Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1108/2021 21.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin 13 mart 2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN BDYPİ-nin 13 mart 2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, onun tərəfindən 13.03.2021-cı il tarixində saat 09:00-11:00 radələrində “Chevrolet Spark” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqı əsasında əldə edilib. Qeyd olunan nəqliyyat vasitəsi adına keçirilən zaman AR DİN BDYP Qeydiyyat-İmtahan idarəsi tərəfindən ona bildirilmişdir ki, avtonəqliyyat vasitəsi barəsində yol hərəkəti qaydaların pozulması, habelə qanunvericiliklə nəzərdə tutulmuş hər hansı cərimə və ya digər borc mövcud deyil. Lakin 13.03.2021 tarixində saat 11:32-də ona “AsanPay” sistem tərəfindən EQ5862464 nömrəli protokolun qeydə alınması barəsində SMS bildirişi göndərilmişdir. “AsanPay” sistemində şəxsi kabinetinə daxil olarkən məlum olmuşdur ki, qeyd olunan protokol **-KJ-*** dövlət qeydiyyat nömrəli avtomobilə 13.03.2021-ci il saat 08:55:15-də MMX radar vasitəsi ilə qeydə alınıb. Lakin həmin vaxt avtomobil onun istifadəsində olmamışdır. Belə ki, qeyd edilən hüquq pozuntusu avtomobilin əvvəlki sahibi tərəfindən törədilmişdir. Çünki avtomobil 13.03.2021-ci il saat 09:00-11:00 radələrində onun adına rəsmiləşdirilmiş, lakin pozuntu ondan əvvəl baş vermişdir. Protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cu maddəsi əsasında tərtib edilmişdir. Bu barədə məlumat əldə edərkən dərhal yuxarıda qeyd olunan nəqliyyat vasitəsi üçün icbari sığorta əldə etmişdir. Yaranmış vəziyyət ilə əlaqədar “AsanPay” sistemində şikayət məktubunu yazmış və məktubda qeyd etmişdir ki, qeydə alınmış protokolu adından çıxarılsın və nəqliyyatın keçmiş sahibinin adına keçirilsin. Məktubuna cavab olaraq 21.04.2021-ci il tarixində AR DİN Yasamal Rayonu Polis İdarəsi tərəfindən cavab olaraq bildirilmişdir ki, qərar düzgün qəbul olunub. O, vətəndaş olaraq protokolun düzgün tərtib edilməməsi üzrə hər hansı şikayəti yoxdur, lakin protokolun düzgün subyekt, yəni ona deyil, keçmiş sahibi barəsində tərtib olunmalı olduğu halda, cərimə onun adına gəlmişdir. Halbuki qeyd edilən tarixdə avto nəqliyyat vasitəsi onun istifadəsində olmamışdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 21 aprel 2021-ci il tarixli məktubu 21 aprel 2021-ci il tarixdə tərəfindən qəbul edilmiş, hesab edir ki, həmin cavab məktubunda tərəfindən edilmiş müraciət üzrə lazımi qaydada araşdırılma aparılmamış, məsələ həll edilməmişdir. Halbuki kamera görüntüləri, digər sübutlarla hüququ pozan şəxsin onun olmadığı açıq-aşkar görünür. Göstərilənlərə əsasən Azərbaycan Respublikası DİN BDYPİ-nin 13 mart 2021-ci il tarixli, EQ ******* saylı qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi V.V.Rəsulov şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN BDYPİ-nə lazımı qaydada məlumat verilsə də, Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 13 mart 2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, V.V.Rəsulov 13 mart 2021-ci il tarixdə, saat 08:55 radələrində “Chevrolet Spark” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində hərəkətdə olan zaman mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamamışdır. Baş vermiş inzibati xəta pozuntusu Azərbaycan Respublikası DİN BDYPİ-nin X1 vasitəsi ilə aşkar edilmiş və ona görə V.V.Rəsulov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının X1ndə yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının X1ndə yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi V.V.Rəsulovun 13 mart 2021-ci il tarixdə, saat 08:55 radələrində “Chevrolet Spark” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin tələbini pozaraq mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaması iş materiallarında olan biri digərini tamamalayan sübutlar ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, V.V.Rəsulovun şikayət ərizəsində qeyd etdiyi xüsusatlar isə özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Ona görə də onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 50 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin 13 mart 2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan V.V.Rəsulovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin 13 mart 2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-1108/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1108/2021
21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver