Məhkəmə qərarları › İş №3(004)-1089/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1089/2021

28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1089/2021 28.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 28-ci PBnin polis sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 28-ci PB-si tərəfindən tərtib edilmiş 28 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs 28 aprel 2021-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1 (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin sahə inspektoru X7 izahatında bildirmişdir ki, Şəxs mülkiyyətində olan “VAZ 2106” markalı **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobildə normativ tələbləri pozmaqla konstruksiyasında dəyişikliklər etmiş və bu hüquqazidd əməlini youtube sosial şəbəkəsində yaymaqla nümayiş etdirmişdir. Şəxs qeyd olunan əməlinin qarşısının alınması məqsədilə o, 28 aprel 2021-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində Bakı şəhər BPİ-nin DYPİ-nin YPX-i əməkdaşları tərəfindən aşkar edilərək ona saxla əmri verilmişdir. Buna baxmayaraq Şəxs YPX-i əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb, sürət həddini aşmaqla və yolun hərəkət hissəsində digər sürücülər üçün real təhlükə yaradaraq nəqliyyat vasitəsini idarə etməyə davam etdirmişdir. Yalnız YPX əməkdaşları tərəfindən yaradılmış süni tıxacdan sonra Şəxs nəqliyyat vasitəsini hərəkətini dayandırmaq məcburiyyətində qalmışdır. Bundan sonra YPX əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib sənədlərini təqdim etməsini tələb etmiş, lakin Şəxs polis işçilərinin bu qanuni tələblərinə tabe olmayıb, nəqliyyat vasitəsinin qapıpəncərəsini bağlayıb sənədləri təqdim etməkdən və yerə enməkdən imtina etmişdir. Sərnişinlərin qapısı açıldıqdan sonra da Şəxs polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamağa davam etdirib səs-küy salmağa başlamışdır. Daha sonra Şəxs polis bölməsinə dəvət olunmuş, şəxsiyyəti müəyyən edilərək barəsində İXM-nin tələblərinə uyğun protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imza etmişdir. X7 göstərilənlərə əsasən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, 28 aprel 2021-ci il tarixdə özünə məxsus olan “VAZ 2106” markalı, **- BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Yasamal rayonu Mətbuat prospektində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən ona saxla işarəsi verilmiş, lakin o, avtomobilinin konstruksiyasında dəyişiklik etdiyi üçün və avtomobilinin cərimə meydançasına aparılmaması üçün polisin bu tələbinə tabe olmayaraq hərəkətini davam etdirmişdir. Daha sonra o, yaranmış tıxacda polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 28-ci polis bölməsinə gətirilmişdir. Onun tərəfindən Azərbaycan Respublikası 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyindən barəsində 28 aprel 2021-ci il tarixli qərarla 150 manat məbləğində cərimə təyin edilmişdir. Bundan başqa barəsində 28-ci PB-də İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Hal-hazırda törətdiyi xətanı dərk edir, bu xətaya görə özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Şəxs səmimi peşmançılığı nəzərə alınaraq barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Şəxs həmçinin bildirmişdir ki, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin sahə inspektoru X7 tərəfindən onun barəsində tərtib edilmiş 28 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla tanış olaraq özü şəxsən imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinə bilavasitə tabe olan yol patrul xidməti Alayının taqım komandiri X8 protokol tərtib etmiş X5 izahatına oxşar məzmunlu izahat verərək bildirmişdir ki, 28 aprel 2021-ci il tarixdə təxminən saat 12:10 radələrində Yasamal rayonu Mətbuat prospekti ilə Haqverdiyev küçələrinin kəsişməsində “VAZ 2106” (minik) markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomaşında konstruksiyasında normativ tələbləri pozmaqla dəyişiklik etdiyinə görə verilən saxla işarəsinə bilərəkdən tabe olmadığı üçün məcburən süni tıxac vasitəsilə saxlanılmışdır. Sürücü avtomobilin qapılarını bağlayaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu zaman dərhal əraziyə əlavə YPX-nin əməkdaşları dəvət edilmişdir. Daha sonra sürücü sükan arxasından çıxarılaraq ərazi aidiyyəti üzrə Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinə bilavasitə tabe olan yol patrul xidməti Alayının yol-patrul xidməti inspektoru X3 da X4 izahatına uyğun analoji izahat verdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları araşdırıb, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhər BPİ DYPİ-nə bilavasitə tabe olan YPX Alayının 11-ci tağımının komandiri X8 və YPX Alayının 11-ci tağımın YPX inspektoru X2 tərtib etdikləri 28 aprel 2021-ci il tarixli raportdan müəyyən edilir ki, 28 aprel 2021-ci il tarixdə təxminən saat 12:10 radələrində Yasamal rayonu Mətbuat prospekti ilə Haqverdiyev küçələrinin kəsişməsində “VAZ 2106” (minik) markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomaşında konstruksiyada normativ tələblər pozulmaqla dəyişiklik etdiyinə görə verilən saxla işarəsinə bilərəkdən tabe olmadığı üçün məcburən süni tıxac vasitəsilə saxlanılmışdır. Sürücü avtomobilin qapılarını bağlayaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu zaman dərhal əraziyə əlavə YPX-nin əməkdaşları dəvət edilmişdir. Daha sonra sürücü sükan arxasından çıxarılaraq ərazi aidiyyəti üzrə Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmiş və bölmədə onun şəxsiyyəti müəyyən edilərkən Şəxs olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 01 ədəd CD disk məhkəmə baxışı zamanı nümayiş etdirilərkən müəyyən edilmişdir ki, Şəxs aqressiv hərəkətlərlə polis işçilərinin qanuni tələblərinə tabe olmamışdır. Eyni zamanda iş materiallarında olan Bakı şəhər BPİ DYPİ-nin YPX inspektoru X6 tərəfindən qəbul edilmiş 28 aprel 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, Şəxs İXM-nin 327.2, 327.3 və 342.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər üçün iki yüz manat məbləğində cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin faktiki hüquqlarının məhdudlaşdırıldığı andan, yəni 28 aprel 2021-ci il tarixdən saat 12:00dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri təyin edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 28 aprel 2021-ci il tarixdən saat 12:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar