Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1085/2022 14.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin 21 noyabr 2020-ci il tarixli MN seriyalı 080372 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Yasamal RPİ-nin 26-cı PB-nin 21 noyabr 2020-ci il tarixli MN seriyalı 080372 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, barəsində çıxarılmış həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, 21.11.2020-ci il tarixdə, saat 15.00 radələrində yaşadığı mənzilin qarşısında yanında heç bir kəsin olmadığı tək vəziyyətdə ev əşyaları ilə məşğul olduğu zaman Bakı şəhəri, Yasamal rayon Pİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən guya tərtəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması bildirilmiş, onlardan qapalı və açıq məkan anlayışlarının, ictimai yerlərin və insanların kütləvi toplaşan yerləri ilə bağlı anlayışların normativ-hüquqi aktlarla müəyyən edilmiş təfsirinin düzgün verilməsi barədə soruşduqda polis əməkdaşları tərəfindən bunun heç bir fərqinin olmaması və bütün hallarda qoruyucu vasitlərdən xüsusilə tibbi maskadan istifadə edilməsi zərurəti barədə bildirilərək tərəfindən İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair 21.11.2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən Yasamal RPİ-nin 26-cı PB-nin 21 noyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən qəbul edilmiş qərar qanunvericiliyə ziddir. Belə ki, o həmin vaxt qoruyucu maskadan istifadə etməmiş lakin, həmin yer onun yaşadığı binanin qarşısı olduğu üçün və ərtafda insanların olmadığı üçün hesab edir ki, ora ictimai yer deyildir. Göstərilənlərə əsasən Yasamal RPİ-nin 26-cı PB-nin 21 noyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Yasamal RPİ-nin 26-cı PBnin 21 noyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 barəsində tərtib edilmiş 21 noyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. Bununla da, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara, eləcədə şikayətçinin özünün etirafedici ifadəsinə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli 189 nömrəli Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.
2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.
3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli 451 nömrəli Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.
2. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
3. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq,
QƏRARA ALDİ:
X1 Yasamal RPİ-nin 26-cı PB-nin 21 noyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Rauf Daşdəmirov