Məhkəmə qərarları › İş №3(004)-1136/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1136/2021

02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1136/2021 02.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi ilə, qərarından şikayət verilmiş - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin (RPİ) X14 Şöbəsinin (DYPŞ) etibarnamə üzrə nümayəndəsi X9 və şikayətçi - X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 332.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul olunmuş 24 aprel 2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 24 aprel 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, 12 aprel 2021-ci tarixdə o, idarə etdiyi avtomobillə YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılarkən ona hazıradək barəsində yol hərəkəti qaydalarının pozulmasına görə təyin edilmiş cərimələri ödəmədiyi üçün məhkəmə qərarına əsasən sürücülük hüququnun məhdudlaşdırıldığı və bu səbəblə avtomobilinin cərimə meydançasına aparılacağı bildirilmişdir. Bundan sonra, YPX əməkdaşlarının tələbi əsasında avtomobilini onlara təhvil vermiş və 13 aprel 2021ci il tarixdə idarəyə getmişdir. Orada barəsində Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə 13 aprel 2021-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmişdir. O, protokolu əsassız və qanunsuz hesab etdiyi üçün protokoldan rəsmi qaydada səlahiyyətli orqanlara şikayət versə də, ləğv edilməmiş, qüvvədə qalmış və nəticədə 24 aprel 2021-ci il tarixdə TP seriyalı ******* nömrəli qərar qəbul edilmişdir. Hazırda hesab edir ki, qərar ləğv edilməli, barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazıradək onun ünvanına cərimə edilməyi, cəriməni ödəmək barədə tələbnamələr, məhkəmənin bildirişi və qərarı gəlməmiş, xəbəri olmadan barəsində inzibati icraat aparılaraq sürücülük hüququ məhdudlaşdırılmışdır. X2 ərizəsində həmçinin qeyd etmişdir ki, o, sürücülük hüququnun məhdudlaşdırılmasından xəbərsiz olduğu halda Yasamal RPİ-nin DYPŞ-i müvafiq araşdırma aparmadan onun barəsində cərimə tənbeh tədbiri təyin etmişdir. Bundan başqa o, hazıradək müvafiq DYPİ-nə məxsus postlardan yoxlanışdan keçərkən barəsində ödənilməmiş cəriməsinin olması, eyni zamanda məhkəmə qərarı ilə sürücülük hüququnun məhdudlaşdırılması barədə ona məlumat verilməmişdir. Ərizədə göstərilənlərə əsasən, X2 Azərbaycan Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 24 aprel 2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 izahatında göstərmişdir ki, 12 aprel 2021-ci il tarixdə Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və ona məhkəmə qərarına əsasən nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırıldığı bildirilmişdir. Baxmayaraq ki, onun bu barədə məlumatı olmamışdır. Bundan sonra məsələyə aydınlıq gətirmək üçün o, 13 aprel 2021-ci il tarixdə idarəyə getmiş və orada işinə baxılarkən göstərdiyi dəlillər nəzərə alınmadan barəsində 13 aprel 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Daha sonra, o, səlahiyyətli orqana protokoldan şikayət etməsinə baxmayaraq həmin protokol əsasında Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 24 aprel 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərar qəbul edilmiş və ona 200 manat cərimə təyin edilmişdir. P.R.Tarıverdiyev həmçinin qeyd etmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 yanvar 2021-ci il tarixli, 3(004)-61/2021 nömrəli qərardan ümumiyyətlə məlumatı olmamış, qərar ona rəsmi təqdim edilməmiş, o cümlədən, məhkəmədə işinə baxılması haqqında hər hansı məhkəmə bildirişi və ya məlumat ona verilməmişdir. Barəsində sonuncu protokol tərtib edildikdə işlə maraqlanıb məhkəmənin sözügedən qərarını əldə etmiş və həmin qərarın qəbul edilməsinə əsas olmuş, yəni, 12 iyun 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarla təyin edilmiş cərimə və ona hesablanmış dəbbə pulu məbləğlərini tam şəkildə ödəmişdir. Hazırda Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 3(004)-61/2021 nömrəli qərarının icrasına xitam verilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən, X2 Azərbaycan Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 24 aprel 2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsi X11 izahatında bildirmişdir ki, müvafiq məhkəmə qərarına əsasən X3 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış və 13 aprel 2021-ci il tarixdə Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşı tərəfindən xəta aşkar edilən vaxt həmin qərar qüvvədə olmuşdur. Odur ki, X11 göstərilən hal nəzərə alınaraq şikayətin təmin edilməməsi və Bakı şəhəri Yasamal RPİnin DYPŞ tərəfindən qəbul edilmiş 24 aprel 2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalı və Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 24 aprel 2021-ci il tarixli ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər BPİ DYPİ-i tərəfindən tərtib edilmiş 30 noyabr 2020 tarixli, İXP seriyalı, ******* nömrəli protokoldan görünür ki, X7 İXP seriyalı ******* nömrəli protokol üzrə qəbul edilmiş TP seriyalı ******* nömrəli qərarla təyin edilmiş cəriməni 3 ay müddətinə icra etməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 3(004)-61/2021 nömrəli qərarından müəyyən edilir ki, X7 TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı 3 ay müddətinə icra etmədiyinə görə o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Qeyd olunan məhkəmə qərarının məzmunundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 məhkəmə iclasında iştirak etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 3(004)-61/2021 nömrəli inzibati iş materialı nəzərdən keçirildikdə isə müəyyən edildi ki, həmin iş üzrə məhkəmənin bildirişi, eyni zamanda qəbul edilmiş 28 yanvar 2021-ci il tarixli qərar poçt müəssisəsi tərəfindən “ünvan düzgün deyil” qeydi aparılmış xəbərnamə ilə ünvan sahibi X4 çatdırılmadan geri qaytarılmışdır. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş 02 iyun 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən isə görünür ki, sürücülük hüququnun məhdudlaşdırılmasına əsas olmuş İXP seriyalı ******* nömrəli protokol üzrə cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri, cəmi 64 manat tam şəkildə ödənilmişdir. Barəsində şikayət verilmiş 24 aprel 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərardan müəyyən edilir ki, X7 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə təyin edilmişdir. Beləliklə, məhkəmə tərəfindən aparılan araşdırma ilə müəyyən edildi ki, X7 barəsində Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 yanvar 2021-ci il tarixli qərar ona təqdim edilmədiyindən onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə məlumatı olmamışdır. Hazırda isə həmin qərarın qəbul edilməsinə əsas olmuş TP seriyalı ******* nömrəli qərarla təyin edilmiş cəriməni, o cümlədən, 3 ay ərzində gecikməyə görə hesablanmış dəbbə pulu məbləğlərini tam şəkildə ödəmiş və borcu yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti 2 elementdən ibarətdir: 1)Həmin Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətaya görə, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməyə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bil il ərzində təkrar törətmə. 2)Nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmə. Bundan başqa, hazırki xəta subyektiv cəhətdən qəsdlə törədilə bilər. Yəni, inzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazidd xarakterini dərk etməli, onun nəticələrini qabaqcadan görüb, bunu arzu etməli, yaxud, həmin nəticənin baş verməsinə şüurlu surətdə yol verməlidir. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edilmişdir ki, X7 onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasından məlumatı olmamış, yalnız məhkəmənin 28 yanvar 2021-ci il tarixli 3(004)-61/2021 qərarını əldə etdikdən sonra onun qəbul edilməsinə əsas olmuş inzibati xətanın hüquqi nəticələrini aradan qaldırıb cərimə məbləğlərini ödəmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X3 əməlində İXM-nin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. Yasamal RPİ-nin DYPŞ-i isə yuxarıda qeyd olunan halları araşdırmadan 24 aprel 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərar qəbul etmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X2nun şikayəti təmin olunmalı, Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 24 aprel 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərar ləğv edilməli və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya X1 barəsində yerləşdirilmiş inzibati cərimə məbləği silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 133- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin X14 Şöbəsi tərəfindən qəbul edilmiş 24 aprel 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X7 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. 24 aprel 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin X5 yerləşdirilmiş inzibati cərimə məbləği silinsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar