Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1090/2021 27.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X6 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə material 29 aprel 2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarından görünür ki, Şəxs MMC-ni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs X9 “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.07.2018-ci il tarixli, 302 saylı qərarının 2.21.3-cü yarımbəndinin tələblərini pozmaqla, sertifikatlaşdırılmasından imtina edilmiş malları, yəni İran İslam Respublikasından Azərbaycan Respublikasına idxal edilmiş 31567 kq xurma məhsulunu, 14 dekabr 2020-ci il tarixdən 28 dekabr 2020-ci il tarixədək olan müddət ərzində satmışdır. Bununla da, 08 aprel 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılıb baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsi 14 aprel 2021-ci il tarixli 3(001)-1671/2021 nömrəli qərardadla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin hüquqi ünvanının ünvan 1 ünvanda törədilməsini əsas gətirərək toplanmış materialı aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə, eyni zamanda onun nümayəndəsinin istifadəsində olan mobil telefon nömrəsinə “Elektron Məhkəmə Sistemi” vasitəsilə sms məhkəmə bildirişi göndərilmişdir. Lakin, barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü və 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X11 izahatında bildirmişdir ki, Şəxs MMC İran İslam Respublikasından ölkəyə idxal etdiyi ümumi çəkisi 31.567 kq olan xurma məhsuluna qida təhlükəsizliyi sertifikatının verilməsi üçün 14 dekabr 2020-ci il tarixli, İD********** nömrəli ərizə ilə Azərbaycan Respublikası X4nə müraciət etmişdir. Agentlik tərəfindən müraciətə baxılıb 15 dekabr 2020-ci il tarixdə qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq sözügedən məhsul partiyalarından nümunə götürülmüş və qalan məhsul hüquqi şəxsin özünə saxlanca verilərək satılmaması barədə Cəmiyyətin nümayəndəsi Zülfət Kərimova rəsmi xəbərdarlıq edilmişdir. 17 dekabr 2020-ci il tarixdə nümunələr AQTİ-nin Bakı Regional Sınaq Labaratoriyasına təqdim edilərək 22 dekabr 2020-ci il tarixdə sınaq aparılmış və nəticədə məhsulda kif göbələklərinin miqdarının normadan artıq olması, yəni 1X102 KƏGV-dən çox olması müəyyən edilmişdir. Beləliklə AQTİ tərəfindən 22 dekabr 2020-ci il tarixli, 1373 nömrəli sınaq protokolu tərtib olunaraq Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 saylı qərarının 2.21.3-cü yarımbəndinə əsasən məhsul partiyalarının sertifikatlaşdırılmasından imtina edilmiş və bu barədə idxalçı müəssisə olan Şəxs MMC-nin direktoruna 25 dekabr 2020-ci il tarixli 19/1/İSN-8684 nömrəli məktubla rəsmi məlumat verilmişdir. Daha sonra verilən tapşırıqların icra vəziyyətinin, yəni məhsulların saxlancda qalıb-qalmamasının yoxlanılması məqsədi ilə 28 dekabr 2020-ci il tarixdə Agentliyin Bakı Regional bölməsinin əməkdaşları tərəfindən MMC-nin nümayəndəsi Zülfət Kərimovun iştirakı ilə sözügedən məhsul partiyalarına təkrar baxış keçirilmiş, lakin bu zaman Şəxs MMC tərəfindən ölkəyə idxal olunan 31.567 kq xurma məhsulunun tamamilə satılması aşkar edilmişdir. Azərbaycan Respublikası X4 aşkar edilmiş faktla bağlı Şəxs MMC barəsində qanuna müvafiq tədbir görülməsi üçün toplanmış materialı Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərmişdir. Prokurorluqda aparılan araşdırma nəticəsində Şəxs MMC-nin əməlində İXM-nin 447.0.4cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyindən onun barəsində 08 aprel 2021-ci il tarixli qərarla inzibati xəta haqqında iş üzrə icraat başlanılıb baxılması üçün məhkəməyə göndərilmişdir. S.R.Hacıyev izahatında göstərilənlərə əsasən Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak dən maraqlarına toxunan Azərbaycan Respublikası X4nin etibarnamə üzrə nümayəndəsi X12 Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X6 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası X4ndə məsləhətçi işləyən X7 izahatında göstərdi ki, Şəxs MMC İran İslam Respublikasından ölkəyə idxal edilmiş ümumi çəkisi 31567 kq olan xurma məhsuluna qida təhlükəsizliyi sertifikatlarının verilməsi üçün 14 dekabr 2020-ci il tarixdə İD********** nömrəli (QT 34931/20) elektron ərizə ilə Agentliyə müraciət etmişdir. Daxil olmuş müraciət əsasında sözügedən məhsul partiyalarından Cəmiyyətin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə 15 dekabr 2020-ci il tarixdə nümunə götürmüş, bu barədə akt tərtib etmiş və qalan məhsulu hüquqi şəxsə saxlanca verərək satılmaması barədə nümayəndəsinə yazılı formada xəbərdarlıq etmişdir. 17.12.2020-ci il tarixdə nümunələri AQTİ-nin Bakı Regional Sınaq Laboratoriyasına təqdim etmiş və 22.12.2020-ci il tarixdə sınaq aparılmışdır. Nəticədə müəyyən edilmişdir ki, məhsulda kif göbələklərinin miqdarı normadan artıqdır. Bu isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.04.2010-cu il tarixli, 25 saylı əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya epidemioloji qaydalar və normativlərə cavab vermir. Buna görə də Agentlik tərəfindən qeyd olunan məhsul partiyasının sertifikatlaşdırılmasından imtina edilmişdir. Bundan sonra məhsulların saxlancda qalıb-qalmamasının yoxlanılması məqsədi ilə o, 28 dekabr 2020-ci il tarixdə MMC-nin nümayəndəsi Zülfət Kərimovun iştirakı ilə sözügedən məhsul partiyalarına təkrar baxış keçirmiş, lakin bu zaman Şəxs MMC tərəfindən ölkəyə idxal olunan 31.567 kq xurma məhsulunun tamamilə satılmasını aşkar etmiş və bu barədə akt tərtib etmişdir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən edildi ki: - 01 oktyabr 2020-ci il tarixli Şəxs MMC-nin rəhbəri X3 tərəfindən verilmiş və etibarlılıq müddəti 31 dekabr 2020-ci il tarixədək olan etibarnamədən müəyyən edilir ki, Azərbaycan Respublikası X4ndə və onun tabeçiliyində olan bütün idarə və təşkilatlarda, Xidmət Mərkəzlərində təmsilçilik, o cümlədən arayışların alınması, istənilən məsələ ilə bağlı müraciət, müvafiq ərizə və digər sənədlərin imzalanması, təqdim edilməsi, alınması və ya sənədlərin alınmasına dair imza etmək səlahiyyətləri X8 etibar edilmişdir. - 14 dekabr 2020-ci il tarixli, İD********** nömrəli elektron ərizə formasından müəyyən edilir ki, Şəxs MMC İran İslam Respublikasından ölkəyə idxal etdiyi ümumi çəkisi 31.567 kq olan xurma məhsuluna və digər quru meyvə məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi üçün Azərbaycan Respublikası X4nə müraciət etmişdir. - 15 dekabr 2020-ci il tarixli 1373 nömrəli Nümunə təhvil təslim aktı”ndan müəyyən edilir ki, Şəxs MMC-nin İD********** nömrəli elektron ərizəsinə əsasən idxal edilmiş xurma məhsulundan nümunələr götürülmüşdür. Nümunənin götürülməsində Cəmiyyətin nümayəndəsi X9 iştirak etmişdir. - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutunun Bakı X1 22 dekabr 2020-ci il tarixli 1373 nömrəli sınaq protokolundan və rəydən müəyyən edilir ki, Şəxs MMC tərəfindən idxal edilmiş xurma məhsulunda kif göbələklərinin miqdarının normadan artıq olduğu (1,1x103 KƏGV/qr) aşkar edilmiş və buna görə məhsulun istehlaka yararlı olmadığı hesab edilmişdir. - Azərbaycan Respublikası X4nin Şəxs MMC-yə ünvanlanmış 25 dekabr 2020-ci il tarixli məktubundan müəyyən edilir ki, Cəmiyyətə yuxarıda qeyd olunan məhsul partiyasının sertifikatlaşdırılmasından imtina edilməsi barədə məlumat verilmişdir. Qeyd olunan məktub Cəmiyyətin nümayəndəsi X8 imza edilməklə təqdim edilmişdir. - Azərbaycan Respublikası X4nin məsləhətçisi X7 tərəfindən tərtib edilmiş 28 dekabr 2020-ci il tarixli aktdan müəyyən edilir ki, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə hüquqi şəxsin anbarında saxlanca verilmiş məhsula təkrar baxış keçirilərkən yerində olmadığı və tamamilə satılması aşkar edilmişdir. - Agentliyin Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış 02 fevral 2021-ci il tarixli məktubunun məzmunundan müəyyən edilir ki, Şəxs MMC barəsində toplanmış material onun əməlinə hüquqi qiymət verilməsi və qanunvericiliyə müvafiq qaydada tədbirlərin görülməsi üçün Baş İdarəyə göndərilmişdir. Məktub üzərində olan ştampdan müəyyən edilir ki, 12 fevral 2021-ci il tarixdə Baş İdarəyə daxil olmuşdur. - Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun 31 mart 2021-ci il tarixli 0212-33mat-21, 36 mat-21, 1700xid-21/1107 nömrəli məktubunun məzmunundan müəyyən edilir ki, Agentlikdən daxil olmuş müraciətlər əsasında Şəxs MMC, eləcə də digər hüquqi şəxslər barəsində toplanmış material Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsindən ötrü Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalova təqdim edilmişdir. Məktub üzərində olan ştampdan müəyyən edilir ki, 02 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuşdur. Məhkəmə hazırkı iş üzrə Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olubolmaması, inzibati xəta hadisəsinin törədilməsinin sübut olunub-olunmaması və inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı xüsusatları araşdırıb aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması, yəni qanunvericiliyə əsasənməcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına,satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə xarici ölkələrə ixrac edilən qida məhsullarına idxalçı ölkələr tələb etdiyi hallarda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən idxalçı ölkələrin tələbləri də nəzərə alınmaqla qida təhlükəsizliyi sertifikatı verilir. İdxalçı ölkələr qida məhsuluna, onun xammalına dair qida təhlükəsizliyi sertifikatının və (və ya) digər sertifikatların (baytarlıq, fitosanitar və s.) alınmasını tələb etdiyi halda, həmin sertifikatların verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan yeyinti məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi sertifikatı tələb olunmur. Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə qaydaları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinə görə Azərbaycan Respublikasında minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qeydiyyata alınmış subyektlər tərəfindən istehsal edilmiş yeyinti məhsulları satışa çıxarıla bilər. Qablaşdırma və bükmə materiallarının uyğunluq sertifikatı olduqda onlardan istifadə edilməsinə icazə verilir. Həmin Qanunun 21-ci maddəsinə görə yeyinti məhsulları haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının yazılı tələblərini və qərarlarını yerinə yetirmədikdə, o cümlədən yeyinti məhsulları haqqında qanunvericiliyin pozulmasının digər hallarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın 1.2.2-ci bəndinə görə qida təhlükəsizliyi sertifikatı yeyinti məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə verilən sənəddir. Həmin Qaydaların 2.1-ci bəndinə görə ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya həmin Qaydalara uyğun olaraq Azərbaycan RespublikasınınX4(bundan sonra-Agentlik) tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına (bundan sonra-sertifikat) malik olmalıdır. Həmin Qaydaların 2.9-2.11 və 2.21-2.22-ci bəndlərinə görə yeyinti məhsulları sertifikatlaşdırılarkən təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədi ilə Agentlik tərəfindən ekspertizadan keçirilir. Yeyinti məhsullarının ekspertizası yeddi iş günü müddətində aparılmalıdır. Ekspertiza ərizəçinin vəsaiti hesabına həyata keçirilir. Ekspertizanın keçirilməsi üçün Agentliyin mütəxəssisləri tərəfindən sertifikatlaşdırılan yeyinti məhsullarından nümunələr götürülür və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda onların sınağı (tədqiqi) aparılır. Sertifikatın verilməsindən aşağıdakı hallarda imtina edilir: 1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda; 2. müxtəlif yeyinti məhsulları eyni ad altında və ya eyni yeyinti məhsulları bir neçə ad altında olduqda; 3. yeyinti məhsulları təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda. Sertifikatın verilməsindən imtina edildikdə, Agentlik ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq, sertifikatın verilməsindən imtina haqqında inzibati akt qəbul edir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində subyektə (ərizəçiyə) təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Şəxs MMC İran İslam Respublikasından ölkəyə idxal etdiyi ümumi çəkisi 31.567 kq olan xurma məhsuluna qida təhlükəsizliyi sertifikatının verilməsi üçün 14 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası X4nə elektron ərizə ilə müraciət etmiş, 15 dekabr 2020-ci il tarixdə Cəmiyyətin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə məhsullardan nümunə götürülərək akt tərtib edilmiş, 22.12.2020-ci il tarixdə AQTİ-nin Bakı Regional Sınaq Laboratoriyasında sınaq aparıldıqdan sonra həmin məhsulların sanitariya epidemioloji qaydalar və normativlərə cavab vermədiyi aşkar edildiyindən məhsulun sertifikatlaşdırılmasından imtina edilmişdir. Agentliyin əməkdaşı tərəfindən 28 dekabr 2020-ci il tarixdə sözügedən məhsul partiyalarına təkrar baxış keçirildikdə isə Şəxs MMCnin ölkəyə idxal etdiyi, qanunla müəyyən edilmiş qaydada məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikat verilməmiş 31.567 kq xurma məhsulunu tamamilə satması müəyyən edilmişdir. Odur ki, məhkəmə araşdırması ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilibməsinin mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki xəta üzrə Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsinə görə məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 447.0.4-cü maddəsindəki inzibati xəta “uzanan inzibati xəta” hesab edilə bilər. Buna görə də bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçibkeçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Beləliklə, hazırki iş üzrə inzibati xəta tərkibi yaradan əməl uzanan əməldir. Davam edən əməl deyildir. Uzanan və davam edən əməllər bir birindən fərqlənir, eyni deyildir. Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə görə həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətləruzananinzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə qeyd edir ki, İXM-nin 38.2-ci maddəsinin tətbiqi ixtiyari bir inzibati xəta üçün və ixtiyari bir formada tətbiq üçün müəyyən edilməmişdir. Belə ki, həmin maddə inzibati xətanın səlahiyyətli orqanın aşkar etdiyi vaxtı da ehtiva etmir. Çünki səlahiyyətli orqan işi araşdırıb, müəyyən araşdırmadan sonra 1 ay, 3 ay və yaxud 1 ildən sonra da həmin xətanı aşkara çıxara bilər. Bu zaman bu hal heç də həmin inzibati xətanın araşdırmasının bitdiyi qeyd edilən 1 ay, 3 ay və yaxud 1 ildən sonrakı həmin aşkarlanma tarixində aşkarlanmış hesab edilməsini göstərmir. Belə olduğu təqdirdə inzibati məsuliyyətə cəlb etmə müddətini tənzimləyən İXM-nin 38-ci maddəsinin və həmin cəlb etmə müddətinin bitməsi zamanı qəbul edilməli olan qərara dair İXM-nin 53.0.6-cı maddəsinin mənası əhəmiyyətini itirər. Həmin maddə, inzibati xətanın ümumiyyətlə aşkara çıxarıldığı vaxtı ehtiva edir. Belə olduğu təqdirdə hazırkı mübahisə edilən inzibati xəta hər bir halda davam edən inzibati xəta deyildir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarından da görünür ki, "Davam edən hüquqpozuntular” və “Uzanan hüquqpozuntular” eyni növ inzibati xətalar deyildir, biri-birindən fərqləndirilmişdir, müxtəlif cür inzibati xətalardır. Eyni zamanda İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 6.3-cü maddəyə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda sadalananları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş üzrə törədilmiş inzibati xəta Azərbaycan Respublikası X4 tərəfindən idxal edilmiş məhsul partiyalarına sertifikat verilməsindən imtina edildikdən sonra məhsulun yerində olubolmamasının yoxlanıldığı vaxt, yəni 28 dekabr 2020-ci il tarixdə tərtib edilmiş aktla aşkar edilmişdir. Yəni həmin tarixdən hesablanmaqla Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında 08 aprel 2021-ci il tarixli qərar qəbul edildiyi vaxtda, artıq 03 aydan çox müddət keçmişdir. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər.Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-nin 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 03 ay müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC-nin barəsində İXM-nin 447.0.4-cü maddəsi ilə Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qəbul edilmiş 08 aprel 2021-ci il tarixli qərarla başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində İXM-nin 447.0.4-cü maddəsi ilə Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qəbul edilmiş 08 aprel 2021-ci il tarixli qərarla başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1090/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1090/2021
27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver