Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1104/2024 27.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X6 iclas katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxxxx 1963-cü ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağsu rayonu, Qiyaslı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2023-cü il tarixli qərarda göstərilir ki, vəzifəli şəxs Şəxs (FİN - xxxxxxx) - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC-nin Satınalma və təchizat departamentinin Təsərrüfat və nəqliyyat şöbəsinin sabiq aparıcı mütəxəssisi - xx.xx.2023cü il tarixdə xidməti vəzifəsinin icrası ilə əlaqədar qulluq mövqeyindən sui-istifadə yolu ilə "xxxx" MMC-də dezinfeksiya işləri həyata keçirən "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs qanunsuz olaraq 210 (iki yüz on) manat məbləğində pul vəsaitini almış, bununla da Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3 qərarın məzmununa uyğun izahat verərək Şəxs təqsirli hesab edilərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o 39 ildir ki, fasiləsiz olaraq "xxxx" MMCdə mühəndis vəzifəsində işləyir. MMC-də uzun illərdir ki, satınalma və təchizat şöbəsində işləmişdir. İşlədiyi 39 il ərzində heç bir inzibati tənbehi olmayıb. Əksinə bütün müddət ərzində qüsursuz işinə görə mükafatlar almışdır. 2017-ci ildə yeni rəhbərlik gələrkən onu heç bir əsas olmadan qanunsuz olaraq onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə işdən çıxarmışdır. Düz bir il çəkən məhkəmə proseslərindən sonra məhkəmənin qətnaməsi ilə işinə bərpa olunmuşdur. Bir müddət işlədikdən sonra yeni bir rəhbər təyin edilmişdir. Yeni rəhbərlik onun işgüzar keyfiyyətlərini yüksək qiymətləndirmiş yaxşı işinə görə mükafatlandırılmışdır. Lakin xx.xx.2023-cü il tarixdə xəbəri olmadan, hətta izahatını belə almadan onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə yenidən işdən azad etmişlər. İşdən azad edildikdən sonra MMC-də yenidən rəhbərlik dəyişmişdir. İşdən azadolma barəsindəki əmr onunla əsaslandırılmışdır ki, guya o "xxxx" MMC-də satınalmalar üzrə keçirilmiş tenderdə qalib olan şirkətin direktoru Zərərçəkmiş şəxs daha yaxşı iş şəraiti yaradacağına, veriləcək işlərin həcmini artıracağına söz vermiş və bunun müqabilində ondan 210 manat rüşvət almışdır. Bu barədə həmin dezinfeksiya işləri görən şirkətin direktoru 10 vərəqdən ibarət izahat vermiş və guya onu bu əməli törətməkdə ittiham etmişdir. Bundan başqa onunla həmin şirkətin direktoru arasında “whatsapp” üzərindən aparılmış yazışmalar çıxarılaraq sübut kimi təqdim edilmiş, onun qarşısında iki seçim qoyulmuşdur. Onu nazirliyə otağına çağıran özünü nazirin müşaviri kimi ona təqdim edən Fuad adlı vəzifəli şəxs həmin məsələ ilə bağlı izahatını aldıqdan sonra qarşısında iki seçim qoymuşdur. O ya öz ərizəsi ilə işdən azad olmalı ya da razı olmadığı halda barəsində rüşvətlə bağlı topladıqları materialları Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərəcəklər. O bütün bunların yalan, quraşdırılmış bir iş olduğunu, ona qarşı hazırlanmış bir oyun olduğunu bildirərək qəti olaraq ərizə yazmayacağını bildirmişdir. Elə həmin gün də onun işdən azad olunmağı barəsində əmr imzalanmışdır. İşdən azad olunma barəsində əmri aldıqdan sonra məhkəməyə işə bərpa haqqında iddia ərizəsi vermişdir. Məhkəmə hazırlıq iclasında dezinfeksiya işləri görən şirkətin direktoru Zərərçəkmiş şəxs tərəfindən 10 vərəqdən ibarət izahat və Zərərçəkmiş şəxsla onun telefon danışıqlarından ibarət çıxarışlar təqdim edilmişdir. Zərərçəkmiş şəxs 10 vərəqlik izahatında guya onun Zauru rüşvət verməyə məcbur etdiyi və rüşvət verməyəcəyi təqdirdə onunla MMC arasında bağlanmış müqaviləni ləğv edəcəyi göstərilir. Zərərçəkmiş şəxs izahatında yazılanlar "xxxx" MMC-nin rəhbərliyinin fikirləridir və bu fikirlər həqiqəti əks etdirmir. O bu barədə prokurorluqda aparılan araşdırma zamanı izahat vermiş və izahatında da bildirmişdir ki, bu yazılanlar ona qarşı qurulmuş bir oyundur və o bu oyundan xəbərdar olmuşdur. Elə bu səbəblə prokurorluqda araşdırma aparılarkən Zərərçəkmiş şəxslə üzləşdirilməyini tələb etmişdir. Maraqlıdır ki, Prokurorluğa müraciət Zərərçəkmiş şəxs tərəfindən deyil "xxxx" MMC tərəfindən edilmişdir. Onunla Zərərçəkmiş şəxs arasında “whatsapp” vasitəsilə aparılan yazışmalardan da görünür ki, Zaur onu kimlərinsə göstərişi ilə "xxxx" MMC-də təkrar dezinfeksiya işlərinin görülməsinə təhrik edir və o bu təhrikləri qəbul etmir. O Zaurdan heç bir pul vəsaiti istəməmiş və Zaur öz təşəbbüsü ilə guya bayram payı adı ilə onunla işləyən fəhlənin kartına 210 manat pul köçürmüşdür. Doğrudan da əgər Zaurun dedikləri, yəni ona istədiyi məbləği verməyəcəyi təqdirdə "xxxx" MMC ilə müqaviləni pozacağı doğrudursa məntiqlə o Zaurla "xxxx" arasındakı müqaviləni pozmalı və ya başqa maneə yaratmalı idi. Amma araşdırma orqanı və məhkəmə onun belə bir şeyi etmək səlahiyyətinin olub-olmadığını araşdırmamış və ya onun belə bir sözü dediyinin təsdiqi kimi hər hansı sübuta istinad etməmişdir. Bütün bunlar böhtan və qərəzdən ibarətdir və onun işdən çıxarılmağı üçün hazırlanmış bir ssenaridir. Əgər tərəfindən belə bir inzibati xəta törədilmişdisə o zaman o bu xətanı qəbul edər, Zaurla barışar, ona dəymiş ziyanı ödəyər və bu əsasla inzibati xətaya xitam verilmiş olardı. Onun Zərərçəkmiş şəxslə yazışmalarında, Zaurun ona qurban payı kimi vermiş olduğu vəsaitin qəbul edilməsində heç bir məqsədi, niyyəti olmamışdır. O bu ianəni qəbul etməklə işlədiyi müəssisəyə heç bir ziyan vurmamışdır. Elə bir məqsədi olmuş olsaydı Zərərçəkmiş şəxs təkrar dərmanlama aparması üçün şərait yaratmağı ilə bağlı onun şirnikləndirici təklifini qəbul edərdi. İşdə olan sənədlərdə hətta yuxarı vəzifəli şəxslərin email üzərindən ona vermiş olduğu təkrar dərmanlamaya dair göstərişlərinə rədd cavabı verməyi bir daha sübut edir ki, onun hər hansı bir qanunazidd fəaliyyəti və hər hansı məqsədli niyyəti olmamışdır. Əgər belə bir niyyəti olmuş olsaydı o yazışmalarda ona verilmiş tapşırığa uyğun eyni yerdə təkrar dərmanlama aparılmasına zərurət olduğunu yazmış olardı. Məhkəmə bu email yazışmalarını araşdırmış olsaydı qeyd etdiyi faktların onun gerçək niyyətinin nədən ibarət olduğunu görmüş olardı. "xxxx" MMC də aparılmış dərmanlama işlərinin həcmi guya onun tərəfindən süni şəkildə artıq yazılmışdır. Həm araşdırma zamanı həm də məhkəmədə qeyd etmişdir ki, onun müqavilə bağlamağa, hansısa işlərin görülməsinə və ya görüləcək işlərin həcminin müəyyən edilməsinə təsir etmək səlahiyyəti yoxdur. O sadəcə görüləsi işlərin harda aparılacağını podratçı şirkətə göstərmiş və həmin ərazidə işlər görüldükdən sonra görülmüş işlərin həcminin yazıldığı aktda imza atmışdır. Əslində "xxxx" MMC-nin vəzifəli şəxsləri bu işi əvvəlcədən planlaşdırmaqla bilərəkdən görülmüş işlərin həcmini 420 manat müəyyən etmişlər və bu məbləğin də guya yarısı 210 manatı ona verilmişdir. Maraqlısı budur ki, bu əsasla onu işdən azad etdikdən sonra yenidən həmin akt dəyişdirilmiş və həqiqətən görülən işlərin həcmi yazılmışdır. Onun əməllərində hər hansı inzibati xətanın əlamətləri yoxdur. Ümumiyyətlə inzibati xəta yoxdur. Bütün göstərilənlər, yəni prokurorluğun və məhkəmənin mövqeyi ilə desək mövcud inzibati xəta "xxxx" MMC ilə podratçı şirkətin rəhbəri Zərərçəkmiş şəxs tərəfindən məqsədli şəkildə təşkil edilmişdir ki, onu işdən azad etsinlər. Onu bir dəfə eyni maddə ilə əsassız və qanunsuz işdən azad etmişlər və o məhkəmə qaydasında işimə bərpa olunmuşdur. İşəgötürən onun bu hərəkətini bağışlaya bilmir. İş materiallarından bu aydın görünür. Çünki o məhkəmədə iddia qaldırdıqdan sonra barəsində prokurorluğa şikayət edilmişdir. Ona iddianı məhkəmədən geri götürməyəcəyi halda barəsində cinayət işi başladacaqları ilə təhdid etmişlər. O iddianı geri götürmədiyi üçün bu proseslər baş verib. Yekun olaraq o göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs dediyi xüsusatları təsdiq edərək Şəxs əmələrində inzibati xəta tərkibinin olmaması səbəbindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, vəzifəli şəxs Şəxs (FİN - xxxxxxx) - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC-nin Satınalma və təchizat departamentinin Təsərrüfat və nəqliyyat şöbəsinin sabiq aparıcı mütəxəssisi - xx.xx.2023-cü il tarixdə xidməti vəzifəsinin icrası ilə əlaqədar qulluq mövqeyindən sui-istifadə yolu ilə "xxxx" MMC-də dezinfeksiya işləri həyata keçirən "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs qanunsuz olaraq 210 (iki yüz on) manat məbləğində pul vəsaitini almış, bununla da Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. "xxxx" MMC-nin aparıcı mütəxəssisi Fərahim Hüseynli tərəfindən verilmiş 19 oktyabr 2023-cü il tarixli xidməti qeyddən görünür ki, “Aztelekom" MMC-nin Satınalma və təchizat departamentinin təsərrüfat və nəqliyyat şöbəsinin keçmiş aparıcı mütəxəssisi Şəxs xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz olaraq 210 manat məbləğində pul vəsaiti alması və həmçinin öz qulluq mövqeyindən istifadə etməklə "xxxx" MMC-yə məxsus olan, 1175 manat dəyərində 1 (bir) ədəd televizoru mənimsəməsi barədə toplanmış materialların onun əməllərinə hüquqi qiymət verilməsindən ötrü Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi məqsədəmüvafiqdir. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli 1100-04- 22/11-876 nömrəli xidməti müqavilədən görünür ki, bu müqavilə infeksion xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ila əks epidemik profilaktik tədbirlərin aparılması üçün bundan sonra "Sifarişçi" adlandırılacaq. Nizamnamə əsasında fəaliyyət göstərən baş direktor vəzifəsini müvəqqəti icra edən X5 təmsil olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və digər tərəfdən bundan sonra "İcraçi" adlandırılacaq. Nizamnamə əsasında fəaliyyət göstərən baş direktor Zərərçəkmiş şəxs təmsil olunan "Unidez Center” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 01 (bir) il müddətinə 14 noyabr 2022-ci il tarixində Bakı şəhərində bağlanmışdır. “İcraçı" "Sifarişçi”nin tapşırığına əsasən müqavilə imzalandığı andan ödənişli profilaktik deratizasiya va dezinfeksiya xidmətlərini göstərir, "Sifarişçi" isə göstərilən xidmətin haqqını ödəyərək işi qəbul edir. Xidmətlər sifarişçinin müraciətinə əsasən birdəfəlik və/ya davamlı (mütəmadi) olaraq icra olunacaqdır. Göstərilən xidmətlərin həcmi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə(lər) ilə müəyyənləşdirilir. Müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair ödəniş sənədlərində qeyd edilir. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli 1100-04- 22/11-876 nömrəli xidməti müqaviləyə 01 nömrəli əlavədən görünür ki, göstəriləcək xidmətlər dezinfeksiya və deratizasiyadan ibarət olmaqla faktiki işlənəcək sahə hər bir xidmət üzrə 247195.7 m2 ümumi ödəniləcək məbləğ isə 59971.66 manat müəyyən edilmişdir. 02 iyun 2023-cü il tarixli 419 nömrəli görülmüş işlərin təhvil-təslim aktına əsasən deratizasiya səhəsi 9900 m2 və dezinfeksiya sahəsi 9900 m2 qeyd edilmişdir. Görülmüş işləri təhvil vermiş şəxs kimi İbrahimov Pərviz tərəfindən imzalanmışdır. Görülmüş işləri təhvil alan şəxs kimi Şəxs tərəfindən imzalanmışdır. 20 iyun 2023-cü il tarixli 524 nömrəli görülmüş işlərin təhvil-təslim aktına əsasən deratizasiya səhəsi 9900 m2 və dezinfeksiya sahəsi 9900 m2 qeyd edilmişdir. Görülmüş işləri təhvil vermiş şəxs kimi İbrahimov Pərviz tərəfindən imzalanmışdır. Görülmüş işləri təhvil alan şəxs kimi Şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 167/Ş nömrəli əmrindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Daxili nəzarət şöbəsi tərəfindən aparılmış araşdırmaya əsasən məlum olmuşdur ki, Satınalma və təchizat departamentinin Təsərrüfat və nəqliyyat şöbəsinin aparıcı mütəxəssisi Şəxs əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Belə ki, Daxili nəzarət şöbəsi tərəfindən keçirilmiş monitorinq zamanı Şəxs Cəmiyyətin Bakı şəhəri, Tbilisi prospekti 187 ünvanında yerləşən inzibati binasında dezinfeksiya xidmətinin həyata keçirilməsi üçün "xxxx" MMC-nin nümayəndəsi ilə məbləğin müəyyən hissəsinin özünə verilməsi ilə bağlı razılığa gəldiyi bunun qarşılığında isə inzibati binada şirkət tərəfindən mütəmadi olaraq dezinfikesiya xidmətlərinin həyata keçirilməsi üçün şərait yaradılacağına dair şirkət nümayəndəsinə söz verdiyi aşkar edilmişdir. Həmçinin, Şəxs “Unidez Center" MMC-nin şirkət nümayəndəsinə onun şərtləri ilə razı olmayacaqları təqdirdə həmin şirkət tərəfindən xidmətin göstərilməsinə maneə yaradılacağını bildirmişdir. Nəticədə Şəxs inzibatı binada dezinfeksiya olunacaq sahənin həcmini böyüdərək dezinfeksiya olunması zəruri olan sahədən daha çox sahənin dezinfeksiya olunması barədə akt imzalamış və xidmətin həyata keçirilməsinə nail olmuşdur. Bunun qarşılığında isə Şəxs 210 (iki yüz on) AZN məbləğin şirkət nümayəndəsi tərəfindən ona ödənilməsinə nail olaraq həmin məbləği mənimsəmişdir. Daha sonra Şəxs təşkilatçılığı ilə 2023-cü ilin iyun ayı ərzində 2-ci dəfə dezinfeksiya ilə bağlı müraciət edilmiş yenidən dezinfeksiya olunması zəruri olan sahədən daha çox sahə göstərilmiş və müvafiq akt Şəxs tərəfindən imzalanmışdır. Lakin, Daxili nəzarət şöbəsi tərəfindən keçirilən monitorinq nəticəsində müvafiq sahənin artıq yazılması aşkarlanmış və aparılan araşdırma zamanı qeyd olunan hallar izahatlar və digər toplanılan dəlil və materiallar vasitəsilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b" bəndinə əsasən əmək intizamına və müəssiədaxılı intizam qaydalarına əməl etmək işçinin əsas vəzifəsidir, həmçinin Əmək Məcəlləsinin 11-cı maddəsinin 1-ci hissəsinin "d" bəndinə əsasən işçilər əmək müqaviləsinin şərtlərini müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək işəgötürənin əsas hüquqlarından biridir Əmək Məcəlləsinin 186.2-ci maddəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə yaxud keyfiyyətsiz yerinə yetirdikdə, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrim, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-cı maddəsinin c bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması e bəndinə əsasən isə əmək fəaliyyəti zaman yol verdiyi kobud səhvləri hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Yuxarıda qeyd olunanları o cümlədən toplanmış materiaiları və Azərbaycan Nəqliyyat Rabitə və X7 Həmkarlar ittifaqı Bakı 1 şöbəsinin razılığını (Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinin tələbinə əsasən) nəzərə alaraq Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "xxxx" bəndində nəzərdə tutulmuş intizam tənbehinin verilməsi hüququnu rəhbər tutaraq, Səlim Həsənqulu oğlu - Satınalma və təchizat departamenti. Təsərrüfat və nəqliyyat Məmmədov şöbəsinin aparıcı mütəxəssisi onunla bağlanmış Əmək müqaviləsinə 12 07 2023-cü ıl tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin "xxxx" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilməklə vəzifəsindən azad edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilmiş 25 oktyabr 2023-cü il tarixli izahatından görünür ki, "xxxx" MMC 10 ildən çoxdur ki, onun tərəfindən təsis olunub. Halhazırda da MMC-də icraçı direktor vəzifəsində işləyir. MMC-nin fəaliyyəti binalar və sair ərazilərin dezinfeksiya edilməsidir. 2022-ci ilin noyabr ayında "xxxx" MMC ilə dezinfeksiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə bağlamışlar. Belə ki, 2022-ci ilin noyabr ayında "xxxx" MMC-yə aid inzibati binalarda dezinfeksiya işlərinin görülməsi üçün tender elan etmiş və onun təsis etdiyi və direktoru olduğu "xxxx" MMC tenderin qalibi olmuşdur. Bundan sonra "xxxx" MMC-dən elektron poçt vasitəsi ilə MMC-nin hansı inzibati binasının dezinfeksiya olunacağı barədə məlumat göndərmişdi. 2023-cü ilin mart-aprel ayları ərzində göstəriş əsasında “Aztelekom" MMC-nin müxtəlif binalarında dezinfeksiya işləri görmüşlər. Elektron poçt vasitəsi ilə göndərilən tapşırıqlarda MMC-nin hər inzibati binasında əlaqə saxlamalı olduqları şəxsin əlaqə nömrəsini qeyd etmişlər. Onlar həmin binaya getməmişdən qabaq qeyd olunan şəxslər ilə əlaqə saxlayıb günü və saatı dəqiqləşdirib daha sonra dezinfeksiya işlərinin görülməsi üçün həmin binaya getmişlər. Yadında qaldığı qədəri ilə 2023-cü ilin may ayının axırı və ya iyun ayının əvvəlində “Aztelekom" MMC-dən yenidən elektron poçt vasitəsi ilə MMC-nin Bakı şəhəri, Tibilisi prospekti 187 ünvanında yerləşən inzibati binasının 2 və 3-cü mərtəbələri, zirzəmi, kabel şaxtaları və mətbəxlərində (yadımda qaldığı qədəri ilə 4000 kv.m) dezinfeksiya işlərini görülməsi tapşırığı gəlmişdir. Həmin tapşırıqda qeyd edilən ünvandakı inzibati binada məsul şəxs kimi Şəxs (*** *** ** **, *** *** ** **) qeyd olunmuşdur. O qeyd olunan şəxslə yəni Şəxs ilə əlaqə saxlayaraq dezinfeksiya işlərinin görülməsi üçün gələcəklərini bildirdikdə o, işçilərdən qabaq onun özünün həmin binaya gedərək onunla tanış olmağını bildirmişdir. O həmin gün "xxxx" MMC-nin yenidən Bakı şəhəri, Tibilisi prospekti 187 ünvanında yerləşən inzibati binasına gedərək Şəxs ilə görüşmüşdür. Şəxs iş otağı inzibati binanın əsas girişindən girdikdən sonra birinci mərtəbədə sol tərəfdə idi. Şəxs ilə görüş zamanı o, özünü ona inzibati binada görülən bütün təsərrüfat və təchizat işlərinə görə birbaşa məsul şəxs olduğunu bildirdi. Şəxs ona MMC-nin inzibati binasında dezinfeksiya xidməti keçirilməsi müqabilində əldə olunacaq gəlirdən ona verəcəyi təqdirdə inizbati binada mütəmadi olaraq vaxtından əvvəl, zərurət olmadıqda belə dezinfeksiya xidmətlərinin göstərilməsinə şərait yaradacağını, hətta görüləcək işlərin həcmini böyüdəcəyini (sahənin daha böyük olması ilə bağlı), əks halda işə maneçilik törədəcəyini və onun işləməyəcəyini bildirdi. O Şəxs qeyd olunan binanın 2 və 3-cü mərtəbələrinin və elektron poçtda qeyd olunan əraziləri dezinfeksiya olunacağını bildirdikdə Şəxs ona binanın bütün ərazisinin təxminən 9-10 min kv.m sahənin dezinfeksiya olunması üçün rəhbərlikdən icazə alacağını, lakin əldə olunan gəlirin yarısını ona verməli olacağını bildirdi. O işi itirməmək üçün onunla razı olduğunu bildirdi. Bundan bir gün sonra iyun ayının əvvəlində binanın bütün sahəsində (7-ci mərtəbə istisna olmaqla) dezinfeksiya və binanın həyətində deratizasiya (gəmiricilərə qarşı) işləri görüldü. İşlərin görülməsi ilə bağlı təhvil təslim aktı imzalandı. Aktı onun tərəfdən şirkətin nümayəndəsi "xxxx" MMC tərəfdən isə Şəxs imzaladı. Aktda dezinfeksiya oluna sahənin ölçüsü Şəxs tərəfindən 9900 kv.m olduğu qeyd edilmişdir. Bundan təxminən 2 həftə sonra yenidən sifariş əsasında həmin binada yenidən dezinfeksiya işləri görüldü və təhvil təslim aktı imzalandı. Həmin aktı onun tərəfdən işçisi İbrahimov Pərviz "xxxx" MMC tərəfdən isə Şəxs imzalamışdır. Həmin aktda da dezinfeksiya olunan sahənin ölçüsünü Şəxs 9900 kv.m qeyd etmişdir. Aktda göstərilən ölçü ilə faktiki dezinfeksiya olunan sahənin ölçüsü eynilik təşkil etmirdi. Buna görə də sonradan həmin aktlar ləğv olunmuşdur. Birinci dəfə "xxxx" MMC-nin Bakı şəhəri, Tibilisi prospekti 187 ünvanında yerləşən inzibati binasının dezinfeksiya olunmasına görə (9900 kv.m) xidmətin haqqı 420 manat təşkil edirdi. "Aztelekom” MMC tərəfindən göstərdiyi bu xidmətə görə ödənişi gözləmədən Şəxs özünə məxsus mobil nömrədən “whatsapp” vasitəsi ilə ona Şahid məxsus “Leo bank” kart hesabının sürətini göndərdi və həmin hesaba 210 manat pul köçürməyini bildirdi. O Şəxs MMC tərəfdən ödənişi almadığını bildirdikdə o, pulun köçürüləcəyini, lakin 210 manat pulu ona əvvəlcədən verməyini tələb etdi. O da bir müddət sonra Şəxs dediyi kimi yadında qaldığı qədəri ilə 2023-cü ilin iyun ayının 20-də 210 manat pulu “Milli ön” vasitəsi ilə qeyd olunan bank kart hesabına göndərmişdir. Sonradan həmin aktlar ləğv olunmuş və yenidən aktlar bağlanmış və bu dəfə dezinfeskiya olunan sahə hər iki aktda da 4500 kv.m göstərilmişdir. Həmin aktları da Şəxs imzalayıb. İzahatında qeyd olunanlar ilə bağlı 05 iyul 2023-cü ildə "xxxx" MMC-də izahat vermiş və Şəxsla olan “whatsapp” yazışmalarının sürətini həmçinin Şahid məxsus bank kartının şəklini də izahatına əlavə etmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli 0054 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Aztelekom" MMC-dən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə MMC-nin Satınalma və təchizat departamentinin Təsərrüfat və nəqliyyat şöbəsinin keçmiş aparıcı mütəxəssisi Şəxs xidməti vəzifəsinin icrası ilə əlaqədar “Aztelekom" MMC-də dezinfeksiya işləri həyata keçirən "xxxx" MMC-nin nümayəndəsindən qanunsuz olaraq 210 manat məbləğində pul vəsaiti almasına və öz qulluq mövqeyindən istifadə etməklə "xxxx" MMC-yə məxsus bir ədəd televizoru mənimsəməsinə dair daxil olmuş material üzrə araşdırma aparılmışdır. Daxil olmuş materialdan görünür ki, Şəxs 2023-cü ilin iyun ayında "xxxx" MMC-nin Bakı şəhəri, Tiblisi prospekti 187 ünvandakı inzibati binasında dezinfeksiya xidmətlərini həyata keçirən “Udinez Senter" MMC-nin direktoru Zərərçəkmiş şəxs 210 manat pul vəsaiti alması və MMC-yə məxsus bir ədəd televizoru mənimsəməsi ilə bağlı 2023-cü ilin 12 iyul tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin "xxxx" bəndinə əsasən işdən azad edilmişdir. Araşdırma zamanı Şəxs "xxxx" MMC ilə infeksion xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə əks epidemik profilaktik təbbirlərin aparılması üçün xidmət müqaviləsi bağlamış “Udinez Senter" MMC-nin direktoru Zərərçəkmiş şəxs “Aztelekom" MMC-yə məxsus Bakı şəhəri, Tiblisi prospekti 187 ünvandakı inzibati binasında dezinfeksiya xidmətləri keçirilməsi nəticəsində əldə olunacaq gəlirdən ona veriləcəyi təqdirdə xidmətin göstərilməsinə şərait yaradacağını bildirərək pul tələb etməsi və onun 210 manat pul vəsaitini dələduzluq yolu ələ keçirməsi müəyyən edilmişdir. Araşdırma zamanı Şəxs qeyd olunan televizoru MMC-yə geri qaytarmışdır. Daxil olmuş material üzrə araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosesual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməsi, eyni zamanda Şəxs əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş dələduzluq yolu ilə özgənin əmlakını talama inzibati xətasının tərkib əlamətləri olduğundan materialın hüquqi qiymət verilməsindən ötrü aidiyyəti üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. "xxxx" MMC-nin Texniki departament kommutasiya və transport şəbəkə sistemlərinin istismarı şöbəsinin müdiri Talıbzadə Əhmədov tərəfindən Şəxs və digərlərinə ünvanlanmış xx.xx.2023-cü il tarixli emailə əsasən "xxxx" MMC-nn Tbilisi prospekti 187 ünvanında yerləşən inzibati və texnoloji binasında çalışan işçilər tərəfindən binada siçan və gəmiricilərin olması müşahidə edilmişdir. Eyni zamanda mətbəxlərdə də həşaratlar o cümlədən tarakan vardır. Binadakı xüsusi əhəmiyyətli kabellərin gəmiricilərdən qorunması məqsədilə mərtəblərdə və şaxtalarda dərmanlama işlərinin aparılması üçün zəruri tədbirlərin görülməsi xahiş edilmişdir. "xxxx" MMC-nin satınalma və təchizat departamenti, təsərrüfat və nəqliyyat şöbəsinin aparıcı mütəxəssisi Fəqan Səmədov tərəfindən Şəxs və digərlərinə ünvanlanmış xx.xx.2023-cü il tarixli emailə əsasən “Bu gün xx.xx.2023-cü il tarixində saat 18:00-da Bakı şəhəri, Tbilisi prospekti 187 ünvanında yerləşən "xxxx" MMC-nin texnoloji binasının 2-ci, 3cü mərtəbələrini, zirzəmisini, kabel şaxtalarını və mətbəxlərinin həşaratlara və gəmiricilərə qarşı dezinfeksiya və deratizasiya edilməsini bildirmişdir. "xxxx" MMC-nin İnformasiya Texnologiyaları Departamentindən Hava İsgəndərova tərəfindən Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli emailə əsasən İTD-ni 505 nömrəli otağının dezinfeksiya olunmasına göstəriş verilməsi xahiş edilmişdir. "xxxx" MMC-nin Təsərrüfat və Nəqliyyat şöbəsinin aparıcı mütəxəssisi Şəxs tərəfindən Rövşən Cahangirov və Elxan Qafarova ünvanlanmış xx.xx.2023-cü il tarixli emailə əsasən "xxxx" MMC-nin inzibati binasında (Tbilisi-187) iş otaqlarında mərtəbələrdə cücü və birə olması ilə əlaqədar əməkdaşlar tərəfindən müraciət olunub. İnzibati binada dezinfeksiya işinin aparılmasına münasibət bildirilməsi xahiş edilmişdir. "xxxx" MMC-nin Satınalma və təchizat departamenti, Təchizat və təsərrüfat şöbəsinin müdiri Elxan Qafarov tərəfindən Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli emailə əsasən Fəqan müəllim ilə əlaqə saxlayıb dezinfeksiya xidmətinin dəvət edilməsi bildirilmişdir. Texniki Departament, X4 Şöbəsinin müdiri İqrar Kərimov tərəfindən Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli emailə əsasən 3-cü mərtəbədə NOC-un növbətçiləri zalda həşaratların, birələrin olmasından narahat olduqlarını bildirmişlər. Bununla əlaqədar zalın dezinfeksiya olunmasına köməklik göstəriləməsi xahiş edilmişdir. "xxxx" MMC-nin Təsərrüfat və Nəqliyyat şöbəsinin aparıcı mütəxəssisi Şəxs tərəfindən İqrar Kərimova ünvanlanmış xx.xx.2023-cü il tarixli emailə əsasən 4 gündür ki, bütün ərazi dezinfeksiya edilib. Narahatçılığa əsas yoxdur qeyd edilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC ilə Şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli 52 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli 1 saylı əlavə razılaşmadan görünür ki, Məmmədov X2 və təchizat departamentinin Təsərrüfat və nəqliyyat şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinin aşağıda əmək funksiyalarının icrasını öz öhdəsinə götürmüşdür: - Aparıcı mütəxəssisin əsas öhdəliyi: "xxxx" MMC-nin anbarına mədaxil və məxaric olunan mal-materialların təhlükəsizlik qaydalarına riayət edərək daşınmasını təşkil etməkdir. - Aparıcı mütəxəssis fəaliyyətini logistikanın təşkili prosesi, eyni zamanda, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən və yenilikləri nəzərə almaqla aparır. - Səlahiyyətləri çərçivəsində yeni (öz sahəsinə aid) Qaydaların, Proseslərin, Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak edir. - Aparıcı mütəxəssis gündəlik logistika əməliyyatlarını idarə edir. - Bazarda mövcud olan Nəqliyyat tədarükçüləri haqqında mütəmadi olaraq araşdırma aparır, qiymət təklifləri toplayır və qiymətləndirmə cədvəllərini tərtib edib, Cəmiyyətin Satınalma və təchizat departamentinin rəhbərinə təqdim edir. - Nəqliyyat vasitələrinin texniki baxış üzrə əməliyyatların qeydlərini aparır. - Nəqliyyat xidmətləri üçün bağlanmış müqavilələr üzrə qarşı tərəfin öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edir. - Cəmiyyətin baş ofis və filiallarının digər struktur bölmələri ilə qarşıliqlı fəaliyyət göstərir. - Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş səs yazılarına əsasən Zərərçəkmiş şəxs hər hansı işlərin görülməsi və ya görülmüş işlərin sahəsinin artırılması üçün pul vermədiyini dəfələrlə təkrarlamış və həmin sözləri Şəxsla üzləşmə zamanı təkrarlaya biləcəyini demişdir. Bundan başqa Zərərçəkmiş şəxs həmin səs yazısında əsas məsələnin onun "xxxx" MMCdə dezinfeksiya işlərinin görülməsindən kənarlaşdırılması onunla bağlanmış müqavilənin xitam verilməsi olduğunu demişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)-6302/2023 nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 160 (bir yüz altmış) saat ictimai işlər cəzası tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-155/2024 nömrəli qərarına əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh edilməsinə dair 13 dekabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərarda həmçinin qeyd edilmişdir ki, 13 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarda və birinci instansiya məhkəməsinin qərarında aldatmanın və etibardan sui-istifadənin nədə ifadə olunması görünmür. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarda və birinci instansiya məhkəməsinin qərarında zərərçəkmiş şəxs qismində "xxxx" MMC-nin və ya Zərərçəkmiş şəxs olması müəyyən edilmir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs "xxxx" MMC ilə infeksion xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə əks epidemik profilaktik tədbirlərin aparılması üçün xidmət müqaviləsi bağlamış "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs "xxxx" MMC-yə məxsus Bakı şəhəri Tbilisi prospekti 187 ünvandakı inzibati binasında dezinfeksiya xidmətləri keçirilməsi nəticəsində əldə olunacaq gəlirdən ona veriləcəyi təqdirdə xidmətin göstərilməsinə şərait yaradacağını bildirərək pul tələb etməsi və onun 210 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirilməsi müəyyən olunmuşdur. Toplanmış əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Sözügedən qərardan göründüyü kimi, Şəxs əməli dələduzluq yolu ilə özgənin əmlakını talama kimi qiymətləndirilmişdir. Lakin, 13 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardan görünür ki, Şəxs vəzifəli şəxs hesab edilmiş, qulluq mövqeyindən suiistifadə yolu ilə qanunsuz olaraq 210 (iki yüz on) manat məbləğində pul vəsaitini aldığı göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin məzmunundan göründüyü kimi sadalanan hərəkətlər özgəsinin əmlakını talamağa yönəlməlidir. Talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür (Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarı). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra — CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə qeyd edir ki, Şəxs Həsən qulu oğlu tərəfindən "xxxx" MMC-nin yaxud Zərərçəkmiş şəxs əmlakı dələduzluq yolu ilə əldə edilməmişdir. Məhkəmə baxışı zamanı Şəxs tərəfindən Zərərçəkmiş şəxs hər hansı formada aldadılması, vəd verilməsi, etibarından sui istifadə edilərək pulunun ələ keçirilməsi və ya belə niyyətinin olması müəyyən edilmir. Ümumiyyətlə iş materiallarında Zərərçəkmiş şəxs Şəxs 210 manat verməsi ilə bağlı "xxxx" MMC-yə ünvanlanmış müraciəti aşkar edilməmişdir. Belə ki, ilk növbədə qeyd etmək lazımdır ki, iş materiallarına əlavə edilmiş “whatsapp” yazışmalarına əsasən Zərərçəkmiş şəxs öz izahatında qeyd etdiyi hallar öz təsdiqini tapmır. Zərərçəkmiş şəxs tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilmiş 25 oktyabr 2023-cü il tarixli izahatına əsasən "Aztelekom” MMC tərəfindən göstərdiyi xidmətə görə ödənişi gözləmədən Şəxs özünə məxsus mobil nömrədən “whatsapp” vasitəsi ilə ona Şahid məxsus “Leo bank” kart hesabının sürətini göndərmiş və həmin hesaba 210 manat pul köçürməyini bildirdi. O Şəxs MMC tərəfdən ödənişi almadığını bildirdikdə o, pulun köçürüləcəyini, lakin 210 manat pulu ona əvvəlcədən verməyini tələb etmişdir. Çıxarışlara baxış keçirilərkən ifadə qeyd edilən hallar yəni Şəxs Zərərçəkmiş şəxs 210 manat tələb etməsi və pulun "xxxx" MMC tərəfindən ödəniş edilmədən göndərilməsi kimi yazılar Şəxs tərəfindən qeyd edilməmişdir. Bundan başqa dələduzluq, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədə ifadə olunur. Şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlər həmçinin əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə edilməsi halları müəyyən edilməmişdir. Ümumiyyətlə Zərərçəkmiş şəxs ifadəsinə mötəbər sübut kimi yanaşılaraq yalnız həmin ifadə əsasında Şəxs təqsirli hesab edilməsi mükün deyildir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarına əsasən Məhkəmələrin diqqətinə çatdırılsın ki, dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxış edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). Qulluq mövqeyindən sui-istifadə yolu ilə talamaya gəldikə məhkəmə qeyd edir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxs etdiyi əmələ münasibətdə vəzifəsinə görə malik olduğu səlahiyyətlərdən istifadə etməli və yaxud etməməlidir. Lakin, bu cür istifadə etmə və yaxud istifadədən yayınma qəsdən qulluq mənafeləri əleyhinə yönəldilməlidir. Başqa sözlə, söhbət vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dezinfeksiya ediləcək sahənin artırılmasından gedirsə, məsuliyyətin yaranması üçün həmin dezinfeksiya ediləcək sahənin müəyyən edilməsi barədə müəyyən hərəkətləri yerinə yetirmək (məsələn, dezinfeksiya ediləcək sahənin ölçülərinin müəyyən edilməsi səlahiyyəti və s) vəzifəli şəxsin səlahiyyət dairəsində olmalıdır. Yalnız belə olduqda, şəxsin “öz qulluq mövqeyindən sui-istifadə etməsi” yəni, qanuni olaraq malik olduğu səlahiyyətdən qəsdən qulluq mənafeyi əleyhinə faydalanması mümkündür. Məhkəmə həmin xüsusatla bağlı qeyd edir ki, Şəxs vəzifələri səlahiyyətləri siyahısında dezinfeksiya ediləcək sahənin ölçülərinin müəyyən edilməsi olmamışdır. Bu da onun öz qulluq mövqeyindən sui-istifadə etməsi halını aradan qaldırır. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli 1100-04-22/11-876 nömrəli xidməti müqavilədə dezinfeksiya və detarizasiya olunacaq sahənin ölçüləri və qiymət tam şəkildə müəyyənləşdirilmiş Şəxs tərəfindən həmin müqavilədən kənara çıxma halı müəyyən edilməmişdir. Həmçinin tərəflər arasındakı email yazışmalarından görünür ki, hər iki halda dezinfeksiya və deratizasiya aparılmamışdan əvvəl "xxxx" MMC-nin müxtəlif əməkdaşları Şəxs həşəratların olması barədə məlumat vermişlər. Şəxs isə ya bununla bağlı rəhbərliyə məlumat vermiş və rəhbərliyin göstərişi əsasında dezenfeksiya işləri məşğul olacaq qurum dəvət edilmişdir. Şəxsla "xxxx" MMC-nin əməkdaşı arasında olan digər bir email yazışmasına əsasən o binanın yeni dezinfeksiya olunduğunu bildirərək təkrar dezinfeksiyaya ehtiyac olmadığını bildirmişdir. Bu da Şəxs məqsədinin dezenfeksiya işlərinin həyata keçirilməsi nəticəsində qazanc əldə edilməsi olması ilə bağlı fikirləri təkzib edir. Məhkəmə tərəfindən Zərərçəkmiş şəxs dəfələrlə rəsmi bildiriş və mesaj göndərilməsinə, mobil telefon vasitəsilə əlaqə saxlanılmasına baxmayaraq məhkəmə iclaslarına gəlməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyinə dair kifayət qədər sübutlar toplanmamış, İXM-in bir sıra tələbləri pozulmuşdur. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd edir ki, İXM-in 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin törədilməsi müəyyən edilməlidir. İXM-in 227-ci maddəsində xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq inzibati xəta kimi nəzərdə tutulmuşdur. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs izahatında 210 manat məbləğində pulun Şəxs tərəfindən dələduzluq yolu ələ keçirməsinin bildirsədə bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi və ya Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi hazırki iş üzrə Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi İXM-in prinsiplərinin tələbləri pozulmaqla aparılmış, onun təqsirli olması və onun barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tək zərərçəkmiş şəxsin izahatına əsaslanmışdır. Sadalananları, həmçinin İXM-in 53, 84-cü maddələrini rəhbər tutaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə sübutlar inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün kifayət etmədiyindən Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməlidir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara dair iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakım: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1104/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1104/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver