Məhkəmə qərarları › İş №3(004)-1106/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1106/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1106/2024 04.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, şikayətçi - X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-i tərəfindən qəbul edilmiş 23 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərardan X3 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nin polis baş leytenantı X1 tərəfindən qəbul edilmiş 23 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, onun barəsində Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nin polis baş leytenantı X1 tərəfindən qəbul edilmiş 23 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla razı deyildir. Özü ikinci Qarabağ müharibəsi iştirakçısıdır. O, barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı protokola əsasən təqsirli bilinərək qəbul edilmiş 23 fevral 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, tərəfindən idarə etdiyi “Mercedes Benz 817” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə yükdaşınma qaydalarının pozulması faktını etiraf edir. Lakin yük avtomobilində normativ tələblərə cavab verməyən avadanlığın quraşdırılması hissəsində inzibati xəta ilə razılaşmır. Belə ki, o qeyd olunan nəqliyyat vasitəsini aldıqdan sonra texniki baxışdan keçirmiş və texniki pasportda yük qaldırma qabiliyyəti ilə bağlı çəkisi qeyd edilmişdir. 30 yanvar 2024-cü il tarixdə, saat 15:31-də avtomobillə Bakı şəhəri, Tbilisi prospektində hərəkətdə olarkən Yasamal RPİ DYPŞ-nin əməkdaşları tərəfindən saxlanıldıqda ona bildirilmişdir ki, elektron sistemdə yükün çəkisi texniki pasportda göstəriləndən artıq qeyd edilmişdir. Lakin qeyd olan halla razılaşmır, çünki normativ tələblərə uyğun olaraq real çəki texniki pasportda qeyd edilmişdir. Odur ki, göstərilənlərə əsasən qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini, eləcə onun 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nə lazımi qaydada məlumat verilsə də, qərar qəbul etmiş qurumun səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə Yasamal rayonu RPİ-nin DYPŞ-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş 23 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərar ləğv edilərək əlavə araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan 23 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü N.Ş.Qəribov normativ tələblər pozulmaqla konstruksiyasiyasında dəyişiklik edilmiş “Mercedes Benz 817” (yük) markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 30 yanvar 2024-cü il tarixdə, saat 15:31-də Bakı şəhəri, Tbilisi prospekti GPS:40.3969169,49.8143031 ünvanında idarə etmiş, eyni zamanda yük daşıma qaydalarını pozmuşdur. Qərarla N.Ş.Qəribov Azərbaycan Respublikası İXM-nin 327.1 və 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, nəqliyyat vasitəsinin konstruksiyasında normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati xəta haqqında protokol tərtib edilərkən və həmin protokol əsasında qərar qəbul edilərkən işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Belə ki, 23 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X3 İXM-nin 327.1 və 342.2.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində 150 manat cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Hazırda sürücü X3 onun tərəfindən yük daşıma ilə bağlı qaydaların pozulmasını etiraf etməsinə baxmayaraq, digər xəta hadisəsi, yəni nəqliyyat vasitəsinin konstruksiyasında normativ tələblərə uyğun olmayan dəyişiklik edilməsi ilə razılaşmamışdır. Məhkəmə hesab edir ki, qeyd olunan xüsusatın araşdırılması ilə bağlı nəqliyyat vasitəsinə baxış keçirilməli, onun konstruksiyasında normativ tələblərə cavab verməyən dəyişikliyin edilib-edilməməsinin müəyyən edilməsi üçün mütəxəsis rəyi alınmalı, nəticədən asılı olaraq sürücünün əməlinə hüquqi qiymət verilməlidir. Şikayət əsasında təyin edilmiş məhkəmə iclası barədə qərarından şikayət verilmiş orqana məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasında iştirak etməmiş, orqan tərəfindən qərarın qanuni və əsaslı olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda isə şikayətdə qeyd olunan xüsusatlar üzrə obyektiv həqiqətin müəyyən edilərək qanuni qərar qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinin məzmununa görə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə tərəfindən qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməklə sübutların təqdim edilməsi təklif edilməsinə baxmayaraq buna dair məhkəməyə həra hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan nəqliyyat vasitəsində aparılmış dəyişikliklərin nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərinə uyğunluğunun yoxlanılması xüsusi bilik tələb etdiyindən, yəni mütəxəssis rəyi və ya ekspert rəyi zəruri olduğundan hazırkı iş üzrə zəruri sübut təqdim edilmədən qanuni və obyektiv qərar qəbul edilməsi mümkün deyildir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol və qərardan görünür ki, sübut olaraq hər hansı rəyə istinad edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına dair inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbiylə, yəni İXM-nin 135.1.1-ci maddəsinin tələbi pozulduğundan şikayət qismən təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nin Yol Patrul Xidmətinin polis baş leytenantı X1 tərəfindən qəbul edilmiş 23 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş şəxsin əməlinə hüquqi qiymət verilmədən Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə və ona hesablanmış dəbbə pulu silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti qismən təmin olunsun. X2 barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal rayonu RPİnin DYPŞ-nin Yol Patrul Xidmətinin baş polis leytenantı X1 tərəfindən qəbul edilmiş 23 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nə göndərilsin. Qəbul edilmiş 23 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə məbləği silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim (Bakı şəhəri Yasamal Rayon Məhkəməsi) vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar