Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-111/2025 09.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əlisoy Züleyxa Səlim qızının katibliyi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X1, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, özünə məxsus olan ** CM *** d.q.n. Mazda 2 markalı avtomobil ilə H. Zərdabi küçəsindən gələrək, 20 yanvar dairəsinə daxil olmuşdur. Daha sonra, soldan ikinci zolaqdan sola, Moskva prospekti istiqamətində dönmə əməliyyatını yerinə yetirmişdir, elə orada da yerində xidmət edən Yol Polisi əməkdaşı tərəfindən saxlanılmışdır. Həmin əməkdaşın iddiasına görə, o YHQ-nın aşağıda qeyd olunan maddəsinin tələblərini pozmuşdur: Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. O, həmin əməkdaşa izah etməyə çalışmışdır ki, həmin vəziyyətdə ən kənar sol zolaqda digər avtomobillərin olduğundan, eyni zamanda, yerdə zolaqlar üzrə hərəkət istiqamətini göstərən nişanların olmaması səbəbi ilə, eyni maddənin Vİİİ bəndini rəhbər tutaraq soldan ikinci zolaqdan dönməyə qərar vermişdir, lakin inspektor bununla razılaşmayaraq, qayda pozuntusu haqqında protokol tərtib etmişdir. Belə ki, nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. Həmin vəziyyətdə onun dönməzdən öncə ən kənar sol zolağa yerləşmək cəhdi eyni istiqamətdə gedən digər avtomobillər üçün maneə yaradacaqdı. Buna görə o, daha təhlükəsiz və hərəkətin fasiləsizliyinə zərər yetirməyən yolu seçərək, ən kənar yox, ikinci zolaqdan dönməyə qərar vermişdir. İnspektor özü də şahidi olmuşdur ki, o dönməzdən öncə sürəti azaldıb sola baxaraq, solunda gedən avtomobillərin sola dönəcəyinə əmin olduqdan sonra dönmə əməliyyatını yerinə yetirmişdir. Ümumilikdə, istənilən qanun pozuntusun əsas əlamətlərindən biri qəsdin olmasıdır. Onun burada hər hansı qəsdi olmayıb. Ondan əvvəl və sonra da həmin ərazidən avtomobillər eyni ilə onun etdiyi kimi, təhlükəsiz şəkildə ikinci zolaqdan sola dönüb. O, da eyni hərəkəti etmişdir. İkinci zolaqdan istifadə edərək o, hər hansı üstünlük də qazanmamışdır. Həmin zaman ərazidə heç bir tıxac olmayıb, və, xüsusi ilə, 20 yanvar dairəsinin yol təşkili cəhətindən mürəkkəb ərazi olduğu üçün, etdiyi manevrin təbii və ağlasığan, ümumi təhlükəsizlik prinsiplərinə və X6 zidd olmayaraq həyata keçirdiyinə əmindir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, barəsində çıxarılmış İXP6752926 nömrəli protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi C.Tahirli şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİnin etibarnamə üzrə nümayəndəsi X3 şikayətə etiraz edərək, şikayət əsassız olduğuna görə təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, inzibati xəta hadisəsinin qeydə alındığı videogörüntüləri özündə əks etdirən diski məhkəməyə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saat 15:58-də Bakı şəhəri, Məmmədcəfər Cəfərov 1a, GPS 40.4043225,49.8079431 ünvanında “Mazda 2” minik markalı **-CM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir. Bu səbəbdən də, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş (inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş) hadisənin video görüntülərini özündə əks etdirən diskə məhkəmə iclasında baxış keçirən inzibati tənbeh vermə haqqında qərardan qeyd olunanlar bir daha təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət yaradır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİ-cü hissəsinin 1.18-ci bəndinə əsasən yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir. Həmin Qanunun 83-cü maddəsinə əsasən yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə əsasən İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar elektron qərarda göstərilir (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda onu da nəzərə alır ki, şikayət vermiş şəxs barəsində qəbul edilmiş qərarın qanunsuz olması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-111/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-111/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver