Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1117/2024 19.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş protokola və ona əlavə edilmiş materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş 19 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində Bakı şəhəri Yasamal rayonu Əbdülvahab Salamzadə 128 ünvanında Şəxs MMC-nin mülkiyyətində olan və sürücü X1 idarə etdiyi “Mercedes” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin reysqabağı texniki müayinədən, sürücünün isə tibbi müayinədən keçilməməsi aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 protokolu müdafiə edərək Şəxs MMC barəsində qanunvericiliyə uyğun tədbir görülməsini xahiş etdi. O, əlavə olaraq izahatında bildirmişdir ki, “Avtomobil nəqliyyatı haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslər daşıma fəaliyyəti göstərərkən nəqliyyat vasitələrini hər reys qabağı texniki müayinədən keçirməlidirlər. Qeyd olunan Qanunun həmçinin Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydaları”na görə sürücülər eyni zamanda reys qabağı tibbi müayinədən keçirilməlidir. Qaydaların 3-cü bəndinə görə müvafiq tibb müəssisələri tərəfindən sürücülərin reysqabağı tibbi müayinəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılır. Reysqabağı tibbi müayinə hüquqi və fiziki şəxslər tərəfindən əmək və və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir. Suala cavab olaraq bildirir ki, sürücüyə hüquqi şəxsin özü nəzarət etməlidir. Onlar məntəqəni müəyyən edir, hüquqi şəxs isə özü gedərək məntəqələrdə müayinədən keçməyi həyata keçirməlidir. Müayinə ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilən arayış olmalıdır. Həmin arayış olmadan sürücü daşıma fəaliyyəti həyata keçirə bilməz. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, Cəmiyyət ölkənin ərzaq təhlükəsizliyi proqramının üzvü olmaqla yanaşı 60-a yaxın qida məhsulu istehsal edən xarici şirkətlərin rəsmi distribyuteridirlər. Hazırda Cəmiyyətə məxsus iki ərzaq anbarı fəaliyyət göstərir. Cəmiyyət əsasən ölkəyə idxal edilən qida məhsullarının daşınaraq paylanması fəaliyyəti ilə məşğuldurlar. Cəmiyyət barəsində tərtib edilmiş protokola münasibətdə qeyd edir ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq texniki və tibbi yoxlamalar ilə əlaqədar müqavilələr bağlanmışdır. Həmçinin Agentliyin müəyyən etdiyi tibb müəssisələri ilə müqavilələr bağlanılmışdır. Bağlanmış müqaviləyə uyğun olaraq Cəmiyyətə məxsus olan anbarlarda tibb məntəqəsi fəaliyyət göstərir. Lakin etiraf edir ki, inzibati xəta faktının aşkar edildiyi tarixdə bağlanmış müqavilələrin müddəti başa çatdığı üçün yük daşıma fəaliyyətini həyata keçirən sürücü reysqabağı tibbi müayinədən keçirilməmiş və onun barəsində Qaydalara müvafiq olaraq tibbi arayış alınması təmin edilməmişdir. Hesab edir ki, müqavilənin vaxtında bağlanmasına nəzarət edən Cəmiyyətin əməkdaşı tərəfindən xəta törədildiyi üçün protokolun hüquqi şəxsə nəzərən deyil vəzifəli şəxsə münasibətdə tərtib olunmasını və hüquqi şəxs barəsində icraata xitam verilməsini məhkəmədən xahiş edir. Suala cavab olaraq bildirir ki, reysqabağı sürücüləri müayinə etmək üçün səlahiyyətli şəxs təyin edilmiş və bu vəzifə anbar müdirlərinə həvalə edilmiş, nəzarəti isə logistika departamentinə tapşırılmışdır. Logistika departamenti isə birbaşa şirkətin baş direktoruna tabedir. Həmin vaxt texniki və tibbi müayinənin olmamasını etiraf edir, buna səbəb isə logistika departamentinin rəhbərliyinin səhlənkarlığıdır. X3 Agentliyi ilə bağlanmış müqavilənin müddəti bitmişdir. Bu məsələlərdə logistika departamentinin rəhbərliyinin məsuliyyətsizliyi olub. Logistika departamentinin rəhbərliyinə isə şirkətin direktoru nəzarət etməli idi. Hesab edir ki, protokol hüquq şəxsə nəzərən tərtib edilməməli, vəzifəli şəxsə tərtib olunmalıdır. Odur ki, göstərilənlərə əsasən hüquqi şəxs barəsində icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, “X5 Kompani ” MMC-nin Azərbaycan Respublikası İXM-in 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirildiyindən həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin Yükdaşımalar şöbəsinin inspektoru Akif Şahbazov tərəfindən tərtib edilmiş “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar edilməsi haqqında” 19 fevral 2024-cü il tarixli aktdan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində Yasamal rayonu Əbdülvahab Salamzadə 128 ünvanında aparılan yoxlama zamanı Şəxs MMC-nin mülkiyyətindəki “Mercedes” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X1 reysqabağı texniki və tibbi müayinə keçmədiyi aşkar edilmişdir. Bununla da, AR NK-nin 24 aprel 2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət icarə və istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətini reysqabağı yoxlanılması və sürücülərin resyqabağı tibbi müayinəsinin keçirilməsi qaydası”nın 2.2 və 2.3-cü bəndlərinin tələblərinin pozulması aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş diskdə olan fotoşəkillər və videogörüntüdən müəyyən edilir ki, “Mercedes” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin Yükdaşımalar şöbəsinin inspektorunun tələbinə əsasən avtomobil texniki vəziyyətinin yoxlanılması və onun tibbi müayinədən keçməsinə dair arayış təqdim edilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası “Avtomobil nəqliyyatı haqqında” Qanunun 26.2-ci maddəsinə əsasən Sərnişin və yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslər daşımaların təhlükəsiz yerinə yetirilməsinə, ətraf mühitin mühafizəsinə dair Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının tələblərinə riayət etməlidirlər. Həmin qanunun 26.3-cü maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. Həmin Qanunun 60-ci maddəsinə əsasən həmin qanunun və avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə riayət etməyən avtomobil daşıyıcıları, yükgöndərənlər, yükalanlar, daşımaların təşkilatçıları, sərnişinlər və digər şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Həmin qaydaların 2.3-cü bəndinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir; 2.4-cü bəndinə əsasən Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir; 2.8-ci bəndinə əsasən Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinə əsasən daşıyıcıya və ya avtonəqliyyat vasitələrinin sürücülərinə müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir; 2.10-cu bəndinə əsasən texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə arayış olmadan avtonəqliyyat vasitələri daşımalara buraxılmır. Həmin qaydaların 3.2-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər; 3.3-cü bəndinə əsasən sürücülərin reysqabağı tibbi müayinəsi müvafiq tibb müəssisələri tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilir; 3.4-cü bəndinə əsasən müvafiq tibb müəssisələri tərəfindən sürücülərin reysqabağı tibbi müayinəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılır; 3.5-ci bəndinə əsasən Reysqabağı tibbi müayinə hüquqi və fiziki şəxslər tərəfindən əmək və və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir; 3.9-cu bəndinə əsasən reysqabağı tibbi müayinənin nəticələrinə görə forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən sürücünün reysqabağı tibbi müayinə kitabçasında müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş qeydlər aparılır; 3.10-cu bəndinə əsasən sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar. Azərbaycan Respublikası İXM-in 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Şəxs MMC-nin mülkiyyətində olan “Mercedes” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə yük daşıma fəaliyyətini həyata keçirən sürücü X4 reysqabağı tibbi müayinədən keçirilmədən, eyni zamanda nəqliyyat vasitəsi texniki baxışdan keçirilmədən reysə buraxılmışdır. Bununla da, Şəxs MMC tərəfindən yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin avtonəqliyyat vasitələrinin sürücüsünün reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi ilə bağlı qanunvericiliyin tələbi pozulmuşdur. Nəticə etibarı ilə Cəmiyyət tərəfindən AR İXM-in 326-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmədə tədqiq edilmiş iş materialları və tərəflərin məhkəmədə verdikləri izahatları ilə tam sübuta yetirilir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs MMC İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və müvafiq maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, AR İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digərictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 18.3-cü maddəsinə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Məhkəmədə inzibati xəta törətmiş şəxs “X5 Kompani ” MMC -nin əməlində İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC İXM-nin 326-cı maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 55, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1117/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1117/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver