Məhkəmə qərarları › İş №3(004)-1097/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1097/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1097/2024 24.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Azərbaycan Yerüstü Nəqliyyat X8 Şəxsinin nümayəndəsi X4 iştirakı ilə X1 Azərbaycan Yerüstü Nəqliyyat X8 Şəxsinin 14 fevral 2024-cü il tarixli AYN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Yerüstü Nəqliyyat X8 Şəxsi tərəfindən qəbul edilmiş 14 fevral 2024-cü il tarixli AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o hər hansı bir inizbati xəta törətmədiyi halda Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyi tərəfindən adına parklanma qaydalarına pozduğuna görə inizbati cərimə edilməsinə dair xeyli sayda inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmin qərarlar ona kağız formada təqdim edilməmişdir, yalnız onun sahibliyində olan **-RU-*** dövlət qeydiyyat nişanlı “X12” markalı avtomobili növbəti texniki baxışından keçirmək istəyərkən xəbəri olmuşdur. Elektron kabinetə girərək həmin qerarla tanış olmuş, bu zaman həmin qərarların kağız formatda göndərilməməsi tərəfindən müəyyən edilmişdir. Həmin qərarlarla bağlı “Asan ödəniş” sistemindən arayış formasında çıxarış əldə etmişdir. Barəsində çıxarılmış inzibati tənbeh edilməyimə dair elektron qərarlar ləğv edilməlidir. AR İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 – 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127- 2.1-ci maddəsinə əsasən bu Məcəllənin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar parklanma yerlərində quraşdırılmış parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir. Bütün parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında həmin mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. 127-2.2. Parklanma yerlərində quraşdırılmış parkomat və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına, parklanma müddətinə (parklanma yerinə daxil olması və oranı tərk etməsinə) və parklanmaya görə edilmiş və ya edilməmiş ödənişlərə, habelə 24 saatdan artıq müddətdə parklanma yerində saxlanılan nəqliyyat vasitələrinə dair məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə elaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 346-1.1ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar parklanma yerlərində quraşdırılmış parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir. Bütün parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında həmin mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. 127-2.2. Parklanma yerlərində quraşdırılmış parkomat və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına, parklanma müddətinə (parklanma yerinə daxil olması və oranı tərk etməsinə) və parklanmaya görə edilmiş və ya edilməmiş ödənişlərə, habelə 24 saatdan artıq müddətdə parklanma yerində saxlanılan nəqliyyat vasitələrinə dair məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 – 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Eyni Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Eyni Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Bundan əlavə “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli fərmanı 5.33-2-cü bəndinə əsasən həmin Məcəllənin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi baxır. Göründüyü kimi Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin 346-1.1-ci maddəsi ilə nəzərdə tutulan işlərə baxmaq və qərar qəbul etmək səlahiyyəti nəzərdə tutulmamışdır. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası qanununun 53-cü maddəsinin XV bəndinə əsasən ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən parklanma müddətindən asılı olaraq bu maddə ilə müəyyən edilmiş üsullardan biri vasitəsilə ödəniş edir. Həmin hüquq normalarından və işin faktiki hallarından görünür ki, inzibati tənbeh vermə haqqında qərar səlahiyyətli olmayan orqan tərəfindən qəbul edilmiş, qanununun müəyyən etdiyi vaxt güzəştləri nəzərə alınmamış, inzibati tənbeh haqqında qərar inzibati xətanın törədilməsinə aidiyyəti olmayan şəxs barəsində çıxarılmışdır. Göstərilənləri nəzərə alaraq Azərbaycan Yerüstü Nəqliyyat X8 Şəxsinin 14 fevral 2024-cü il tarixli AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 346- 1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən Azərbaycan Yerüstü Nəqliyyat X8 Şəxsinin nümayəndəsi X7 məhkəməyə etiraz ilə müraciət edib şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, inzibati xətanın törədilməsi təsdiq olunub. Prezidentin fərmanında deyilir ki, ödənişli parklanmadan gələn vəsait AYNA-nın hesabına oturur. AR prezidentinin fərmanında belə qeyd olunursa bizim cərimə etməyə necə səlahiyyətimiz çatmaya bilər? Əgər bu cərimə olmazsa, xaotik vəziyyət yaranacaq və cərimə olmadığına görə vətəndaşlar nəqliyyat vasitələrini istədikəri yerdə saxlayacaqlar. Şikayət vermiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X5 əməlində İXM-in 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində qəbul edilmiş 14 fevral 2024-cü il tarixli AYN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Yerüstü Nəqliyyat X8 Şəxsi tərəfindən qəbul edilmiş 14 fevral 2024-cü il tarixli AYN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X5 13 fevral 2024-cü tarixdə saat 17:05-də “Hyundai Elantra” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 10902 nömrəli parklanma yerində Nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 10 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 42.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə bu Məcəllənin 40.0.3-cü maddəsində nəzərdə tutulan orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2023-cü il tarixli 2109 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı, o cümlədən yol hərəkətinin təşkili sahəsində tənzimləmə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində rəqabətin, o cümlədən göstərilən xidmətlərin təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi məqsədilə qərara alınmışdır:

1. Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilsin.

2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilsin.

3. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlak Agentliyin balansına verilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 4.1. bu Fərmanın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 4.2. bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, Agentliyin nizamnamə fondunun miqdarının artırılması barədə təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 4.3. “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlakın Agentliyin balansına verilməsini üç ay müddətində təmin etsin; 4.4. bu Fərmanın 4.3-cü bəndi nəzərə alınmaqla, Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün zəruri tədbirlər görsün; 4.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi: 5.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə Agentliyin yenidən təşkili, o cümlədən “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin fəaliyyətinə xitam verilməsinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin; 5.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün tədbirlər görsün. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.33-2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi baxır. Azərbaycan Respublikası Prezidentinin İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı haqqında 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanının 17.0-cı bəndinə əsasən Bakı Nəqliyyat Agentliyi adından Məcəllənin 319.1-ci, 320.1-ci və 322.0.3–322.0.6-cı maddələrində (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə), 346-1.1-ci, 346-1.5-ci və 350.2-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində), habelə iş üzrə icraat Agentliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1-ci və 322.0.7-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya və taksi minik avtomobilləri ilə sərnişindaşımaya münasibətdə), 346-cı, 346- 1.2 – 346-1.4-cü, 352.0.2-ci, 354.0.1-ci, 354.0.4-cü, 354.0.5-ci və 354.0.8-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – İdarə Heyətinin sədri, onun müavinləri, Aparat rəhbəri və şöbə müdirləri. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə - on manat məbləğində cərimə edilir. Qeyd edilən 14 fevral 2024-cü il tarixli AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, qərarda X5 tərəfindən törədilməsi ehtimal olunan inzibati xətaya dair qəbul edilmiş inzibati tənbeh haqqında qərar buna səlahiyyəti olmayan qurum tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibinin əlamətləri aşkar edilməmişdir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, Azərbaycan Yerüstü Nəqliyyat X8 Şəxsi tərəfindən qəbul edilmiş 14 fevral 2024-cü il tarixli AYN seriyalı ******* nömrəli qərar ləğv edilməli, X5 əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ :

X3 şikayəti təmin olunsun. X5 barəsində qəbul edilmiş Azərbaycan Yerüstü Nəqliyyat X8 Şəxsi tərəfindən qəbul edilmiş 14 fevral 2024-cü il tarixli AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Yerüstü Nəqliyyat X8 Şəxsi tərəfindən qəbul edilmiş 14 fevral 2024-cü il tarixli AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar