Məhkəmə qərarları › İş №3(004)-1107/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1107/2021

30.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1107/2021 30.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsi (PB) tərəfindən tərtib edilmiş protokolu və ona əlavə edilmiş inzibati xəta haqqında materialı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PB-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş 30 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 16 aprel 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Yasamal rayonu, M.Əliyev küçəsində 2 saylı marşurut xətti üzrə hərəkətdə olan “BMC” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusdan enmək istəyərkən sürücü ilə mübahisə etmiş və əlindəki taxta materialdan olan əsa ilə avtobusun qapısının şüşəsini qəsdən sındırmışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci (özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələmə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün olmadığından onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş inzibati iş üzrə materiallar öyrənilərək müəyyən edilmişdir ki, 2 saylı marşurut xətt üzrə hərəkətdə olan “BMC” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusa dəyən ziyanın dəyəri qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyənləşdirilməmiş, yəni onun dəyərinin müəyyən edilməsi ilə bağlı qüsue aktı, mütəxəssis və ya ekspert rəyi alınaraq iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə az miqdarda ziyan vurduqda inzibati xəta hesab olunur və vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə növündə tənbeh tədbiri nəzərdə tutulur. Həmin maddənin qeyd hissəsinə görə isə, “az miqdar” ziyan dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 aprel 2021-ci il tarixli qərarın məzmunundan da göründüyü kimi, Yasamal RPİ-nin 27-ci PB-də təhqiqatçı X1 tərəfindən aparılan ilkin təhqiqat araşdırması zamanı da qeyd olunan xüsusat araşdırılmamış və yalnız zərərçəkmiş şəxsin sözlərinə istinad edilərək vurulmuş zərərin məbləği müəyyən edilməklə əsasız olaraq cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bununla da Şəxs əməlinə Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olub-olmamasına dair hüquqi qiymət verilməmişdir. Odur ki, yuxarıda sadalanan nöqsanlarla əlaqədar olaraq məhkəmə tərəfindən Şəxs inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya onun barəsində cinayət tərkibinin əlamətləri olduğundan başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iş materialında mövcud natamamlıqları məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə geri qaytarılmalı, eyni zamanda təhqiqatçı X1 tərəfindən qəbul edilmiş 26 aprel 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın qanuniliyinə hüquqi qiymət verilməsindən ötrü məhkəmənin qərarı məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə tərtib olunmuş 30 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə geri qaytarılsın. Qəbul edilmiş qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilsin. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar