokol tərtib etmiş orqan tərəfindən şahidin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Həmçinin hazırkı materialda Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Halbuki məlum olduğu kimi yol polisi əməkdaşları xüsusi səs yazan və videogörüntünü qeyd edən texniki imkanlara malikdirlər və xidmət aparan zaman daimi üzərlərində olduğu üçün hazırda həmin mötəbər sübutu məhkəməyə təqdim etmək imkanları olduğu halda bunu edə bilməmişlər. Həmçinin hadisə ilə bağlı şahidlər məhkəmə iclasına gəlməmiş, videogörüntüdə isə Şəxs tərəfindən polisin hansı qanuni tələbinə tabe olmaması və ya xırda xuliqanlıq etməsi müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə səlahiyyətli orqanın diqqətini şəxsin qanunla müəyyən edilmiş müddətdən artıq tutularaq saxlanılmasının qanuni olmamasına cəlb edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şəxs 23 fevral 2025-ci il tarixdə, saat 04:00-da inzibati qaydada tutulmuş, o, polis nəzarəti altında 25 fevral 2025-ci il tarixdə, saat 11:05-dən sonrakı saatlarda məhkəmə qarşısına çıxarılmışdır ki, bu şəxsin qanunla müəyyən edilmiş müddətdən artıq saxlanılaraq azadlıq hüququnun məhdudlaşdırılmasına dəlalət edir. Halbuki, AR İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Şərh olunan hallara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs təqsiri AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddələrlə təqsiri sübuta yetirilmədiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin maddələrlə təqsirli olması sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Səlahiyyətli orqanın diqqəti Şəxs qanunla müəyyən edilmiş müddətdən artıq tutularaq saxlanılmasının qanunsuz olmasına cəlb edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar