Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1135/2025 26.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Yasamal rayon Polis İdarəsinin 29cu polis şöbəsinin polis sahə inspektoru X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X10 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Elnarə Mirfətəliyeva, Nuranə Mirfətəliyevanı, Məfkurə Abdullayevanı ictimai qaydanı pozaraq uca səslə təhqir etmiş, bundan əlavə həmin gün saat 21 radələrində 29-cu PŞ-də polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq xuliqanlıq etmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X10 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs barəsində qonşuları, keçmiş iş yoldaşları və polis əməkdaşları şikayət ərizələri ilə müraciət edərək onları ictimai yerlərdə təhqir edilməsini bildirmişlər. Bu səbəbdən Şəxs 29-cu polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində olarkən səs-küy salmış, nalayiq ifadələr işlətmiş və bölmənin normal iş fəaliyyətini pozmuşdur. Dəfələrlə nizam-intizama dəvət edilsədə daha da aqressivləşərək öz qanuna zidd hərəkətlərinə davam etmişdir. Polis şöbəsində olarkən mobil telefonunu növbətçi hissəyə təhvil verməli olduğu bildirilmiş bundan imtina etmiş, polis şöbəsini tərk edərək çıxıb getmək istəmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək izahatında göstərdi ki, hər hansı bir şəxsi təhqir etməmiş, səs-küy salmamış və polis əməkdaşlarının tələblərinə tabe olmuşdur. Barəsində deyilənlər yalan olmaqla cəfəngiyyatdan başqa bir şey deyildir. Göstərilənləri nəzərə alaraq inzbati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən hər hansı bir qayda pozuntusuna yol verilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru vəzifəsində xidmət edir. Şəxs xidmət etdiyi ərazinin sakini kimi tanıyır. Şəxs Polis Şöbəsinə daxil olan müraciətləri ilə bağlı ona bir dəfə köməklik etdikdən sonra aralarında tanışlıq yaranmışdır. Bundan sonra Şəxs onun mobil nömrəsinə mütəmadi olaraq zəng edərək onu narahat etməyə başlamışdır. Şəxs həm özünün, həm də anasına məxsus mobil nömrələrdən onun telefonuna zəng vurmuş, həmçinin özünə məxsus qeyri-etik fotoşəkillərini ona göndərmişdir. O isə dəfələrlə Şəxs ailəli olduğunu bildirərək belə hərəkətlərə yol verməməsini tələb etmişdir. 25 fevral 2025-ci il tarixində saat 14 radələrində Elnarə Mirfətəliyeva və Nuranə Mirfətəliyevanı ictimai qaydanı pozaraq uca səslə təhqir etmiş, bununla əlaqədar o, 70 nömrəli Poçt Şöbəsinin rəisi Məfkurə Abdullayeva tərəfindən poçta dəvət olunmuş və mübahisə edən şəxsləri asayişə dəvət etmişdir. Həmin gün saat 21 radələrində o, Polis Şöbəsinin yaxınlığında yerləşən kafedə əyləşən zaman Şəxs onunla işinin olmasını bildirərək onu çağırmışdır. O, Şəxs etdiyi hərəkətlərlə əlaqədar onu Şöbəyə dəvət etmiş, lakin Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq xuliqanlıq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, o, 70 nömrəli poçt şöbəsinin rəisidir. O, həmin vəzifəyə təyin olunandan poçtun işçisi Şəxs onunla işləmək istəmədiyini bildirmiş, işə vaxtlı-vaxtında gəlməyərək əmək şəraiti qaydalarına əməl etməmişdir. Bu səbəbdən onun əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra Şəxs davamlı olaraq onu təhdid və təhqir etməyə başlamış, sosial şəbəkədə onun şəklini və mobil nömrəsini qeyd edərək onun adınan tanışlıq takliflərini paylaşmışdır. Dəqiq xatırlamadığı tarixdə Şəxs onun işlədiyi yerə gələrək işçilərin arasında onu təhqir etmişdir. Son vaxtlar isə Şəxs ona zəng edərək iş yerinə gəlib onu biabr edəcəyi ilə hədələyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Şəxs onun qonşusudur. 24 fevral 2025-ci il tarixində saat 14:00 radələrində Şəxs onun yaşadığı evin qarşısından keçərək onu və xəstə anasını söyməyə başlamışdır. Bundan sonra Şəxs davamlı olaraq onu təhdid və təhqir etməyə başlamış, sosial şəbəkədə onun şəklini və mobil nömrəsini qeyd edərək onun adınan tanışlıq takliflərini paylaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə ünvanında yerləşən gözəllik salonunda dırnaq ustası işləyir. Şəxs onun müştərisi olmuş və aralarında normal münasibətlər olmuşdur. Təxminən 02 ay bundan əvvəl Şəxs onun sosial şəbəkəsinə mesaj yazaraq dırnağını pis düzəltdiyi üçün onun iş yerinə gəlib biabr edəcəyi ilə bağlı hədələmişdir. Dəqiq xatırlamadığı tarixdə gündüz saatlarında o, gözəllik salonundan çıxan zaman yaxınlıqda yerləşən mağazanın yanında dayanan Şəxs onu ağır söyüşlərlə təhqir etməyə başlamışdır. Bundan sonra Şəxs sosial şəbəkədə onun şəklini və mobil nömrəsini qeyd edərək onun adınan tanışlıq takliflərini paylaşmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin 29-cu polis şöbəsinin sahə inspektorları Mehman Ağamoğlanov və Ramin İbadov tərəfindən Yasamal RPİ-nin 29-cu polis şöbəsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:00-da vətəndaşların ərizələri əsasında PŞ-nə gətirilmiş xx.xx.1976-cı il təvəllüdlü Şəxs PŞ-nə daxil olarkən polis əməkdaşları ilə kobud rəftar etmiş və onların ünvanına xoşagəlməz ifaədələr işlədərək növbətçi hissənin iş rejimini pozmuş, tərəfimizdən Şəxs dəfələrlə qanuna riayət edilməsi izah edilsədə o, öz qanunsuz əməllərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmamışdır. Yasamal RPİ-nin 29-cu polis şöbəsinin sahə inspektorları Mehman Ağamoğlanov və Ramin İbadov, əməliyyat müvəkkili Dilqəm Mahmudov, növbətçi köməkçisi Kənan Kazımzadə və məsul növbətçi Namiq İmanov tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.2025 ci il tarixdə saat 22:00-da vətəndaşların ərizələri əsasında PŞ-nə gətirilmiş xx.xx.1976-cı il təvəllüdlü Şəxs PŞ-nə daxil olarkən polis əməkdaşları ilə kobud rəftar etmiş və onların ünvanına xoşagəlməz ifaədələr işlədərək növbətçi hissənin iş rejimini pozmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan videogörüntülərdən görünür ki, Şəxs səs-küy salaraq polis şöbəsini tərk etməyə çalışmış və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:50-də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs ictimai yerdə xırda xuliqanlıq hərəkətləri etməsi və xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını özü etiraf etməsə də, şahid izahatları, eləcədə məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 25 fevral 2025-ci il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında səs-küy salıb xırda xuliqanlıq etmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 25 fevral 2025-ci il saat 22:00-dan hesablanmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 06 (altı) saata görə 36 (otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 25 fevral 2025-ci il saat 22:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 06 (altı) saata görə 36 (otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1135/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1135/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver